Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) ətrafında yaranmış siyasi böhran və məhkəmə qərarlarından sonra Özgür Özəl tərəfdarlarının etiraz aksiyaları ölkə miqyasında genişlənməkdə davam edir.
KONKRET.az xəbər verir ki, məhkəmə qərarı ilə bu gün CHP-nin baş qərargahından çıxarılan Özgür Özəl və onu dəstəkləyən qrup Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasına doğru yürüş ediblər. Lakin təhlükəsizlik qüvvələri onların parlament binasına daxil olmasına icazə verməyib.
Məclisə girişi əngəllənən Özəl və tərəfdarları yaxınlıqda yerləşən Milli Suverenlik Parkına tərəf yönəliblər. Parkda toplaşan kütlə qarşısında bəyanatla çıxış edən Özgür Özəl ölkənin siyasi mənzərəsini dəyişəcək iddialı fikirlər səsləndirib. O, məhkəmənin məlum qərarından sonra CHP-nin faktiki olaraq buraxıldığını elan edib: “Bu qərardan sonra CHP faktiki olaraq ləğv edilmiş sayılır. Mən partiyanın yenidən qurulması və təsis edilməsi üçün sonadək mübarizə aparacağam”.
Eyni zamanda, CHP-nin İstanbul vilayət təşkilatının çağırışı ilə Özəl tərəfdarları meqapolisin üç böyük rayonunda — Baxçalıevlər (Bahçelievler), Kadıköy və Şirxan ərazilərində kütləvi etiraz aksiyalarına başlayıblar. Küçələrə axışan nümayişçilər “Azad Türkiyə, azad sədr!” şüarları səsləndirərək məhkəmə qərarlarına etirazlarını bildirirlər.
Yaranmış dərin böhran fonunda CHP-li deputatlardan ibarət nümayəndə heyəti yaranmış vəziyyətdən çıxış yollarını müzakirə etmək məqsədilə təcili olaraq partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlunun iqamətgahına yollanıb. Hazırda tərəflər arasında qapalı görüşün keçirildiyi bildirilir.
Natiq Səlim,
KONKRET.az
