Polşa ABŞ-ın anti-Rusiya siyasətinin əsas alətinə çevrilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu nazirliyin kollegiya iclasında deyib.
Onun sözlərinə görə, Varşava ABŞ, Britaniya və Cənubi Koreyadan irimiqyaslı silah almağa başlayıb:
“Varşava ABŞ, Böyük Britaniya və Koreyadan tanklar, artilleriya, hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri də daxil olmaqla irimiqyaslı silahlar almağa başlayıb. Bütün bunlar Rusiya üçün risklər yaradır”.
Müdafiə naziri bildirib ki, sabitliyi pozan digər amil Finlandiyanın, gələcəkdə isə İsveçin NATO-ya daxil olmasıdır.
O, Rusiya və Belarus sərhədləri yaxınlığında Alyans hərbçilərinin artdığını qeyd edib:
“Şərqi Avropa ölkələrinin silahlı qüvvələri nəzərə alınmaqla, İttifaq dövlətinin sərhədlərinin bilavasitə yaxınlığında 360 minə yaxın hərbi qulluqçu, 8 min zirehli texnika, 6 min artilleriya sistemi və minaatan, 650 təyyarə və helikopter yerləşdirilib. Şimali Atlantika Alyansının birləşmələrinin sayı ötən ilin fevralından 2,5 dəfə artaraq 30 min nəfəri ötüb”.
Rusiyanın müdafiə naziri qeyd edib ki, bu amillər Rusiyanın hərbi təhlükəsizliyini təhdid edir, vaxtında və adekvat reaksiya tələb edir:
“Onların zərərsizləşdirilməsi üçün lazımi tədbirləri iclasda müzakirə edib müvafiq qərarlar qəbul edəcəyik”.
İqbal Rzayev,
KONKRET.az
