“Ermənilər azərbaycanlıları təxribata çəkməyə çalışır”.
Bunu KONKRET.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib. Deputat qeyd edib ki, Azərbaycanın cinayət hüququnda özünü müdafiə deyilən anlayış var: “İnsan səlahiyyətindən asılı olmayaraq özünümüdafiə hüquqlarına malikdir. Əgər sənə hücum olubsa, mütləq şəkildə müdafiə olunmalısan. Bu kimi məsələlərdə də vətəndaşımıza hücum olunubsa, o özünü qorumalıdır. Lakin eyni zamanda nəzərə almalıyıq ki, Ermənistan terror ideologiyası ilə idarə olunan ölkədir. Ermənistan Tovuz istiqamətində döyüşlərdə istəyinə nail ola bilmədi.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gözlədiyi köməyi ala bilmədi. Əksinə həmin təşkilata üzv olan dövlətlər Azərbaycanı dəstəklədi. Daha sonra erməni diasporu istəyinə çata bilmədi. ABŞ Konqresi onların əleyhinə məlum 2 düzəliş qəbul etdi. Bütün bunların fonunda erməni dövləti öz daimi və əzəli terror missiyasına geri döndü. Bu yolla Azərbaycana və azərbaycanlılara qarşı təzyiq göstərməyə çalışır. Ən önəmlisi isə azərbaycanlıları təxribata çəkməyə çalışırlar. Ermənilər azərbaycanlıları təxribata çəkərək onlara hücum edilməsini arzulayır.
Məqsəd də azərbaycanlıları dünyaya barbar kimi tanıtmaqdır. Azərbaycanlı olaraq soydaşlarımızı başa düşürəm. Ermənilər bütün adekvat cavablara layiq olsalar da, biz məsələyə diplomatik aspektdə yanaşmalıyıq. Hazırda diplomatik üstünlük bizdədir. Nikol Paşinyan daxildə dalana dirənib.
ABŞ Konqresi yeni düzəliş ərəfəsindədir. Məhz buna görə də biz daha çox beynəlxalq hüquq müstəvisinə üz tutmalıyıq. Ermənilərin oyunlarına uymamalıyıq. İmkan verməməliyik ki, onlar bizi barbar kimi tanıtsınlar. Vətəndaşlarımızı anlayıram. Amma mümkün qədər bu məsələdə səbirli olmalıyıq. Mübarizəmizi hüquq müstəvisində davam etdirməliyik. Vətəndaşlarımızdan da xahiş edirəm ki, bu kimi videoları yaymasınlar. Düzdür, o videolara baxanda vətəndaşlarımızın cavab olaraq erməniləri döyməsi insanın ürəyindən tikan çıxarır. Amma bu kimi videolarl yaymamaq lazımdır. Əksinə, mümkün qədər erməni vəhşiliyini yaymaq çox vacibdir”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
