Teymur Sərkarov tez-tez şəhidlər xiyabanına gəlir, yaxınlarını və cəmi şəhidlərimizi anır. Əsgərovlar ailəsinin beş üzvü müsahibimizin ən yaxınları olub. 17 oktyabr gecə saat bir radələrində erməni terrorçuları növbəti dəfə Gəncəni hədəf alanda atılan raket Muxtar Hacıyev küçəsində Əsgərovlar ailəsinin evinin üzərinə düşür. Nəticə etibarı ilə Suliddin Əsgərov, Bəxtiyar Əsgərov, Sevil Əsgərovanın 1- yaşlı qız övladı Narin və Nigar həyatını itirir. Sevil Əsgərova və Nigar Teymur Sərkarovun bacısı və bacısı qızıdır.
KONKRET.az xəbər verir ki, Teymur Sərkarov baş verənləri bu cür xatırlayır:
“Yaşananlar çox ağırdır. Bir gecədə günahsız ailə, körpələr həyatlarını itirdi. İndi geriyə onların xatirəsi qalıb”.
Müsahibimiz deyir ki, tək təsəlli torpaqlarımızın işğaldan azad olunmasıdır.
Xatırladaq ki, ümumilikdə 2020-ci ilin oktyabr ayı ərzində erməni terrorçularının Gəncəni “Skad”, “Smerç” və “Toçka U” raketləri ilə hədəf alması nəticəsində 6-sı uşaq olmaqla 26 nəfər dinc sakin həyatını itirdi, 29-u uşaq olmaqla 127 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Qafqazinfo.az
