“Taliban” dünyanın “əmrlərinə” tabe olmaqdan imtina etdiyi üçün tanınmır”.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Taliban”ın daxili işlər naziri vəzifəsini icra edən Siracuddin Haqqani deyib.
Haqqani bu barədə Paktiyə səfəri zamanı bildirib. O, din alimləri və ağsaqqallarla görüşüb.
“Müstəqilliyimiz yadların əlində idi. Bu gün onların əmrlərini və tələblərini qəbul etmədiyimizə görə bizi tanımırlar. Son nəfəsə qədər onlardan bir söz də qəbul etmədik. Bizi təkcə hərbçilər işğal etmədilər. Bu, ideoloji, iqtisadi və mədəni işğal idi”, – deyə o bildirib.
Qeyd edək ki, “Taliban” qadınların Əfqanıstan universitetlərində təhsil almasına qadağa qoyub. Bu, beynəlxalq qınaqlara və ölkə gəncləri arasında ümidsizliyə səbəb olub.
Siyasi analitiklər bildirir ki, “Taliban” tanınmağa nail olmaq üçün beynəlxalq ictimaiyyətin qanuni istəklərini yerinə yetirməlidir.
Beynəlxalq ictimaiyyət isə dəfələrlə “Taliban”ı dialoqun başlanmasına, insan hüquqlarının və xüsusilə qadınların hüquqlarının qorunmasına, narkotiklərin becərilməsi və istehsalının qarşısının alınmasına çağırıb.
İqbal Rzayev,
KONKRET.az
