Yaxın Şərqdə ABŞ–İsrail–İran qarşıdurmasının getdikcə daha da kəskinləşməsi regionda yeni geosiyasi reallıqlar formalaşdırır. Bu gərginlik təkcə Yaxın Şərqlə məhdudlaşmır, eyni zamanda Cənubi Qafqazda qüvvələr balansına, xüsusilə nəqliyyat dəhlizləri və strateji kommunikasiya xətlərinə də birbaşa təsir göstərir.
Bəs dəyişən şərtlər fonunda İranın Cənubi Qafqazdakı rolu zəifləyəcək?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, ABŞ–İsrail–İran qarşıdurmasında Tehranın tam üstünlük qazanması real görünmür:

“Bu müharibədə İran yalnız müəyyən prinsiplərini qoruyub saxlaya bilər. Amma istənilən halda, müharibədən əvvəlki İran olmayacaq. Həm iqtisadi, həm də hərbi baxımdan zəifləmə qaçılmazdır. Əgər İran daha güclü olduğu dövrdə Cənubi Qafqaza ciddi təsir göstərə bilməyibsə, bundan sonra bu imkanları daha da məhdud olacaq”.
Partiya sədri qeyd edib ki, bölgədə əsas söz sahibi yenə də böyük güclər olacaq və strateji kommunikasiya xətləri onların maraqları çərçivəsində formalaşacaq:
“ABŞ-ın əsas diqqəti Hörmüz boğazı üzərindədir. Bu baxımdan İranın Ermənistan üzərindən keçən kommunikasiyalara nəzarət etməsi və ya şərtlər irəli sürməsi real görünmür. Bu proseslərə nəzarət daha çox ABŞ və digər böyük güclərin əlində olacaq.
Regionda nəqliyyat xətlərinin açılması məsələsində Rusiya da açıq mövqe nümayiş etdirir. Rusiya rəsmilərinin son açıqlamalarında da qeyd olunur ki, bu marşrutlar Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin kəsişdiyi strateji xəttdir və işləməlidir. Bu isə o deməkdir ki, İran bu məsələdə təklənə bilməz”.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi təkcə regional deyil, qlobal əhəmiyyət daşıyır:
“Bu dəhliz həm Rusiya, həm Çin, həm də Avropa İttifaqı üçün vacibdir. Ona görə də layihənin reallaşması böyük güclərin ortaq maraqları çərçivəsində irəliləyəcək”.
Beləliklə, ekspert hesab edir ki, Yaxın Şərqdəki gərginliklərə baxmayaraq, Cənubi Qafqazda əsas geosiyasi qərarlar regional ölkələrdən daha çox qlobal güclərin maraq balansına uyğun müəyyənləşəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
