Uşaqlığımızın sevimli kitablarından nəyi gizlədiblər? Tərcümə və senzura klassik əsərləri necə dəyişdirib?backend

Uşaqlığımızın sevimli kitablarından nəyi gizlədiblər? Tərcümə və senzura klassik əsərləri necə dəyişdirib?

Uşaqlıqda oxuyub böyüdüyüm “Başsız atlı”, “Sonuncu mogikan”, “Sirli ada”, “Robinzon Kruzo” və digər məşhur kitabların tərcüməçilər və senzura tərəfindən elə təhrif edildiyini təəccüblə öyrəndim ki, əsərlərin əsl məzmununu tanımaq belə çətinləşib. Dərin dini-fəlsəfi romanlar sırf macəra əsərlərinə çevrilib, nəticədə özünəməxsusluqlarının mühüm bir hissəsini itiriblər.

Tərcüməçi Aleksandr Ginzburq müsahibələrinin birində bu məsələyə toxunub. O, 1990-cı illərdə Mayn Ridin əsərlərini yeni, senzurasız tərcümələrdə təqdim edib. Lakin presviterian keşişinin oğlu olan bu britaniyalı yazıçı kitabları təhrif edilən yeganə müəllif deyildi.

Ədalət naminə qeyd etmək lazımdır ki, Mayn Ridin əsərləri hələ inqilabdan əvvəlki fransız tərcüməçilərinin müdaxiləsinə məruz qalmışdı. Onlar süjetin dinamikliyini artırmaq bəhanəsi ilə romanlardan Allah, məhəbbət və ruh haqqında düşüncələri, eləcə də romantik sevgi dialoqlarını çıxarmışdılar.

Rusiya və Sovet İttifaqında nəşr olunan tərcümələr isə artıq həmin “saçları qırxılmış”, məzmunu budanmış fransız nəşrləri əsasında hazırlanırdı.

Məsələn, “Başsız atlı” romanının baş qəhrəmanlarından biri Henri Poyndeksterin monoloquna nəzər salaq:

“…İnsan ucsuz-bucaqsız, sərt çöllərdə tənhalıqla üz-üzə qalanda ruhu istər-istəməz Allaha üz tutur.

Dünyəvi qayğılarla gözləri kor olmuş biz insanlar çox vaxt Yaradanı unuduruq. Lakin yüz kilometrlərlə ətrafda insan məskəni olmayan bu əzəmətli səma qübbəsinin altında Onun varlığını küləyin hər nəfəsində, otların hər xışıltısında aydın hiss edirsən.

Allahın surətində və bənzərində yaradılmış insan ruhu bu səssiz əzəmətə qarşı necə kar qala bilər? Xeyr, məhz sivilizasiyadan uzaqda həqiqi iman mövhumatlardan təmizlənir və ilkin saflığı ilə üzə çıxır…”

Mayn Ridin orijinal mətnində Henri gecələmək üçün çöldə dayandıqdan sonra tonqalın yanında oturaraq Yaradanın yaratdığı aləmin əzəməti, ruhun ölməzliyi haqqında düşünür. O, ilkin təbiəti ilahi məbəhlə müqayisə edir, daha sonra sevdiyi qadını xatırlayır və onun üçün dua edir.

Bizim öyrəşdiyimiz tərcümədə isə bütün bunlar bir cümləyə endirilib:

“Henri tonqal qaladı, mustanqını bağladı, serapesinə bürünüb tezliklə yuxuya getdi”.

Xristian kontekstinin aradan qaldırılması romanı detektiv məzmunlu vesternə çevirib. Halbuki orijinal əsərdə Qabil və Habil haqqında bibliya hekayəsinə işarə var. Bu süjetdə Qabilin obrazını Henri Poyndeksterin əmisi oğlu Kassius Kolhaun, Habilin obrazını isə Allahla və dünya ilə harmoniyada yaşayan, xeyirxah və həyatsevər gənc Henri təcəssüm etdirir.

Kassius da incimiş qüruru və qısqanclığı üzündən Henrini öldürür. Bibliya hekayəsində olduğu kimi, onların arasında qohumluq və ortaq qan bağı var. Qatil qurbanını kimsəsiz çöldə pusur, sonsuz düzənliyin törətdiyi günahı əbədi gizlədəcəyinə ümid edir. Sonra isə günahı günahsız bir insanın üzərinə atmağa çalışır.

Bibliyada “günahsız qanının Allaha fəryad etməsi” motivi romanda sanki gerçəkləşir. Henrinin başsız cəsədi rahatlıq tapmır, qatil cəzasını alana qədər çöllərdə dolaşaraq dirilərin qarşısına çıxır.

Müqəddəs Kitabda deyildiyi kimi, salehin qanını gizlətməyən torpaq burada da həqiqətin üzə çıxmasına kömək edir. Texas təbiəti qoca ovçu Zeb Stumpa cinayətin izlərini tapmağa yardım edir: at dırnaqlarının izləri, ağaca sancılmış güllə və üzərində Kolhaunun “K.K.” baş hərfləri olan güllə gilizi qatilin əleyhinə dəlillərə çevrilir.

Bu ixtisarlar, bəlkə də, mətni yeniyetmələr üçün daha cəlbedici edib. Lakin eyni zamanda onları imanın və doğruluğun gücü, alçaqlıq və xəyanət, Allahın qardaş qatilinin günahını cəzasız qoymaması haqqında düşünmək imkanından məhrum edib. İnsan nə qədər mürəkkəb hiylələr qursa da, ilahi ədalət qarşısında acizdir.

  1. Ceyms Fenimor Kuperin qəhrəmanları da dəyişdirildi

Nəşriyyatların və tərcüməçilərin müdaxiləsindən Ceyms Fenimor Kuper də az əziyyət çəkməyib. Onun kitablarından bibliya işarələri, dualar və qəhrəmanların ilahi iradə haqqında düşüncələri çıxarıldıqdan sonra əsas obrazlardan biri olan Nataniel Bampo — “Maralovlayan” — xristian filosofundan tüfəngli meşə sərgərdanına çevrilib.

Halbuki onun qeyri-adi nəcibliyi, dürüstlüyü və zərurət yaranmadıqca insan öldürmək istəməməsi təbiətin Allahın məbədi olduğuna və Yaradanın insanın hər addımını gördüyünə dair səmimi inamı ilə bağlı idi. Bu mənəvi təməl aradan götürüldükdə qəhrəmanın davranışları sadəlövh görünməyə başlayırdı.

Məsələn, “Maralovlayan” romanının elə ilk fəslində Nataniel Bampo və yoldaşı Henrix Març — “Narahat” — mənzərəli meşə gölünün sahilinə çıxarkən dini-fəlsəfi mübahisəyə başlayırlar.

Narahat hesab edir ki, vəhşi meşə insanın tam azad olduğu, heç kim qarşısında cavabdehlik daşımadığı məkandır. Onun fikrincə, insan qanunları, məhkəmələr və Allahın əmrləri yalnız sivil yaşayış məntəqələrində, şəhərlərdə və daş kilsələrdə qüvvədədir. Sıx meşədə isə insan özbaşına qalır və gücü çatan hər şeyi edə bilər.

Maralovlayan isə ona etiraz edir:

“…Sən deyirsən ki, Narahat, meşədə insan öz başına buraxılır və vəhşi təbiətinin istədiyini etməkdə azaddır. Amma yanılırsan. Rəbbin məbədi günahkar insanların tikdiyi, öz qüsurlarını gizlədib müəyyən saatlarda dua etdikləri şəhərlərin daş divarlarından ibarət deyil.

Bu qocaman şamlara, suyun büllur güzgüsünə bax. Məgər bunlar Yaradanın öz əlləri ilə ucaltdığı həqiqi kilsə deyilmi? Səmanın qübbəsi altında hər yarpaq, hər günəş şüası Onun əzəmətindən xəbər verir. Meşədə sən həmişə Allahın nəzəri altındasan və Onun hökmü burada koloniyaların məhkəmə kürsülərində verilən hökmlərdən daha birbaşa və sərtdir.

Vəhşi təbiətdə cəzasız qan tökməyin və tamahkarlığa qapılmağın mümkün olduğunu düşünən insanın ruhu kordur. Moraviya qardaşları mənə Müqəddəs Kitab əsasında öyrədiblər. Lakin əsas həqiqəti mənə təbiətin özü açıb: Allah Öz qanununu hər insanın qəlbinə yerləşdirib və mən bu ucqar meşədə Onun səsini hər yerdəkindən daha aydın eşidirəm…”

Sovet dövrünün kütləvi nəşrlərində bu dialoqdan, adətən, yalnız bir cümlə saxlanılırdı:

“Dostlar Sayrışan Güzgü gölünün sahilinə çıxdılar və gizlədilmiş kanoeni axtarmağa başladılar”.

Bəzən meşənin gözəlliyi haqqında bir-iki neytral cümlə də əlavə edilirdi.

Kuperin əsərlərində senzuranın daha ağır zərbə vurduğu obrazlardan biri isə Nataniel Bampodan da çox, onun əqli imkanları məhdud bacısı Getti Hatter — “Solmuş Zanbaq” idi.

Kuper onu düşüncələri və qəlbi tamamilə Allaha məxsus olan, Müqəddəs Kitabı hərfi mənada qəbul edən, saf və müqəddəs bir qız kimi təsəvvür etmişdi.

Atası Tom Hatter və Narahat huronlar tərəfindən əsir götürüləndə Getti özü ilə Bibliyanı götürərək düşmən düşərgəsinə təkbaşına gedir. O, hinduların İsa Məsihin sözlərini eşidən kimi tövbə edəcəklərinə və əsirləri azad edəcəklərinə inanır.

Getti onlara Dağüstü vəzindən — “Düşmənlərinizi sevin”, “Sağ üzünə vurana sol üzünü də çevir” kimi xristian çağırışlarından parçalar oxuyur.

Huronların ağsaqqalı tərcüməçinin köməyi ilə onu dinlədikdən sonra xristianlıq baxımından dərin və sarsıdıcı bir cavab verir. O bildirir ki, ağdərililər özləri bu kitabın öyrətdiklərinə əməl etmirlər: hinduların torpaqlarına silahla gəlir, insanları öldürür, baş dərilərini soyur, aldadır, sonra isə hindulardan Məsihin əmrlərinə uyğun yaşamağı tələb edirlər.

Sovet dövrünün uyğunlaşdırılmış nəşrlərindən bu mürəkkəb dini-fəlsəfi və etik mübahisə, eləcə də buna bənzər çoxsaylı epizodlar çıxarılıb. Allahın həqiqətini dilə gətirən və Allahı unutmuş qəddar dünyanı ittiham edən “ilahi elçi” obrazı əvəzinə oxucuya əsas qəhrəmanların işinə mane olan, sadəlövh və köməksiz bir qız təqdim edilib.

Hətta onun faciəli ölüm səhnəsi də qısaldılaraq bir cümləyə endirilib:

“Güllə Gettiyə dəydi və o öldü”.

Beləliklə, səhnənin bütün İncil məzmunu və bibliya miqyası yoxa çıxıb.

  1. “Robinzon Kruzo”: mənəvi tövbədən sağ qalmaq mübarizəsinə

“Robinzon Kruzo” romanının da məzmunu oxşar şəkildə dəyişdirilib. Dərin dini tövbə və mənəvi dirçəliş haqqında əsər vəhşi təbiətdə sağ qalmaq üçün bir növ təlimata çevrilib.

Robinzon təkcə valideynlərinə deyil, Allaha da qarşı çıxır. O, təkəbbürə, tamahkarlığa və öz taleyini müstəqil idarə etmək arzusuna qapılır.

O, evdən gizlicə qaçır, valideynlərinin xeyir-duasını almır, hətta onlarla vidalaşmır. İlk dəniz səyahətləri dəhşətli fırtınalarla müşayiət olunur. Allah onu doğru yola qayıtmağa çağırır. Qorxuya düşən Robinzon özünü düzəldəcəyinə söz verir, lakin fırtına səngiyən kimi yenidən dənizə çıxır. Əslində, o, öz iradəsini Allahın iradəsinə qarşı qoyur.

Daniel Defo üçün gəmi qəzası həm cəza, həm də düzəlmək imkanıdır. Yaşayış olmayan adada keçən həyat isə tövbə, mənəvi yenilənmə və iman qazanmaq yoludur.

Korney Çukovskinin tərcüməsində bu dini-fəlsəfi dram materializmin, əməyin və insan ağlının qələbəsini tərənnüm edən əsərə çevrilib.

Onun təqdimatında Robinzon bir növ “sovet insanı”nın prototipidir: tamamilə rasional düşünür, yalnız öz gücünə arxalanır, təbiətə ağır fiziki əmək sayəsində qalib gəlir və kimsəsiz adada nümunəvi sosialist təsərrüfatı yaradır.

Bunun üçün isə romanın əsas epizodlarından birini çıxarmaq kifayət idi.

Robinzon barıt və alətlərlə yanaşı, üç Bibliyanı da xilas edə bilir. O, “materialist cənnətini” qızdırma xəstəliyinə tutulana qədər qurur.

Ölümlə üz-üzə qaldığı vaxt, sayıqlama içində dəhşətli bir görüntü görür: tufan buludundan alov içində bir insan enir və tövbə etmədiyinə görə onu nizə ilə hədələyir.

Tamamilə taqətdən düşən və ümidsizliyə qapılan Robinzon Müqəddəs Kitabı açır. “Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm” məzmunlu məzmuru oxuyur, ağlayır və həyatında ilk dəfə səmimi qəlbdən Allaha dua edir. Onun mənəvi şəfası məhz həmin andan başlayır.

Çukovskinin tərcüməsində bu epizod tamamilə yoxa çıxıb. Robinzon xəstəliyə yalnız iradəsi və dərman bitkiləri sayəsində qalib gəlir. Müqəddəs Kitabın gündəlik oxunmasının ümidsizlik anlarında ona təsəlli verməsi və zamanla daxili aləmini dəyişdirməsi də əsərin tərcümə variantında öz əksini tapmır.

Cümə ilə münasibətləri də “ağa və qul” sxeminə salınır. Halbuki orijinalda Robinzon onu Allaha yaxınlaşdırır və bu bədbəxt bütpərəstə daha çox müəllimin şagirdə münasibəti ilə yanaşır.

Robinzon onu iki dəfə xilas edir: əvvəlcə fiziki ölümdən, sonra isə mənəvi cəhətdən məhv olmaqdan. O, Cüməyə yalnız ingilis dilini və tüfəngdən istifadə etməyi öyrətmir, həm də onunla xeyir və şər, Allah və şeytan haqqında mürəkkəb dini-fəlsəfi mübahisələr aparır.

Həm Robinzon, həm də Cümə kimsəsiz adanı tamamilə dəyişmiş insanlar kimi tərk edirlər. Onlar özlərini dərk etmiş, dünyanın ucqarında Allahı tapmış insanlara çevrilirlər.

  1. Klassik əsərlərdən nə itirdik?

Bu kitabların ixtisar edilməsəydi, öz dövrlərində yeniyetmələr arasında bu qədər geniş yayılıb-yayılmayacağını söyləmək çətindir. Mən 12 yaşımda Viktor Hüqonun ən mürəkkəb romanlarından biri olan “Səfillər”i oxumuşdum. Lakin həmyaşıdlarım arasında bu baxımdan, yəqin ki, istisna sayılardım.

Yəqin ki, Mayn Ridin uyğunlaşdırılmamış əsərlərini də oxuyardım. Ən azı, dini düşüncələrdən tamamilə məhrum, amma eyni zamanda parlaq, dərin və cəlbedici qəhrəmanları olan xüsusi “macəra əsərləri”nin mövcud olduğu barədə yanlış təsəvvürə düşməzdim.

İndi başa düşürəm ki, zahirən “dini olmayan” bu kitablar uşaqlıqda bizə niyə bu qədər yüksək mənəvi keyfiyyətlər — məhəbbət, sədaqət, nəciblik və fədakarlıq aşılayırdı. Bu romanlarda İncilin ruhu, Allah haqqında birbaşa xatırlatmalar və mülahizələr çıxarıldıqdan sonra belə yaşayırdı.

Yəqin ki, bu ilahi nur Allahın nəfəsini özündə daşıyan əsərlərdən — kitablardan, rəsm əsərlərindən, musiqidən — həmişə saçacaq. Onları nə qədər senzura etmək, məzmununu nə qədər təhrif etmək istəsələr də…

Müəllif: O. İoann Burdin

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*