Türkiyədə baş verən zəlzələlərdən zərər çəkən Adananın mərkəzi Çukurova rayonunda 45 nəfərin yaşadığı 16 mərtəbəli binanın dağıldığı anlar təhlükəsizlik kameralarına düşüb.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, yaxınlıqdakı başqa bir binanın kameraları tərəfindən qeydə alınan görüntülərdə yeraltı təkanlar başlayanda park edilmiş avtomobillərin irəli-geri hərəkət etdiyi görünür.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 156 nəfərə çatıb.
İqbal Rzayev,
KONKRET.az
