9 fevral tarixində Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə dünyanın diqqəti ölkəmizə yönəldi. Ölkəmiz bu çətin və məsuliyyətli missiyanın öhdəsindən də uğurla gəlməyi bacardı. Xalqın iradəsi ilə baş tutan seçkilərdə məhz xalqın səs verdiyi namizədlər qələbə qazandılar. Lakin hər zaman olduğu kimi, bu dəfə də dövlətimizin artan nüfuzundan, xalq-iqtidar birliyindən qorxuya düşən, narahat olmağa başlayan dairələr ölkədə keçirilən parlament seçkilərinin şəffaflığına kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar. Ancaq hər zaman olduğu kimi, bu dəfə də qaragüruhun arzusu ürəyində qalacaq. Çünki xalq dövlətini, dövlətçiliyini dəstəkləyir, ölkə başçısının ətrafında sıx birləşdiyini sübuta yetirir. Odur ki, cənablar! Xalqın adından danışmayın və buna heç cəhd də etməyin…
Çünki xalqın adından danışmaq səlahiyyəti yalnız xalq tərəfindən seçilən Prezidentə verilir. Bu səlahiyyəti Azərbaycan Respublikasının Konstitusiyası da təsdiqləyir. İndi ətrafına 5-10 nəfər adam yığıb seçkilərin nəticələrini “boykot etmək” istəyən qüvvələr utanmadan xalqın adından danışmağa cəhd göstərirlər. Bu zavallılar 5-10 nəfər öyrədilmiş insanın ümumi toplum anlamına gəlmədiyini dərk etmirlər.
Bu mənada “Xalq narazıdır”, – deyənlər ifadə üslubunda yanıldıqlarının fərqindədirmi?
Axı xalqın narazılığı deyəndə ilk növbədə gözlərimiz önünə 90-cı illər gəlir! Bunu bilə-bilə “Azadlıq” meydanına toplaşan on minlərlə etirazçı ilə bu gün seçkilərin nəticələrinə etiraz edən onlarla namizədi necə müqayisə etmək olar?
Şəxsi maraqlarını xalqın maraqları kimi təqdim edənlər nə qədər bəsit olduqlarını hiss etmirlərmi?
Bu, bir həqiqətdir ki, belələrinin məqsədi ölkəni qarışdırmaq və qarşıdurma yaratmaqdır. Siyasi sabitliyi pozmağa çalışanlar arasında şübhəsiz ki, öz xarici havadarlarının tapşırıqlarını yerinə yetirənlər də var. İllərdir Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir müsbət davranış sərgiləməyən, işğalçı ölkəyə təzyiq göstərməyən AŞPA, ATƏT kimi beynəlxalq təşkilatların yadına nədənsə həmişə Azərbaycandakı insan hüquq və azadlıqlarının “tapdalanması” düşür. Bir milyon qaçqın və məcburi köçkünün sözün həqiqi mənasında tapdalanan hüquqları isə heç kimi maraqlandırmır.
Əcəba niyə?
Bu sualın çox bəsit bir izahı mövcuddur: Azərbaycanın inkişafını, iqtisadi qüdrətini, siyasi hakimiyyətinin heç bir beynəlxalq güclə hesablaşmadan müstəqil şəkildə yürütdüyü daxili və xarici siyasəti həzm etməyən bəzi beynəlxalq qurumlar öz yerli havadarlarından istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bu çirkin oyunlarında isə xalqın adından istifadə etməyə, insanları qarşı-qarşıya qoymağa və ölkədə xaos, vətəndaş müharibəsi yaratmağa səy göstərirlər. Yalnız unutduqları sadə bir məqam var ki, xalq heç zaman bu çirkin siyasi oyunun tərkib hissəsinə çevrilməyəcək, öz dövlətini və dövlətçiliyini təhlükə altına salan addımlar atmayacaq, Prezidentinin ətrafında sıx birləşərək ölkəsinin inkişafı üçün əlindən gələni əsirgəməyəcək.
Məsələnin digər bir maraqlı tərəfi də dünənin deputatlığa namizədləri, bu günün isə təxribatçıları ilə bağlıdır. Dünən bəh-bəhlə öz platformalarını açıqlayan, seçkidə təşviqat üçün hər cür şərait yaradıldığını qeyd edən, şəffaflıqdan söz açan, dövlətə, dövlətçiliyə xidmətdən danışan sabiq namizədlər bu gün məğlub olduqları üçün hökumətə qarşı kin püskürür, hər cür vasitə ilə seçkilərin demokratikliyinə kölgə salmağa çalışırlar. Nə oldu cənablar! Dünən hər şey əla idi, bu gün seçilmədiniz deyə Azərbaycanda demokratiya boğuldu və şəffaflıq məhv oldu? Bəs qələbə qazansaydınız, hansı havanı çalıb-oynayacaqdınız? Bu cür riyakarlıq və ikiüzlülük sizdə hardan qaynaqlanır? Axı niyə anlamaq istəmirsiz ki, 1314 namizəddən yalnız 125 nəfər deputat mandatı əldə edə biləcəkdi? Niyə qəbul etmirsiniz ki, hər bir qələbənin məğlubiyyəti də var və bunu həzm etmək böyük hünər istəyir? Niyə başa düşmürsünüz ki, MSK-nın qarşısında icazəsiz aksiya keçirməklə heç nəyə nail olmaq mümkün deyil?
Eləcə də sosial şəbəkələrdə DSK sədrinin zəngi ilə mətəqəyə gələn polisin təxribat yaratmağa cəhd edən vətəndaşı oradan uzaqlaşdırdığı görüntüləri böyük həvəslə verməklə hansı niyyətlərinizi nümayiş etdirirsiniz?!
Axı hər bir məsələnin sivil yolla həlli də mövcuddur. Amma yox, sivil və hüquqi üsullar sizə öz çirkin missiyanızı yerinə yetirmək üçün kifayət etmir. Axı sivil mübarizə ilə siz ölkədə çaxnaşma yarada, insanları vətəndaş qarşıdurmasına yönəldə bilmirsiz. Ona görə də ətrafınıza 5-10 nəfər toplamaqla, icazəsiz aksiya keçirməklə hökuməti və onun güc strukturlarını təxribata çəkməyə çalışırsınız ki, sonradan demokratiyanın “d”sindən xəbərdar olmayan beynəlxalq havadarlarınız Azərbaycanda insan hüquqlarının pozulmasından ağızdolusu danışsınlar. Amma hər zamankı kimi bütün çirkin planlarınız iflasa uğrayır. Çünki xalq öz seçimi çoxdan edib və kimin kim olduğunu da yaxşı bilir. Nə məğlubiyyəti qəbul etmək, nə də ədalətli mübarizə aparmaq hər kişinin işi deyil…
Natiq Səlim