Ünsiyyətin virtual dünyası – Daha bir xəstəlik dünyanı ağuşuna aldı – ŞOK ARAŞDIRMAbackend

Ünsiyyətin virtual dünyası - Daha bir xəstəlik dünyanı ağuşuna aldı - ŞOK ARAŞDIRMA

Sosial şəbəkələrin monitorinqi göstərir ki, cəmiyyətdə neqativ hallar daha çox təbliğ edilir, mənəvi deqredasiya elementləri maksimum səviyyədə qabardılır. Müşahidələrimiz onu deməyə əsas verir ki, sosial mediada insanlar öz real həyatlarındakı olduqları obraz kimi özlərini təqdim etmirlər. Onların qazandıqları kütlə hansı formada görmək istəyirsə, özlərini o cilddə təqdim etməyə çalışırlar.

İnsanların bu davranışlarının əsl səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov hesab edir ki, sosial mediada (şüuraltı və ya hətta şüursuz olaraq) bizdən daha yaxşı olduqlarını düşündüyümüz insanları görməyə davamlı meyl etmək psixi və emosional sağlamlığın ciddi narahatlığına gətirib çıxarır:

“İnsan sosial varlıqdır. Bu gün əsas problemlərdən biri məhz sosial medianın bizim sosial müqayisə təcrübəmizdə oynadığı roldur. Özümüzü başqaları ilə müqayisə etmək meyli tamamən təbiidir, lakin sosial mediada (şüuraltı və ya hətta şüursuz olaraq) bizdən daha yaxşı olduqlarını düşündüyümüz insanları görməyə davamlı meyl etmək, psixi və emosional sağlamlığın ciddi narahatlığına gətirib çıxarır. Çünki sosial mediada bəyənmə sayları və izləyicilər üçün yalançı həyat yaratmaq, real həyatdakı çatışmazlıqları mübarizələri daha da çətinləşdirir və biz real olanı gözdən itiririk. Sosial mediaya qısa müddət ərzində məruz qalma belə şüuraltı olaraq sosial müqayisəyə səbəb olur”.

Onun fikrincə, ən çox narahatlıq doğuran problem isə günümüzün  bir çox insanlarının “sağlam və uğurlu istifadəçi”lərin profillərinə baxaraq özünü qiymətləndirməsini və özünə qarşı olan dəyərini itirməsidir:

“Hər bir fərd həyatda müəyyən dövrlərdə, müxtəlif səbəblərə görə – ilham almaq, özünü qiymətləndirmək, emosiyaları tənzimləmək və s. kimi dəyərlərə görə özünü başqaları ilə müqayisə edir. Bu tək bizim ölkəmizdə deyil, dünyanın hər bir ölkəsində baş verən haldır. Sosial media mövcud olmamışdan əvvəl insanlar özünü ətrafdakı insanlar, dostlar və ailə üzvləri ilə müqayisə edirdilər. Bu, başqaları ilə ünsiyyətdə olan zaman şəxsi parametrlərdə baş verir. Belə müqayisələr nisbətən daha real və daha tövsiyə olunan sayılır, çünki biz insanın həqiqətən nə düşündüyünü və onun necə davrandığını müşahidə edə bilirik, ona görə də bu zaman müqayisələrimiz daha dəqiq olur.

Bunun əksi olaraq isə istifadəçilər sosial mediada hansı məlumatları çatdırmaq və kim olmaq istədiklərini əvvəlcədən seçirlər. Çox vaxt istifadəçilər yalnız həyatlarında baş verən uğurlu və yaxşı şeyləri təqdim edir, eyni zamanda baş verən hər hansı bir çətinliklər barədə məlumat verməməyi seçirlər. Nəzərə alınmalıdır ki, sosial şəbəkələrdə paylaşılan doğru məlumat və kontentlər bizim özümüzü müsbət müqayisəmizə səbəb olur, bu müqayisə çox vaxt insanları ruhlandırır, inkişaf etdirir və motivasiya verir. Araşdırmalar göstərir ki, sosial mediaya sərf olunan vaxt artdıqca insanların psixoloji rifahı da azalır, çünki günümüzdə sosial müqayisə rifahın güclü proqnozlaşdırıcısı vəzifəsini alır. Bu, bizi başa düşməyə vadar edir ki, sosial müqayisə ilk növbədə mənfi nəticələr yaradır. İstər xarici görünüş, istərsə də intellekt və həyat tərzindən asılı olmayaraq, özünü yüksək statuslu hesab edənlərlə müqayisə etmək özünə qarşı azalan hörməti ehtiva edir.

Bununla bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun araşdərması var. O araşdırma, dünyanın nüfuzlu “Technium” jurnalında çap olunub. Araşdırmanın adı “Özünə Hörmət və Smartfon Asılılığı Arasında Əlaqə: Özünə Nəzarətin Vasitəçi Rolu” idi. Araşdırmanın linkini də Sizlərlə paylaşıram.

https://techniumscience.com/index.php/socialsciences/article/view/9310”.

Psixoloq bildirib ki, yaratdığımız profil şəxsiyyətimizin ən çox bəyəndiyimiz və dünyaya təqdim etmək istədiyimiz hissələrindən ibarətdir:

“Gənc nəslin ekranda uzun saatlar keçirməsi də bu kimi zərərli təsirlərə daha çox həssaslıq yaradır. İndiki vaxtda demək olar ki, hər bir gəncin cib telefonu var və əksəriyyətində bu cür sosial media tətbiqləri mövcuddur. Əsasən də yeniyetməlik dövründə uşaqların zehni hələ tam inkişaf etmədiyinə görə onlar sosial müqayisənin zərərli təsirlərinə daha həssasdırlar”.

Onun sözlərinə görə, sosial medianın yaratdığı problemləri aradan qaldırmaq üçün telefonların və texnoloji vasitələrin uşaqlara nə vaxt təqdim edilməsinə yaş məhdudiyyəti qoymaqdır:

“Sosial medianın özü ilə bərabər gətirdiyi problemləri bir çox yolla aradan qaldırmaq mümkündür. Bunlardan ilki, telefonların və texnoloji vasitələrin uşaqlara nə vaxt təqdim edilməsinə yaş məhdudiyyəti qoymaqdır. Ümumiyyətlə, dünyada azyaşlı uşaqlara sosial mediadan istifadə etməmək tövsiyə olunur. Bu yaşda uşaqlar sosial şəbəkələrin təbliğ etdiyi “ideal” insan olmaq anlayışının təzyiqi altında bir çox psixoloji sarsıntılar keçirə bilərlər. Belə anlayış onların öz xarici görünüşləri, çəkiləri, hətta sosial mövqeyi ilə bağlı narahatlıqlar yaşamasına səbəb olur.

Əsasən də yeniyetmələrin ağır görüntülər və məlumatlar, fiziki və ya mənəvi şiddət tərkibli videolar və s. kimi həssas kontentlərin paylaşıldığı açıq sosial şəbəkələrdən istifadəsinə valideynlər tərəfindən ciddi nəzarət olunmalıdır.

Digər bir yol isə bütün yaşlar üçün, ekran vaxtını məhdudlaşdırmaqdır. Bu, bütövlükdə istehlak edilən sosial medianın miqdarını məhdudlaşdırmaq kimi nəzərdə tutulmalıdır. Bu müdaxilələrin tətbiqi, sosial müqayisəni və onun psixi sağlamlıq, fiziki rifah və münasibətlərə təsirini mütləq şəkildə azaldacaqdır”.

Psixoloqun fikrincə, ekran arxasından görünən bir çox kadrın reallıqla əlaqəsi yoxdur:

“Kiminsə xaricini öz daxilinizlə müqayisə etməyin. Sosial medialarda əks etdirilən bu yazılar adətən diqqətin cəlb edilməsi və baxış sayları üçün nəzərdə tutulur və o görüntülər real həyat deyil. Real həyat hər zaman layiq olduğumuzu bizə verməyə hazırdır, bunun üçün çalışmaq, inkişaf etmək və şikayətlənməmək daha doğru yoldur. Son olaraq isə sizi özünüzə və ya başqalarına qarşı mənfi hiss etdirən insanları deyil, hər zaman sizi ruhlandıran və xoş təsir bağışlayan insanları izləməyə çalışın”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*