Televiziyalarda nə baş verir? – İTV ilə bağlı FAKTLAR və ya AzTV niyə narahatdır?backend

Televiziyalarda nə baş verir? - İTV ilə bağlı FAKTLAR və ya AzTV niyə narahatdır?

Hakimiyyətdəki bədnam ideoloqların yola salınmasından sonra ötən il “Xəzər”, bu il isə “Space” TV-lərinin rəhbərliyində dəyişikliklərin həyata keçirilməsi “hər telekanal öz rəhbərinin simasıdır” deyiminin nə qədər doğru olduğunu göstərir.

2018–2019-cu illərdə rəhbər dəyişiklikləri dövlət büdcəsindən maliyyələşən İctimai Televiziya (İTV) və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) həyata keçirilmişdi. İndi əminliklə demək olar ki, intellektual verilişlərin ölkəmizdə inkişaf etdirilməsi istiqamətində misilsiz xidmətlər göstərən Balaş Qasımovun İctimai TV-yə baş direktor təyin edilməsi bu televiziyanın sürətlə dəyişməsinə və irəliləməsinə səbəb olub. İTV-nin loqosundan tutmuş studiyalarınadək hər şey dəyişib. Bütün işlər zövqlə həyata keçirildiyindən tamaşaçının gözləri yorulmur.

İctimai yayımın təqdim etdiyi proqram və verilişlər üslub rəngarəngliyi və janr müxtəlifliyi ilə diqqəti cəlb edir. Əlbəttə, bu kanalın verilişləri arasında da dünya teleməkanının, xüsusilə də Rusiya telekanallarının istehsal etdiyi proqram və verilişlərin “iz”lərini görürsən. Amma İTV onları, sözün yaxşı mənasında, özününküləşdirməyi bacarıb və təqdirəlayiq haldır ki, xəbərləmə, maarifləndirmə və əyləndirmə prinsiplərinə əməl etmək baxımından İTV bütün televiziyaları arxada qoyub. Mövcud imkanlar daxilində ölkədə baş verən aktual məsələləri, sosial problemləri cəsarətlə işıqlandırır, Mədəniyyət Nazirliyi və “Azərbaycanfilm”lə birlikdə görkəmli ədiblər Cəfər Cabbarlının “Solğun çiçəklər”, Mirzə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərləri əsasında eyniadlı seriallar çəkib. Bu serialların nə dərəcə uğurlu olması başqa mövzudur, hər halda İctimai Televiziyanın klassik ədəbiyyata müraciət etməsinin özü təqdirəlayiq haldır və tamaşaçılara ədəbi zövqün aşılanması cəhdidir.

İndi vəziyyət elə yerə çatıb ki, AzTV bu telekanalın arxasınca sürünür. İTV-də işıqlandırılan mövzular bir neçə gündən və ya həftədən sonra ölkənin birinci kanalında “görünür”. AzTV-yə dövlət büdcəsindən ayrılan vəsait İTV-yə ayrılandan qat-qat çoxdur. Lakin AzTV 2019-cu ilin fevralından yazıçı Anarın ssenarisi əsasında Cəfər Cabbarlının həyatına həsr olunmuş “Azad bir quş idim” adlı 10–15 seriyalı film çəkəcəyini vəd etsə də, ortada heç nə yoxdur. Üstəlik, bu müddət ərzində “Aztelefilm” yaradıcılıq birliyi ləğv edilib (red.: Rövşən Məmmədov bunu maliyyə məsələsi ilə izah edir), onun bazasında “Bədii və sənədli filmlər” studiyası yaradılıb, amma Cəfər Cabbarlı serialı vəd olaraq keçmişdə qalıb.

İTV-nin yaradıcılıq və aparıcı axtarışları da maraq doğurur. Ötən il 3 minə yaxın şəhidimiz olduğundan televiziyalar ilin son günündə ənənəvi konsert və “mavi işıq” şənlik proqramlarından imtina etməli oldu. Belə məqamda 3D proqramının yeni il buraxılışının, “Xarıbülbül” adlı konsert proqramının təqdim edilməsi Balaş Qasımov komandasının maraqlı tapıntısı idi. Kifayət qədər tanınmış Dadaş Dadaşlinskinin satirik üslubda ilin yadda qalan simalarını mükafatlandırması, cəbhədə fasilələr zamanı oxuduqları mahnılarla sosial şəbəkədə məşhurluq qazanan və hamının sevimlisinə çevrilən əsgərlərimizin həmin mahnıları populyar müğənnilərlə birgə ifa etmələri, şəhid Xudayar YusifzadəBabək Səmidlinin də sənətçilərlə virtual duetlərinin təşkil edilməsi barədə proqramlar izlənilməyə dəyərdi. Məktəblilərin “Əlaçı” intellektual yarışında aparıcı Leyla Quliyevanın İlahə Şıxlinskaya ilə əvəzlənməsi, Günay Malikqızının “Diqqət mərkəzi” ictimai-siyasi proqramına aparıcı kimi cəlb edilməsi, Vüsalə Məmmədovanın “Dikdaban” verilişindən “Sabaha saxlamayaq” tok-şousuna keçirilməsi, onun Azər Aydəmirlə tandemi uğurlu addımlardan sayıla bilər.

İTV-nin fonunda dekabrın 31-də AzTV-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı nümayiş etdirdiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sənədli filmi konyunktur təsiri bağışlayırdı.

Yeri gəlmişkən onu da deyək ki, 44 günlük Vətən müharibəsi dönəmində də məhz İTV-nin xəbər aparıcıları yadda qalmağı bacardılar. Hətta sentyabrın 27-də cəbhədən ilk Qələbə xəbərini çatdıran aparıcı Jalə Həsənlinin sevincdən efirdə ağlaması Türkiyə TV-lərinin gündəminə düşdü. İnternetin məhdudlaşdırıldığı həmin günlər ərzində cəbhədən gələn xəbərləri, çoxdan efirdə görünməyən ekspertlərin qatıldıqları tok-şouları İTV-dən izləmək daha maraqlı idi. Qarabağda neçə kəndin və rayonun azad edilməsi barədə xəbərlərin son dəqiqələrdə daxil olması səbəbindən 3 dəfə xəbərlər proqramını yekunlaşdıra bilməyən aparıcının həyəcanı efirdən tamaşaçıya sirayət edirdi. Redaktorun canlı yayımda studiyaya daxil olmaq məcburiyyəti, mobil telefonu aparıcıya çatdırması və xəbərlər komandasının qaçaqaç rejimində fəaliyyəti təbii alınırdı. İTV Gəncə, Bərdə hadisələri zamanı bütün proqramı dərhal dəyişən və hadisə yerlərindən canlı yayıma keçən tək-tük telekanallardan biri oldu. Bu kanal AzTV kimi monitorda Bərdə hadisələrinin dəhşətlərini nümayiş etdirib, Qarabağda turizm imkanlarının perspektivlərindən danışmırdı.

Əlbəttə, İctimai Televiziya da hələ görmək istədiyimiz telekanal səviyyəsinə çatmayıb, amma baş verən dəyişikliklər artıq cəmiyyətin gözündən yayınmır. Elə şair Baba Vəziroğlunun “moderator.az” saytına açıqlamasında İctimai Televiziyanı digər kanallara örnək göstərməsi bunu sübut edir. “İctimai Televiziyaya yatana qədər baxıram. Çünki bir-birinin ardınca, müxtəlif mövzuda, formatda elə verilişlər verirlər ki, kanaldan ayrılmaq istəmirsən. Bütün televiziyaların 8 Mart verilişlərini gördüm. Amma İctimai Televiziya “8 royal” verilişi hazırlamışdı, buna veriliş yox, film deyərdim. Səkkiz nəhəng musiqiçi ayrı-ayrılıqda, ayrı-ayrı məkanlarda dünyanın ən gözəl əsərlərini ifa edirdilər. Dünya televiziyalarına baxmırlarsa, heç olmasa İctimai Televiziyaya baxıb öyrənsinlər. Hətta gecə dublaj filmlərinə baxıram. İnanın ki, İctimai Televiziyanın dublyaj etdiyi filmlər o biri televiziyalardakından yerlə-göy qədər fərqlənir. Onlar keyfiyyətli, lisenziyalı filmlər verirlər. Bu seçimi edən adama heyran qalıram”, – deyə şair bildirib.

Fikir verin, Baba Vəziroğlu yaxın günlərədək AzTV-nin Bədii Şurasının üzvü olub. Amma obyektivlik göstərir, İTV-ni tərifləyir. Çünki televiziya cameəsində çalışanlar deyirlər ki, AzTV-nin sədri Rövşən Məmmədovu İTV-nin baş direktoru Balaş Qasımovla müqayisə etmək qeyri-mümkündür. Məsələ heç də kiminsə qohumu olmaqda deyil. Hər kəs Balaş Qasımovu intellektual, zəngin və müasir dünyagörüşünə malik zövqlü, peşəkar, mədəni şəxs kimi tanıyır. Bundan başqa, Balaş Qasımov məhz intellekti ilə həm ölkə ictimaiyyəti, həm də postsovet məkanında tanınmış şəxsdir və çevrəsi genişdir. Hələ indiyə qədər B.Qasımovun texniki məsələlər və ya kadrlarla bağlı şikayətləndiyini, hansısa çatışmazlıqları hərbi jurnalistlərin, güclü redaktorların olmaması və avadanlıqların çatışmaması kimi bəhanələrlə təmizə çıxarmağa çalışdığını eşidən olmayıb. Çünki tamaşaçını bu, maraqlandırmır. Tamaşaçı mükəmməl proqram və verilişlər tələb edir. Məhz bunu bildiyindən, Balaş Qasımov baş direktor kimi işi ilə məşğuldur və nəticə ortadadır. O, təkcə efiri dəyişdirməyib, həm də İTV-nin müasir, yaradıcı və mehriban ailəsinin formalaşdırılmasına nail olub.

Yeri gəlmişkən, İTV barədə ara-sıra tənqidi fikirlər də səslənir, amma Balaş Qasımovun buna reaksiyası da AzTV-dəki həmkarı Rövşən Məmmədovdan köklü şəkildə fərqlənir. Məsələn, Balaş Qasımov AzTV sədri kimi KİV rəhbərlərini və Mətbuat Şurasının sədri Əflatun Amaşovu səhər yeməyinə dəvət etmir. Bu qonaqlığın məqsədini anlamaq üçün “Tarixi-nadir” kitabını oxumağa hacət yoxdur. Balaş Qasımov pandemiya dönəmində verilişləri videoformat şəklində təqdim etməyə üstünlük verir, Rövşən Məmmədov onlayn formatdan mətbuat konfransı keçirmək üçün istifadə edir və xalq dilində desək, danışdıqca batır. Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinin “Vətən müharibəsinin yekunlarına ictimai münasibət” analitik hesabatı çərçivəsində keçirdiyi sorğuda birinci yerə AzTV-nin qoyulmasının niyə teleməkandakı həmkarlarında qıcıq yaratdığını soruşur. Çünki həmin sorğunun nəticələri ilə razılaşmayanlar arasında İTV də vardı və məhz bu kanal həmin mövzunu hərtərəfli araşdıraraq, nəticələri real rəqəmlərlə, sosial media şəbəkələrində izlənmə göstəriciləri ilə tamaşaçılara təqdim etmişdi. Görünür, bu fakt Balaş Qasımovu ciddi rəqib kimi qəbul edən Rövşən Məmmədovu çox narahat edib.

Ümumiyyətlə, Rövşən Məmmədovun “ilkə imza atdığı” kimi təqdim olunan onlayn formatlı mətbuat konfransını başdan-ayağa xəyal qırıqlığı və biabırçılıq adlandırmaq olar. Həmin konfransdan yalnız bir neçə məqama diqqət yetirək.

Verilişlərə eyni ekspertlərin dəvət edilməsi iradına cavab olaraq, AzTV sədri jurnalistlərdən(?) ekspert siyahısı təqdim etməyi xahiş edir. Lap 1991-ci ildə müdafiə naziri Tacəddin Mehdiyevin Qarabağı müdafiə etmək üçün piket iştirakçılarından (!) silah istəməsini xatırladır.

Suflyordan oxuyan xəbər aparıcısı Mümtaz Xəlilzadənin “Əsas məsələ” kimi ictimai-siyasi proqramının öhdəsindən gələ bilmədiyinə dair jurnalist Şöhrət Əliyevin iradını qəbul etsə də, bunu riyakarlıqla “eksperiment” adlandırmaqdan çəkinmir. Teleməkanın 65 yaşlı birincisinə rəhbərlik edən şəxs güman edir ki, tamaşaçı zəif aparıcının efirə çıxmasına dözməlidir. Bu prosesin lap bir il də çəkə biləcəyini istisna etmir, işinin öhdəsindən gələ bilməyən aparıcını ruhdan salmamağa çağırış edir. Necə deyərlər, sözün bitdiyi yerdir. Çünki, faktiki olaraq, bacarıqsız sədrə – Əli Həsənovun qalığı Rövşən Məmmədovun özünə dözməyə çağırışdır…

Görünür, bu naşı yanaşmanın nəticəsidir ki, “Əsas məsələ” tok-şousunda az qala ABŞ-la qalmaqala səbəb ola biləcək səhvə yol verilir. Məsələn, “Türkiyəyə qarşı ikili standartlar” mövzusunun müzakirəsi zamanı “ABŞ-ın qardaş ölkəyə S–400 satmaqdan imtina etməsi müttəfiqliyə ziddir” kimi absurd subtitr efirdə nümayiş etdirilir. Hər kəs bilir ki, S–400 zenit-raket komleksini Rusiya istehsal edir və Türkiyə də bu qurğunu Rusiyadan alır. ABŞ isə NATO-da müttəfiq olduğu Türkiyənin bu ölkədən silah almasına qarşı çıxır. O zaman sual olunur: ABŞ özünə məxsus olmayan və istehsal etmədiyi kompleksi Türkiyəyə necə satmaqdan imtina edə bilərdi?! Ümid edirik ki, ABŞ səfirliyi bu verilişi izləməyib və ölkəmiz dövlət səviyyəsində biabır olmayıb. Hələliksə, davam edir “eksperiment”…

Və yaxud R.Məmmədov deyir ki, televiziya haqqında dürüst, analitik məqalələrin yazılmasında maraqlıdırlar, amma belə yazılarda QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin mövqeyi də əks olunmalıdır. Guya bu, balans xatirinə edilməlidir. Özünü jurnalist adlandıran, AzTV, “Mədəniyyət”, “İdman” telekanallarının, Azərbaycan Radiosunun, Teleradio Akademiyasının da daxil olduğu nəhəng QSC-yə rəhbərlik edən bir zatın xəbəri yoxdur ki, söhbət hansısa xəbərin dəqiqləşdirilməsindən getmir. Ölkədə söz və ifadə azadlığı mövcuddur. Müəllif məqalə yazanda sərbəstdir və öz fikirlərini hər hansı qurumla razılaşdırmır. Həmin konfransda Yaponiya mütəxəssisləri ilə cizgi filmlərinin çəkilməsinə dair əməkdaşlıq planlarından tutmuş, kadr məsələlərində insan amilinin nəzərə alınmasına və sair məsələlərə qədər verilmiş cavabları qeyri-səmimiliyin zirvəsi adlandırmaq olar. Amma mövzumuz bu, deyil.

Bilirik ki, dövlət qurumlarına təyinat Prezident İlham Əliyevin səlahiyyətindədir. Hansısa məmurun vəzifəyə təyinatını və işdən çıxarılmasını yalnız ölkə başçısı həll edir. Amma ictimai rəy deyilən anlayış da var. Odur ki, Türkiyədə Azərbaycanı böyük uğurla təmsil edən, Rövşən Məmmədovun iftirası ilə qarşılaşdığını söyləyən əməkdar artist Məlahət Abbasovanın “AzTV dövlətimin kanalıdır, ora elə bir rəhbərin başçılıq elədiyinə görə üzülürəm” fikri çox düşündürücüdür. Çünki 65 yaşlı Azərbaycan Televiziyasının və 95 yaşlı Azərbaycan Radiosunun, “Mədəniyyət” və “İdman” telekanallarının, Teleakademiyanın daxil olduğu QSC-yə Balaş Qasımov miqyaslı rəhbərin təyin olunması günümüzün tələbinə çevrilib. Bu, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin həm dünya müstəvisində layiqli yer tutmasına gətirər, həm də hazırda cəmiyyətdə gedən proseslərə uyğun gələ bilər. Görkəmli dövlət xadimi Heydər Əliyevin təbirincə desək, milli sərvətimiz olan Azərbaycan Televiziyasına onu irəli aparmağa qadir şəxs rəhbərlik etməlidir.

Səid CƏFƏROĞLU,

KONKRET.az

  • Aynu
    Mart 19, 2021 - 02:33

    O qeder duz yazmisiz ki yorulmadan oxudum xeberi.Umid edirem Aztv de tamawacilarin sevdiyi terzde verliwler hazirlamagi bacarar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*