Hər bir xalqın formalaşması dərin tarixi köklərə bağlıdır. Min illərə söykənən xalqların inkişafı və özünü dərk prosesi tarixin sınaqlarından keçir. Xalqımız da min illərdir öz milli mənəvi dəyərləri, milli kimliyi, milli adət-ənənlərilə bütün çətinliklərə sinə gərə-gərə, dünya xalqları arasında özünə layiqli yer tutub. Xalq özünü dərk edəndən, millət kimi formalaşandan bəri yeni ideologiyalar yaranıb, yeni ideyalarla yaşayıb. Dövlətçilik ideyaları zaman-zaman inkişaf edib, müxtəlif dövrlərdə fərqli ideologialar tarixi Azərbaycan dövlətlərinin tərəqqisində və mövcudluğunda mühüm rol oynayıb. Fikir adamlarının yorulmadan təbliğ etdikləri azərbaycançılıq ideyaları yüz illər ərzində dəyişməyib. Bəhmənyardan, Şəbüstəridən üzü bəri Azərbaycan fəlsəfi fikirinin banilərinin əsərlərində dövlətçilik ideyası və millətin özünü dərk fəlsəfəsi bu günümüzə qədər ötürülüb. Xalqın qan yaddaşının bir parçası olan milli dəyərlər və kimlik azərbaycançılıq ideyasının formalaşmasında xüsusi rol oynayıb. Orta əsrlərədə bu ideyanın daha da alovlanmasında İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, Məhəmməd Füzulinin və digər söz adamlarının əməyi danılmazdır.
Özünü dərk edən xalqın xüsusi dəyərlərə malik olması, öz ideyalarına sadiq qalması Azərbaycanda dövlətçiliyin qorunub-saxlanılmasında önəmli rol oynayıb.
Nəsildən-nəsilə ötürüldükcə bu ideyalar daha da, sərtləşir və sarsılmaz olur. Günümüzə qədər ötürülən bu sağlam dəyərlər hazırda Azərbaycanın dövlət siyasətidir və ümummilli lider Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal sistemidir.
Azərbaycançılıq hər şeydən öncə Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli-mənəvi dəyərlərə sahib çıxmaq, Azərbaycan dilini, tarixini, mədəniyyətini bilmək, tarixən əldə etdiyimiz dəyərləri mühafizə etməklə, qloballaşan dünyada mövcud olan, yeni universal dəyərləri mənimsəməklə, bunları ümummilli mənafelərimizin qorunması istiqamətində səfərbər etmək deməkdir.
Deməli, azərbaycançılıq ümumi konsepsiyadır. Bu konsepsiyada əks olunan bütün faktorlar, qeyd edilən bütün dəyərlərə xüsusi diqqətlə yanaşılmalı və azərbaycançılıq ideyasının qorunub-saxlanılması gələcək nəsillərə ötürülməlidir.
Ümummilli lider Heydər Əliyevin böyük önəm verdiyi milli ideyayanın kökündə sağlam düşüncə, gələcəyə inam dayanır. Məhz ulu öndərin başladığı bu siyasətin nüvəsini də milli-mənəvi dəyərlər təşkil edir. Müasir Azərbaycanın qurucusu hələ 70-ci illərdə bu konsepsiyanı işləyib hazırlayanda çoxları qrossmeyster həssaslığı ilə işlənən bu kombinasiyanı sıradan bir islahat hesab edirdi. Amma Heydər Əliyev hər il yüzlərlə azərbaycanlı gənci keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə təhsil almağa göndərəndə məhz xalqın gələcəyini düşünürdü. Gənclərin dünya görüşünün fərqli mühitdə formalaşması, mükəmməl təhsil alaraq Azərbaycana qayıtmaları üçün hər cür şərait yaradırdı.
Heydər Əliyevin respublikaya rəhbərliyi dövüründə Azərbaycan dilinə diqqət və önəm verildi. Milli mənəvi dəyərlərin inkişaf etdirilməsi üçün əməli addımlar atıldı. Unudulub yaddan çıxan adət ənənlərimiz bərpa edildi. Milli bayramımız – Novruzun keçirilməsinə qoyulan qadağa aradan qaldırıldı.
Artıq Azərbaycanda özünü dərk, milli kimliyin təbliği ideologiyaya çevirilmişdi. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarında azərbaycançılıq təbliğ olunur, bu mövzuyla bağlı xüsusi dərslər keçirilirdi.
Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunanda da Azərbaycana diqqət və qayğısını əsirgərmədən başladığı işi davam etdirmək üçün doğma respublikaya diqqətini getdikcə artırdı.
Ulu öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdanda təməlini qoyduğu azərbaycançılıq ideologiyasını yenidən inkişaf etdirmək üçün yeni konsepsiya hazırladı. Gənc nəslin milli ruhda tərbiyə olunması, onlarda vətənpərvəlik hissinin daha da güclənməsi üçün mühüm işlər görüldü. Heydər Əliyevin Sərəncamı ilə 1997-ci il fevralın 2-də Azərbaycanda gənclər günü təsdiq olundu. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının növbəti nümunəsi idi.
Müqayisə üçün qeyd edək ki, gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq, Azərbaycanda Gənclər günü qeyd ediləndən sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-də Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.
Azərbaycançılıq ideyasının yeni mərhələyə qədəm qoyması Heydər Əliyev siyasətinin mühüm hissəsi idi. Xarici səfərlərində qürbətdə yaşayan soydaşlarımızla mütamadi görüşən ulu öndər onların vətənə bağlılığını saxlamaq üçün xüsusi plan hazırladı. Vətəndən kənarda yaşayan milyonlarla azərbaycanlını birləşdirməkdən ötəri müxtəlif tədbirlərin keçirilməsi həyata keçirildi.
Dünya Azərbaycanlılarının birinci Qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 23 may 2001-ci il tarixli, 724 nömrəli sərəncam imzaladı. Sərəncamda Dünya Azərbaycanlılarının birinci qurultayının 2001-ci il noyabr ayının 9 və10-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulurdu.
Həmin ilin payızında Bakıya dünyanın hər yerindən yüzlərlə soydaşımız gəldi. Bu nəcib təşəbbüsü irəli sürən və onu həyata keçirən ulu öndərə təşəkkürlərini bildirdilər.
Bununla da azərbaycançılıq ideyası sözdən əmələ keçdi.
Vəli Həsənov,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli” mövzusuna uyğun olaraq dərc edilir.

