Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən Şəki Yayla əyləncə mərkəzində qeydə alınan qəza nəticəsində 2 nəfərin həyatını itirməsi yenidən atraksionlara nəzarətin yetərsizliyi məsələsini gündəmə gətirib.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib ki, turizm və istirahət mərkəzlərində istifadə olunan kanat kimi digər ekstrimal əyləncə qurğuları birbaşa insan həyatı və təhlükəsizliyi ilə bağlı olan ciddi nəzarət tələb edən texniki qurğulardır.
Onun sözlərinə görə, Azərbaycanda qüvvədə olan normativ qaydalara əsasən sərnişin daşıyan bu sistemlər qanunvericilikdə təhlükə potensialı obyekt statusuna malikdir və mütləq dövlət reystrində qeydiyyata alınmalıdır: “Bu, o deməkdir ki, həmin qurğuların istismarı heç kimin şəxsi istəyinə deyil, dövlətin təsdiq etdiyi konkret texniki reqlamentlərə tabedir. Həmin qaydalara görə, insan daşıyan polad trosların möhkəmlik ehtiyatı faktiki düşən canlı yükdən ən azı 3-4 qat artıq ağırlığa hesablanmalıdır. Nəzərə almaq lazımdır ki, polad tros adi məftil deyil, xüsusi hörülmüş dözümlü materialdır. Belə troslar heç zaman qəfil bir saniyənin içində və durduq yerdə qırılmır. Polad tros qırılmazdan xeyli əvvəl siqnal verir. Telləri tək-tək didilir, korroziyaya uğrayır, bərkidilmə nöqtələrində əyilmələr baş verir. Qaydalarda da çox aydın göstərilib ki, trosun diametri sürtülmədən və ya pasdan cəmi 7 faiz kiçilərsə və ya daxili metal kəsiyinin 10 faizi yeyilərsə, o tros üzdən təzə görünsə belə dərhal yararsız sayılmalı və istismardan çıxarılmalıdır. Hətta kəskin hava təsirindən, ildırım vurmasından sonra belə tros xüsusi diaqnostik cihazla yoxlanılmalıdır. Qurğu dərhal işə salınmamalıdır”.
Ekspert qeyd edib ki, dünya təcrübəsində belə troslarla bağlı əsas prinsip insan daşınan yerdə təhlükəsizliyin bircə trosa etibar edilməməsidir:
“Mütləq paralel işləyən ikinci ehtiyat xətt olmalıdır ki, əsas trosda hər hansısa bir qırılma baş verərsə, ondan istifadə edən insan bədbəxt hadisələrlə üzləşməsin. Təhlükəsizliyin təmin edilməsində ən vacib digər amil isə personal və bələdçi heyətidir ki, qanunvericilik birbaşa tələb edir ki, bu qurğularda çalışan bələdçilər, təlimatçılar və nəzarətçilər xüsusi komissiya qarşısında bilik yoxlanışından yəni attestasiyadan keçmiş şəxslər olmalıdır. Təlimatçının vəzifəsi təkcə sərnişinə kəmər taxmaqdan ibarət deyil. O vətəndaşa texniki qaydaları izah etməlidir, çəki limitini dəqiq nəzərə almalıdır və ən əsası qurğuda, kəmərdə, trosda ən kiçik nasazlıq görərsə, dərhal prosesi dayandırmalıdır. Göründüyü kimi, normativ sənədlərdə hər bir detal, səhərlər gündəlik keçirilməli olan vizual baxışlar, test yükləri, sınaqlar bələdçilərin hazırlığı və dövlət orqanları tərəfindən aparılan illik ilkin və dövrü müayinələr birmənalı şəkildə təsbit olunub. Burda başlıca əsas məsuliyyət xidmət göstərən sahibkarlıq subyektinin daxili nəzarət mexanizminin üzərinə düşür. Hər bir istirahət mərkəzinin anlamalıdır ki, təhlükəsizlik qaydaları formal sənəd deyil, birbaşa insan həyatı deməkdir və bu standartlar hər zaman ön planda dayanmalıdır”.
