“Universitetlər muzey deyil, gələcəyin fabriki olmalıdır” – Ekspertdən önəmli AÇIQLAMAbackend

"Universitetlər muzey deyil, gələcəyin fabriki olmalıdır" – Ekspertdən önəmli AÇIQLAMA

“Universitetlər muzey deyil, gələcəyin fabriki olmalıdır. Ali təhsilin ən böyük problemi, məncə, tədris materiallarıdır (şərti olaraq dərslik adlandıraq). Dərslik həmişə keçmiş təcrübə əsasında yazılır. Yazılan vaxt bəlkə də o aktual problemləri öyrənir, lakin tələbəyə çatanda, xüsusən də 2-3 ildən sonra o köhnəlir. Universitetlərdə isə hətta 10-20 ilin dərsliklərindən istifadə olunur”.

FPV-dronlar ABŞ hərbi bazaları üçün ciddi təhlükə yaradır”

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış şərhçi Asif Şəfəqqətov ali təhsil sistemindəki köklü struktur problemlərini və qlobal əmək bazarının müasir çağırışlarını təhlil edərkən deyib. Onun sözlərinə görə, əvvəllər iqtisadiyyatda indiki kimi sürətli dəyişmələr olmadığı üçün bu vəziyyəti normal saymaq mümkün idisə, hazırda tələbələrin bu gün üçün yox, məhz gələcək üçün hazırlanması mütləq şərtdir.

Şərhçi qeyd edib ki, mövcud sistemdə məzunlar iş axtarışına başlayanda onların bilik və səriştəsi iqtisadiyyatın real tələblərindən xeyli geridə qalır: “Nəticədə biznes məzuna əlavə təhsil verməyə məcbur olur. İdealda isə biznes tərəfdaşları məzundan indiyə uyğun bilikləri yox, məhz gələcək trendlərə cavab verən bacarıqları gözləyir. Problemi həll etmək üçün Elm və Təhsil Nazirliyi nəzdində daimi əsasla fəaliyyət göstərəcək xüsusi komissiya yaradılmalıdır. Həmin komissiya qlobal iqtisadi inkişaf trendlərini diqqətlə araşdırmalı, təhsil kurikulumuna yenidən baxmalı, bəzi ixtisasları ləğv etməli və 3-5 il sonra tələb olunacaq yeni ixtisaslar açmalıdır”.

Asif Şəfəqqətov bu istiqamətdə Çin Xalq Respublikasının timsalında uğurlu bir beynəlxalq təcrübəni nümunə çəkib: “Çində 2021-ci ildən ali təhsil sistemində böyük struktur dəyişikliyi aparılır. Buna səbəb milyonlarla məzunun ixtisasının əmək bazarına uyğun gəlməməsi və gənclər arasında işsizliyin artmasıdır. Pekin hökuməti təhsil sistemini muzey kimi qorumaqdansa, onu növbəti 10 ilin iqtisadiyyatına hazırlayır. Çin Təhsil Nazirliyinin məlumatına görə, 2021-2025-ci illər ərzində bakalavr proqramlarının 30%-dən çoxu yenidən strukturlaşdırılıb, 12,2 min ‘köhnəlmiş’ ixtisas ləğv edilib və əmək bazarının tələblərinə uyğun 10,2 min yeni ixtisas açılıb. Bütün proqramlar süni intellekt (Sİ) dövrünə uyğunlaşdırılıb. Əmək bazarında tələbat azalan və ya Sİ tərəfindən əvəzlənə bilən incəsənət, humanitar elmlər, xarici dillər və menecment sahələri ləğv edilib”.

Sonda ekspert vurğulayıb ki, Çində yeni açılan proqramlar birbaşa olaraq “gələcəyin sənayelərinə” — süni intellekt, məlumat elmi (data science), robototexnika, yarımkeçiricilər və maddi intellekt (embodied intelligence) sahələrinə xidmət edir: “Artıq 9 Çin universiteti növbəti nəsil Sİ-nin real iqtisadiyyata inteqrasiyası üçün bu ixtisası tədris etməyə başlayıb. Belə çıxır ki, növbəti 10 ildə təhsil turizminin də lideri Çin olacaq. Bizim universitetlər isə, əgər ciddi islahatlar aparılmasa, 10-15 il sonra tamamilə sıradan çıxacaqlar”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*