Ukraynadan təxliyə edilən 200 azərbaycanlı Türkiyədə sığınacağa yerləşdirilib. Həmvətənlərimiz İstanbul valiliyinin koordinasiyası ilə Əsənlər Bələdiyyəsi tərəfindən Mehmet Öcalan İdman Kompleksinə gətirilib.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, azərbaycanlılar Əsənlər Bələdiyyəsi tərəfindən yemək, sığınacaq, təmizlik vasitələri ilə təmin edilib və yola düşməzdən əvvəl bütün ehtiyacları həmin müəssisədə qarşılanıb.
Sığınacaqda qalan azərbaycalılardan Elçin İsayev çətin səfərdən sonra Türkiyənin köməyi ilə gəldiklərini bildirib:
“Doğma şəhərimizə gəldik, səfərimiz çətin oldu. Ruslar gedənləri vurur. Kiyevdən çıxıb Moldova üzərindən bura gəlmişik, hal-hazırda çox yaxşıyıq. Allah bütün türk dünyasından razı olsun”.
Əri və iki uşağı ilə birlikdə təxliyə edilən Gülnar Kərimova isə “səyahətimiz boyu bizə yaxşı baxdılar, bizi yaxşı qarşıladılar. Çox sağ olun. Rumıniyadan buraya gəlmişik və buradan Bakıya gedəcəyik” deyib.
Otuz beş ildir Ukraynanın Xarkov şəhərində yaşadığını açıqlayan İradə Əliyeva bunları deyib:
“Putin bizi öldürür, Xarkovu dağıtdı. Ərimi və uşağımı qoymadılar. Allah Türkiyəyə kömək olsun, bizə çox kömək etdilər. Oradakı evlərimiz bombalandı. Azərbaycandakı qardaşımın yanına gedəcəyəm. Ukraynada çox azərbaycanlı həlak oldu, elə gözümün qabağında 4 nəfər öldü. Biz müharibə istəmirik. Ukrayna gözəl yerdir. Müharibə pisdir, çox pis vəziyyətdəyik”.
Əsənlər Bələdiyyəsi Mehmet Öcalan İdman Kompleksinin müdiri İrfan Doruk təxliyə edilən azərbaycanlıları ən yaxşı şəkildə qəbul etdiklərini qeyd edib:
“Miqrasiya İdarəsi rəhbərliyi ilə birlikdə təkliflərimiz oldu. Onlara özlərini rahat hiss etmələri üçün müxtəlif imkanlar təklif edirik. Daha sonra onları Azərbaycana yola salırıq. Əsənlər Bələdiyyəsi olaraq onları yüksək səviyyədə qonaq edirik, onlar da təklif olunan imkanlardan razıdırlar. Dövlətimiz bütün imkanlarını səfərbər edir”.
İqbal Rzayev,
KONKRET.az
