AQEM-də Azərbaycanın regional siyasəti, ədalət və beynəlxalq əməkdaşlıq mesajları önə çəkildibackend

AQEM-də Azərbaycanın regional siyasəti, ədalət və beynəlxalq əməkdaşlıq mesajları önə çəkildi

Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündəki çıxışı Azərbaycanın regional və beynəlxalq siyasətinin əsas istiqamətlərini, müharibə cinayətlərinə görə məsuliyyətin təmin edilməsi, beynəlxalq təşkilatların fəaliyyəti və regional sülh təşəbbüslərini bir daha gündəmə gətirib.

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasında səsləndirib.

Elmir Səftərov: Azərbaycan əldə etdiyi qələbələrini beynəlxalq hüquqa  əsaslandırır- ÖZƏL

O, bildirib ki, Prezident İlham Əliyevin çıxışında Ermənistanın keçmiş rəhbərlərinin müharibə cinayətlərinə görə məsuliyyətə cəlb olunması məsələsi xüsusi yer tutub. Müharibənin başa çatması onun gedişində törədilmiş cinayətlərin unudulması demək deyil. Münaqişənin nəticələri ilə yanaşı, səbəblərinin də yadda saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibdir.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın keçmiş rəhbərlərinin məsuliyyəti ilə yanaşı, 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyanın da əvvəlki siyasətdən uzaqlaşmaq və sülhün təmin olunması istiqamətində fərqli addımlar atmaq imkanı var idi. Lakin Ermənistanın yeni rəhbərliyi də əvvəlki hakimiyyətlərin siyasətini davam etdirdi. İşğalçılıq siyasətindən əl çəkilməməsi, status-kvonun qorunması cəhdləri və yeni ərazi iddiaları müharibəyə gətirib çıxaran amillərdəndir.

Elmir Səftərov qeyd edib ki, Azərbaycanın uzun illər ərzində münaqişənin danışıqlar yolu ilə həllinə ümid bəsləməsinə baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin dinc yolla həllinə imkan verməyib. Nəticədə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olub.

O, vurğulayıb ki, bu gün Azərbaycanın müharibə cinayətlərinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində atdığı addımlar ədalətin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Beynəlxalq təşkilatların fəaliyyəti və ikili standartlar

Siyasi şərhçi bildirib ki, Prezidentin çıxışında beynəlxalq təşkilatların münaqişə dövründəki fəaliyyəti, eləcə də Avropa Şurası və Avropa Parlamentinin Azərbaycana münasibəti ilə bağlı məsələlər diqqətə çatdırılıb.

Onun sözlərinə görə, Azərbaycanın ərazilərinin işğalı dövründə Ermənistana qarşı ciddi təzyiqlərin və sanksiyaların tətbiq edilməməsi, bəzi Qərb təsisatlarının isə Ermənistana siyasi dəstək göstərməsi beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğunun aydın göstəricisidir.

Elmir Səftərov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra da bəzi beynəlxalq dairələrin və dövlətlərin yaranmış reallıqları qəbul etmək istəməməsi onların regionda təzyiq və təsir imkanlarını qorumaq, eləcə də uzun illər dəstəklədikləri tərəfin məğlubiyyətini qəbul etməmək cəhdləri ilə əlaqəlidir.

BMT və beynəlxalq qərarların icrası mexanizmlərinin zəifliyi

Siyasi şərhçinin fikrincə, çıxışın əsas istiqamətlərindən biri də beynəlxalq sistemin effektivliyi və qəbul edilmiş qərarların icrası ilə bağlı problemlərdir.

O, bildirib ki, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin icrasını təmin edən mexanizmlərin işləməməsi beynəlxalq sistemin əsas çatışmazlıqlarından biridir. Xüsusilə böyük dövlətlərin maraqlarının beynəlxalq qərarların qəbuluna və icrasına təsir göstərməsi təşkilatların fəaliyyət imkanlarını məhdudlaşdırır.

Elmir Səftərov vurğulayıb ki, bu vəziyyət beynəlxalq hüququn tətbiqində qeyri-bərabər yanaşmalara və uzunmüddətli münaqişələrin həll edilmədən qalmasına şərait yaradır.

Azərbaycanın sülh siyasəti və regional əməkdaşlıq təşəbbüsləri

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın münaqişədən sonrakı dövrdə əsas prioritetlərindən biri regional sülhün və sabitliyin təmin edilməsi olub.

Onun sözlərinə görə, qalib ölkə kimi Azərbaycan Ermənistana sülh təklifləri ilə çıxış edib, qarşılıqlı etimadın möhkəmləndirilməsini və regional əməkdaşlığın inkişafını dəstəkləyib. Azərbaycanın yanaşması qisas siyasətindən uzaqlaşmaq, münasibətlərin normallaşdırılmasına nail olmaq və regionda davamlı sülh şəraiti yaratmaq prinsiplərinə əsaslanır.

Elmir Səftərov bildirib ki, Azərbaycanın sülh təşəbbüsləri münaqişənin davam etdirilməsindən deyil, onun siyasi və iqtisadi əməkdaşlıq vasitəsilə geridə qoyulmasından yana olduğunu nümayiş etdirir.

AQEM-ə sədrliyin uzadılması və Azərbaycanın diplomatik mövqeyi

Siyasi şərhçi Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyinin daha iki il uzadılmasını üzv dövlətlərin ölkəmizə göstərdiyi etimadın və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinin göstəricisi kimi qiymətləndirib.

O, bildirib ki, bu qərar Azərbaycanın təşkilat daxilindəki diplomatik nüfuzunu artırmaqla yanaşı, regional və qlobal məsələlərin müzakirəsində dialoq platforması kimi rolunu da gücləndirir.

Elmir Səftərovun sözlərinə görə, sədrliyin davam etdirilməsi Azərbaycanın müxtəlif siyasi və coğrafi istiqamətlərdən olan dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə töhfə vermək imkanlarını artırır. Bu baxımdan AQEM çərçivəsində fəaliyyət ölkənin xarici siyasət prioritetlərinin həyata keçirilməsi üçün mühüm vasitədir.

O, qeyd edib ki, Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində əsas hədəflərdən biri Asiya ilə Avropa arasında əlaqələrin gücləndirilməsidir. Mərkəzi Asiya, Yaxın Şərq, Afrika, Cənub-Şərqi Asiya, Cənubi Qafqaz və Avropa ölkələri arasında əməkdaşlığın genişləndirilməsi Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələr sistemindəki mövqeyini daha da gücləndirə bilər.

Siyasi şərhçi əməkdaşlığın əsas istiqamətlərinin nəqliyyat və tranzit əlaqələrinin inkişafı, enerji əməkdaşlığının genişləndirilməsi, rəqəmsal əməkdaşlığın gücləndirilməsi, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, dövlətlər arasında qarşılıqlı etimadın artırılması, iqtisadi və siyasi dialoqun inkişaf etdirilməsindən ibarət olduğunu bildirib.

Elmir Səftərov vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi müxtəlif regionları birləşdirən mühüm qovşaq rolunu oynamaq üçün əlverişli imkanlar yaradır. AQEM çərçivəsində bu imkanların reallaşdırılması ölkənin regional və beynəlxalq əməkdaşlıqda rolunu daha da artırmağa xidmət edir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*