ABŞ Prezidenti Donald Tramp İsrailin Livandakı hərbi əməliyyatları ilə bağlı Baş nazir Benyamin Netanyahu ilə telefon danışığı zamanı ona sərt şəkildə etiraz edib.
KONKRET.az xəbər verir ki, bu barədə Axios nəşri ABŞ rəsmilərinə və söhbətin məzmunu ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iyunun 1-də baş tutan telefon danışığında Tramp İsrailin Livandakı fəaliyyətindən narazılığını dilə gətirib, Netanyahunu “dəli” adlandırıb və onu nankorluqda ittiham edib.
Mənbələrdən birinin sözlərinə görə, Tramp İsrail liderinə xəbərdarlıq edərək bildirib ki, Beyruta mümkün zərbə İsrailin beynəlxalq təcridini daha da dərinləşdirə bilər.
Axios-un yazdığına görə, ABŞ prezidenti söhbət zamanı Netanyahuya qarşı korrupsiya işi üzrə məhkəmə prosesində ona göstərdiyi dəstəyi də xatırladıb.
Digər mənbənin məlumatına əsasən, Tramp danışıq zamanı qəzəbli olub və bir məqamda Netanyahuya “Nə edirsən sən?” deyə qışqırıb.
Nəşrin iddiasına görə, bu telefon danışığından sonra İsrailin Beyruta zərbə endirmə planları faktiki olaraq dayandırılıb.
Bu arada, Tasnim agentliyi İsrailin Livandakı əməliyyatlarına etiraz olaraq İranın ABŞ ilə dolayı danışıqları dayandırdığını xəbər verib.
Müşviq Tofiqoğlu
KONKRET.az
