Yazıçı Varis: “Biz niyə uduzuruq…” – MÜSAHİBƏbackend

Yazıçı Varis: "Biz niyə uduzuruq..." - MÜSAHİBƏ

Dünya pandemiya ilə mübarizə aparır. Erməni adlı mənfur düşmənimiz isə Dağlıq Qarabağ uğrunda informasiya müharibəsini belə, durdurmaq bilmir.

Artıq düşmən Dağlıq Qarabağda çəkilmiş, münaqişə ilə bağlı həqiqətləri tamamilə təhrif edən “Əgər külək əsərsə” (Si le vent tombe) filmini Kann Kino Festivalının proqramına daxil etdirib. Avrasiya Materiki Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Azərbaycan Yazıçılar Birliyinin Komissiya üzvü, yazıçı və əməkdar jurnalist Varis Yolçuyev bu barədə özünün facebook səhifəsində maraqlı paylaşım edib.

KONKRET.az mövzu ilə bağlı yazıçı ilə geniş müsahibəni təqdim edir.

– Varis müəllim, statusunuzda erməniləri bəzi bizimkilərlə müqayisə edərək, vətənpərvər adlandırmış, “Nəticədə uduza-uduza gəlirik” fikrini bildirmisiniz. Bu qənaətinizə nə əsas verir?

– Bəli, söhbət erməni prodüsseri və rejissoru Nora Martirosyanın Dağlıq Qarabağda çəkilmiş, münaqişə haqqında həqiqətləri  tamamilə təhrif edən, separatçılığın təbliğinə xidmət edən, təcavüzü əsaslandıran “Əgər külək əsərsə” filmindən gedir, film həqiqətən də Kann kinofestivalının proqramına daxil edilib.

Bir baxın, ermənilər bu 12 milyon dollarlıq büdcəyə malik filmin həm də piarına, Kann kinofestivalı kimi dünyanın ən mötəbər kinofestivalında iştirakına astronomik pullar xərcləyirlər. Özü də pulu, təbii ki, Ermənistan dövləti deyil, imkanlı ermənilər ödəyirlər. Niyə? Çünki vətənpərvərdirlər, de-fakto yiyələndikləri Dağlıq Qarabağa de-yure də yiyələnmək istəyirlər.

İndi də keçək bizim iriçaplı imkanlılara. Onların aralarında barmağınızı qatlaya bilərsinizmi, hansısa ümummilli bir layihəyə 12 milyon da demirəm, 2 min pul ayıran biri olsun? Qatlaya bilməzsiniz. Bu çox təəssüfedici haldır.

– Bizim bəzi yaradıcı qurumların bu münasibətlə Fransaya etiraz müraciətləri yolladıqlarına da diqqət çəkərək, bunu hadisələrin kökünə təsirsiz bir hal kimi dəyərləndirmisiniz…

– Bizim yaradıcı qurumlar bu münasibətlə Fransaya etiraz müraciətləri yollayırlar, “etməyin”, “eləməyin” deyirlər. Əlbəttə, etiraz etməyimiz yaxşıdır. Amma bu bizdə adətən bir kampaniyaçılıq xarakteri alır və heç vaxt da lazımi effekt vermir. Bu məsələlərdə məni daha çox hadisələrin zahiri təsviri yox, daxili, kökü maraqlandırır. Özümüz rəvac veririk hər şeyə, sonra da gurultulu etiraz bəyanatları səsləndirməklə, sanırıq ki, proseslərə müdaxilə edə biləcəyik. Ancaq daldan atılan daş həmişə topuğa dəyir. Düşmənlər isə həm öz yalançı ideologiyalarını yeritmək, həm də biz tərəfdən gələ biləcək əks zərbələri ram etmək üçün bütün institutları hərəkətə gətirirlər. Öz acı təcrübəmdən deyim. 2016–ci ilin iyununda mənim aprel döyüşlərindən bəhs edən və düşmənlərimizi həqiqətən silkələyən “Yaş əsgər çəkmələri” adlı əsərimin Rusiya ərazisində nəşrini dayandırmaq üçün onlar on minlərlə imza topladılar, hüquqi prosedurlarla buna nail oldular.

Ümumiyyətlə, siz bir yazıçı kimi ermənilərlə informasiya müharibəsində tərəfimizdən hansı addımların atılmasını daha effektli hesab edirsiniz?

– 1990-cı illərin ortalarında, gərək ki, 1995-ci il idi, Sankt-Peterburqun Tavrida sarayında MDB Paralmentlərarası sessiyasında bir media mənsubu kimi iştirak edirdim, düşmən ölkədən olan həmkarlarla müzakirələrdə çox acı bir həqiqəti başa düşdüm. Onlarda türklərlə düşmənçilik bir gen kimi genomlarına daxildir, irsən də ötürülür. Bizsə tarix boyu onlara İrəvanı, Zəngəzuru peşkəş etməyimiz bir yana, hətta bu gün  Qarabağı, ümumilikdə 20 faiz torpaqlarımızı da əta eləyib utanmaz-utanmaz  “xalq diplomatiyasından”, “barışıqdan” dəm vururuq. Bu da kökündən səhvdir. Elə ona görə də “Əgər külək əsərsə” Kanna gedib çıxır, milyonların diqqətini cəlb edir, bizim etiraz məktubumuz da bir məmurun masasının üstündən o yana çıxa bilsə də, uzağı, zibil yeşiyinə düşür.

Bəsit bir misal çəkim. “Nezavisimaya qazeta”dan maraqlı bir reportaj oxumuşdum: İki yeniyetmə ağdərəli erməni Eçmiədzin yepiskopluğuna müraciət edirlər ki, Ağdərə monastırı barədə, “qədim erməni tarixi” barədə həvəskar çəkiliş etmək istəyirik, bizə prokata bir həvəskar videokamera lazımdır. Eçmiədzin isə onlara 70 min dollarlıq büdcə ayırır, yeni kamera, montaj stolu alınır ki, qoy faydalı niyyətlərini  həyata keçirsinlər. Onların milli məsələyə münasibəti bax budur.

Siz bunun bənzərini həyata keçirməyə bizdə cəhd etsəniz, nəticəsi nə olacaq? Məlumdur, nə olacaq.

Yeri gəlmişkən, istərdik ki, Xocalı hadisələrindən bəhs edən “Qırmızı ləçəklər” romanınızın geniş oxucu auditoriyasına çatımlılığı barədə məlumat verəsiniz.

– Həmin roman Azərbaycan Dövlət Gənclər Fondu tərəfindən, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində nəşr edilib, bu il fevralın 26-da Bakı Konqress Mərkəzində ictimaiyyətə təqdim olunub. Hazırda əcnəbi dillərə tərcümə olunur, dünya oxucusuna çatdırılması planlaşdırılır.

Necə bir roman yazasan ki, həm beynəlxalq bestseller olsun, yüz minlərlə oxucunu cəlb eləsin, həm də içində siyasi, milli məsələ çözülsün? Bu çox çətin məsələdir, amma bu məsələdə mənə illərin təcrübəsi, bir də, 2016-cı ildə Nyu-York Beynəlxalq Yazıçılar Konqresində aldığım 48 akademik saat “Bestseller yazmağın qızıl qaydaları” kursu yardımçı oldu. Belorusda sahə inspektoru işləyən, sonradan 1992-ci ildə Xocalıda göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adını qazanmış əslən xocalılı Əlif Hacıyevlə belorus məktəblisi Qalina Mankonun 1978-ci ildə başlamış sevgi macərasının fonunda Qarabağ həqiqətlərini oxuculara çatdıra bilmişəm. İlkin resenziyalar da çox müsbətdir. İyunun 24-də Əlif Hacıyevin doğum günündə Şəhidlər xiyababındakı məzarının üstünə ailəsi aparıb “Qırmızı ləçəklər” kitabını qoymuşdu, çox təsirləndim.

Xatırlayırsınızsa, ötən il mətbuatda məşhur Hollivud aktyoru Mell Gibsonun Xocalı soyqırımı haqqında film çəkəcəyi barədə informasiyalar yayılmışdı. Necə bilirsiniz, sözügedən filmlə bağlı hər hansı yenilik varmı?

– Ötən il amerikalı rejissor və aktyor Mel  Gibson “Icon Productions” kinokompaniyası ilə Xocalıda azərbaycanlıların soyqırımı haqqında film çəkəcəyini bəyan etmişdi: “Mən Xocalı şəhərinin əhalisinin faciəsi ilə dərindən şok oldum, sülhsevərlərə qarşı belə bir qəddarlıq, hətta müharibə dövründə də çox nadir haldır. Mən çoxuşaqlı İrlandiyalı katolik ailəsində  doğulmuşam  və İrlandiyalıların qurbanları mənə yaxşı tanışdı.

Xocalı hekayəsi ilə tanış olanda bu qətllərin ölüm səhnələri ilə dolu hansısa filmdən olduğunu düşündüm, ancaq bütün bunların həqiqət olduğu ortaya çıxdı.

Xocalı faciəsi ilə bağlı “Icon Productions” film şirkəti ilə film çəkmək üçün hazırlaşırıq.

Hər bir millətin soyqırımı məsələsində rəftarı kəskin mənfi olur”.

Xatırladım ki, illər öncə ermənilər tərəfindən Mel Gibsona “Ararat” filmini çəkmək təklif olunmuşdu. Film guya Osmanlı Türkiyəsində törədilən erməni genosidi barədə olmalıydı. Amma sonradan ABŞ-da yəhudi və türk təşkilatlarının sayəsində Mel bu proyektdən imtina etdi. “Ararat” filmini tanınmayan kanadalı erməni rejissor çəkdi, ancaq anşlaq olmadı və film heç bir rezonans yaratmadı.

Məlumata görə, Mell Gibson Xocalı barədə film çəkmək fikrinə ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporunun təsiri ilə düşüb, çəkilişlər bu ilin əvvəlində başlamalı, Türkiyənin İqdır bölgəsində aparılmalıydı.

Amma dünyanı bürüyən koronavirus pandemiyası bütün həyatı iflic etdiyindən Gibsonun film çəkmək ideyası da reallaşmadı. Bəlkə dünya düzələrsə, film hər halda çəkiləcək, bax buna ümid etməyə dəyər.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*