Xəzər quruyur, Kürdən narahatlıq doğuran xəbər gəldi – Azərbaycanda su böhranı başlayır?backend

Xəzər quruyur, Kürdən narahatlıq doğuran xəbər gəldi – Azərbaycanda su böhranı başlayır?

İqlim dəyişikliyinin təsirləri dünyanın müxtəlif bölgələrində su ehtiyatlarının azalması ilə özünü daha qabarıq şəkildə göstərir. Rumıniyada Dunay çayında suyun səviyyəsinin son onilliklərin minimum həddinə enməsi bu narahatlıqları daha da artırıb.

Bəs oxşar risklər Azərbaycan üçün nə dərəcədə realdır? Xəzər dənizində müşahidə olunan enmə gələcəkdə su qıtlığı təhlükəsindən xəbər verirmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, Azərbaycanın əsas su ehtiyatları transsərhəd çaylar, xüsusilə də Kür çayı hesabına formalaşır:

“Kür çayı Türkiyədən başlayaraq Gürcüstan ərazisindən keçib Azərbaycana daxil olur. Gürcüstan ərazisində çayın çirkləndirilməsi ayrıca problemdir. Bundan başqa, qlobal istiləşmə fonunda yuxarı axarlarda suvarmanın genişlənməsi, su anbarlarının yaradılması və su ehtiyatlarından daha çox istifadə edilməsi aşağı axında yerləşən ölkələrə də təsir göstərir”.

Ekoloqun sözlərinə görə, hazırda Azərbaycanda ciddi su problemi yoxdur:

“Mingəçevir və Şəmkir su anbarları ölkənin su təminatında mühüm rol oynayır və aşağı axarlarda da su təminatı qorunub saxlanılır. Lakin gələcəkdə iqlim dəyişikliyi fonunda müəyyən risklərin yaranması mümkündür. Adətən aşağı axarda yerləşən ölkələr bu cür problemlərlə daha çox üzləşirlər. Rumıniya da Dunayın aşağı axarında yerləşdiyi üçün belə çətinliklər yaşayır. Avropa Birliyi çərçivəsində və beynəlxalq konvensiyalar əsasında bu məsələlərin tənzimlənməsi istiqamətində işlər aparılır. Beynəlxalq hüquqa görə, aşağı axarda yerləşən dövlətlərin su ilə təminatı nəzərə alınmalıdır. Azərbaycanla Gürcüstan arasında bu sahədə ayrıca müqavilə olmasa da, hazırda hər hansı problem yaşanmır. Qonşuluq münasibətləri normaldır və bizə qarşı su məhdudiyyəti tətbiq edilmir”.

Q.İbrahimli qeyd edib ki, Qarabağ işğal altında olduğu dövrdə isə vəziyyət fərqli idi:

“Tərtər çayından aşağı axarlara suyun buraxılmaması ciddi problemlər yaradırdı. Müharibə və münaqişələr zamanı aşağı axarda yerləşən ərazilər bundan daha çox zərər görür. Bu gün isə həmin problem aradan qalxıb və Azərbaycanın su təhlükəsizliyi baxımından ciddi narahatlığı yoxdur. Ümumilikdə, Azərbaycan hazırda su böhranı yaşayan ölkələr sırasında deyil. Eyni zamanda dövlət gələcək risklərin qarşısını almaq üçün yeraltı su ehtiyatlarına nəzarəti gücləndirir, qanunsuz quyuların qazılmasına ciddi nəzarət edir. Ona görə də narahatlığınızı başa düşsəm də, bu gün üçün ciddi təşvişə əsas görmürəm”.

Qorxmaz İbrahimli deyib ki, Xəzər dənizinin səviyyəsinin enməsi ilk növbədə ekoloji problemlər yarada bilər:

“Sahilboyu ərazilərin səhralaşması, dəniz dibindən üzə çıxan duzlu və minerallı qatların ətraf mühitə təsiri kimi məsələlər gündəmə gələ bilər. Ancaq bu, uzunmüddətli prosesdir. Xəzərin qısa müddətdə qurumasından söhbət getmir. Bəzən müxtəlif proqnozlar insanlarda həddindən artıq narahatlıq yaradır. Hazırda Xəzərin səviyyəsi tədricən azalır və müəyyən mərhələdən sonra bu proses sabitləşə bilər. Qlobal istiləşmə fonunda Xəzərin səviyyəsinin enməsi müşahidə olunur. Eyni zamanda, gələcəkdə qütb buzlaqlarının əriməsi nəticəsində yağıntılar artarsa, bu, Volqa çayının axınına da müsbət təsir göstərə bilər. Volqa Xəzərə tökülən əsas çaydır və onun suyu dənizin səviyyəsinə birbaşa təsir edir”.

Ekspert bildirib ki, Kür çayında suyun azalması da Xəzərin səviyyəsinə təsirsiz ötüşmür:

“Xəzərə daxil olan suyun əsas hissəsini Volqa təmin edir, ondan sonra isə Ural və Kür çayları gəlir. Qlobal istiləşmə bu çayların axımına da mənfi təsir göstərir. Lakin Xəzər dənizinin səviyyəsinin enməsi Azərbaycanda içməli su qıtlığı yaradacaq demək deyil. Bu, əsasən ekoloji və sahilyanı ərazilərlə bağlı problemdir, ölkənin su təminatına birbaşa təsir göstərmir. Xəzər suyunun duzsuzlaşdırılması ilə bağlı müəyyən layihələr müzakirə olunsa da, hazırda buna ciddi ehtiyac yoxdur. Çünki Azərbaycan bu gün su böhranı yaşayan ölkələrdən deyil. Buna görə də Xəzərin səviyyəsinin enməsinin ölkədə su qıtlığı yaradacağı ilə bağlı narahatlığa əsas yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*