Norveçin Stavanger şəhərində Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun iştirakı ilə Norveç şahmat turniri başa çatıb.
KONKRET.az xəbər verir ki, 37 yaşlı qrossmeyster sonuncu, 9-cu yarış günündə həmyerlisi Teymur Rəcəbovu məğlub edə bilməyib.
Turnirdə dünya çempionu Maqnus Karlsen, Arjan Tari (hər ikisi Norveç), Uesli So (ABŞ), Aniş Giri (Hollandiya), Vişvanatan Anand (Hindistan), Maksim Vaşyer-Laqrav (Fransa), Vanq Hao (Çin) və Veselin Topalov (Bolqarıstan) iştirak ediblər.
Finalda, IX turda Azərbaycan şahmatçıları üz-üzə gəlib. Oyun heç-heçə başa çatıb və “Armageddon”da T.Rəcəbov qara fiqurlarla oynayıb. Heç-heçəyə baxmayaraq, görüşdə ona qələbə verilib.
Beləliklə, Məmmədyarov ikinci, Rəcəbov isə doqquzuncu olub.
Turnir cədvəli: M. Karlsen – 16,5 xal; Ş.Məmmədyarov – 15,5; V. Anand – 14,5; M.Vaşyer-Laqrav – 14; U.So – 12,5; A.Giri – 12; V. Topalov, A. Tari – hər biri 9,5; T. Rəcəbov – 8; Vanq Hao – 7,5.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 2,5 milyon Norveç kronu (451 000 manat) təşkil edib.
Roman Göytürk,
KONKRET.az
