Bu il tələbə adını qazananların paytaxta axını müşahidə olunur. Onların kirayə ev axtarışı bu sektorda canlama yaratmaqla yanaşı kirayə qiymətlərinin bahalaşmasına da səbəb olub.
Universitet yataqxanalarında yer tapa bilmədiklərindən kirayə mənzillərə üz tutan tələbələrin özləri də qiymət artımından narazılıq edirlər. Bu isə ənənəvi sualı yenidən aktuallaşdırır?
Universitet yataqxanaları tələbə axınını niyə qarşılaya bilmir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran Milli Məclisin VI çağırış deputatı, elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib ki, tələbələrin istər sosiallaşma, istərsə də madiyyat baxımından yataqxana ilə təmin olunması çox vacib məsələdir:
“Tələbə yataqxanalarının olmamasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb ondan ibarətdir ki, vaxtilə erməni barbarları torpaqlarımızı işğal edəndə doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan 1 milyondan çox vətəndaşımızın böyük əksəriyyəti universitetlərin yataqxanalarında məskunlaşıb. Artıq torpaqlarımız işğaldan azad olunub, amma bu da problemi həll etmir. Çünki həmin yataqxanaların əsaslı təmirə, bəzilərinin isə sökülərək yenidən tikilməsinə ehtiyac var. Bu da böyük maliyyə tələb edir. Məsələni dəfələrlə Milli Məclisdə də qaldırmışıq ki, tələbələr yataqxanalarla təmin olunsun. Mən özüm 5 il Bakı Dövlət Universitetinin yataqxanasında qalmışam, yataqxana həyatının necə maraqlı, insan yaddaşında silinməz izlər buraxdığının şahidi olmuşam”.
O qeyd edib ki, hazırda universitetlərin müasir yataqxanalar tikməyə maddi imkanları yoxdur:
“Universitetlər tələbələrin və dövlətin ödədiyi vəsaitin hesabına yaşayır. Həmin vəsaitin 80%-dən çoxu müəllimlərin əməkhaqqına sərf olunur”.
Deputat müasir tipli, böyük yataqxana komplekslərinin yaradılması üçün büdcədən vəsaitin ayrılmasının vacibliyini vurğulayıb:
“Bu məqsədlə büdcədən vəsait ayrılmalı və böyük, müasir yataqxana kompleksləri yaradılmalıdırlar. Hazırda kirayədə yaşayan tələbələr ev sahiblərinə böyük məbləğdə vəsait ödəyirlər. Tələbələr tikiləcək yataqxanada kirayəyə ödədikləri məbləğdən 3 dəfə az ödəniş edərək həmin yataqxanalarda qalsa, dövlətin çəkdiyi xərc müəyyən müddətdən sonra geri qaytarıla bilər. Bu, bütün dünyada belədir”.
Aygün Mirakif,
KONKRET.az