Yeni təhlükəsizlik formulları işə düşür- SENSASİON FAKTLARbackend

Yeni təhlükəsizlik formulları işə düşür- SENSASİON FAKTLAR

XXI əsrdə Avropa özünü demokratik dəyərlərin, dini azadlıqların və multikulturalizmin əsas dayaqlarından biri kimi təqdim edir. Lakin son illər baş verən hadisələr göstərir ki, məhz bu dəyərlər xarici təsir əməliyyatlarının əsas hədəfinə çevrilib. Məscidlərə donuz başlarının atılması, sinaqoqların boyanması, kilsələrin təhqir olunması və dini icmalar arasında qarşıdurma yaratmağa hesablanmış vandalizm aktları yenə gündəmə gətirilib. Əlbəttə bu, artıq təkcə cinayət hadisəsi kimi qiymətləndirilmir. Təhlükəsizlik ekspertləri bunları getdikcə daha çox hibrid müharibənin növbəti elementləri kimi dəyərləndirirlər.

Nifrət cinayətlərinin artan statistikası

Fransa Daxili İşlər Nazirliyinin açıqladığı son statistikaya görə, ötən illərdə olduğu kimi, bu ildə də ölkədə irqçi, ksenofob və dini nifrət motivli hüquqpozmaların sayı artıb. Ən diqqətçəkən məqam isə cinayətlərin böyük hissəsinin dini və etnik zəmində təhqir, təxribat və nifrət çağırışlarından ibarət olmasıdır.

Belə hesabatlar göstərir ki, son illərdə antisemit, islamofob və digər dini nifrət xarakterli hadisələr sabit şəkildə artmaqdadır. Dövlət orqanları artıq bunu yalnız ictimai təhlükəsizlik problemi deyil, milli təhlükəsizlik məsələsi kimi qiymətləndirirlər.

Paris hadisələri niyə fərqlənirdi?

Hələ 2025-ci ilin mayında Parisdə Holokost memorialı, üç sinaqoq və bir yəhudi restoranının yaşıl boya ilə vandalizmə məruz qalması Fransa cəmiyyətində böyük rezonans doğurmuşdu. İlk baxışdan hadisə antisemit hücum təsiri bağışlayırdı. Lakin istintaq dərinləşdikcə hadisənin adi nifrət cinayəti olmaya biləcəyi barədə versiyalar ortaya çıxdı.

Bir neçə ay sonra isə Paris və ətrafındakı doqquz məscidin qarşısına donuz başlarının qoyulması vəziyyəti daha da gərginləşdirmişdi. Hər iki hadisə dini icmalar arasında qarşılıqlı ittihamlar yaratmağa hesablanmış təsir bağışlayırdı. Fransa istintaq orqanları sonradan bu iki vandalizm dalğasının eyni təşkilati şəbəkə ilə əlaqəli ola biləcəyini bildirmişdilər.

Serbiya izi

Fransa və Serbiya hüquq-mühafizə orqanlarının əməkdaşlığı nəticəsində bir neçə Serbiya vətəndaşı saxlanılmışdı. İstintaq materiallarında onların xaricdən yönləndirildiyi ehtimalı irəli sürülmüşdü. Məhkəmə sənədlərində xarici xüsusi xidmət orqanlarının mümkün iştirakı araşdırılırdı.

Burada vacib hüquqi məqam ondan ibarətdir ki, açıq məhkəmə materiallarında Rusiyanın xüsusi xidmət strukturları ilə bağlı şübhələr qeyd olunsa da, bu iş üzrə bütün iddialar tam məhkəmə qərarı ilə yekun təsdiqini tapmamışdı. Amma biz KONKRET.az-ın Araşdırma Qrupu olaraq bu hadisələrə yenidən niyə fokuslanırıq? İlk növbədə ABŞ-İran müharibəsi və bunun regionda, o cümlədən dünyasa yaratdığı dalğalar təşviq edir. Artıq ayrı-ayrı qlobal media orqanlarında hibrid müharibənin elementləri gözə çarpmaqdadır.

Ümumiyyətlə, hibrid müharibə nədir?

Ənənəvi müharibədə tanklar, raketlər və ordular iştirak edir. Hibrid müharibədə isə əsas silah informasiya, psixoloji təsir, dezinformasiya, sosial şəbəkələr, kiberhücumlar və ictimai qarşıdurmalardır.

Belə əməliyyatların məqsədi qarşı tərəfin iqtisadiyyatını dağıtmaqdan daha çox cəmiyyət daxilində etimadsızlıq yaratmaqdır. İnsanlar dövlətə, polisə, məhkəməyə, mediaya və hətta qonşularına inamını itirəndə xarici təsir üçün münbit zəmin yaranır.

Təsadüfi deyil ki, son illərdə Avropa İttifaqının təhlükəsizlik sənədlərində “xarici manipulyasiya” və “informasiya təsiri əməliyyatları” anlayışları getdikcə daha çox yer almağa başlayıb.
Bu mənada yenidən İran fonunda niyə dini məbədlər gündəmə gəlir, sionizm, xurafatçılıq, şiəlik məsələləri ismin 6 halında adlandırılır?

Bütün bunların bir cavabı var: Dünyaya belə bir mesaj ötürülür ki, “siz təhlükəsiz deyilsiniz”.

Əgər İsrail dövlətinə nifrət artırsa, yəhudilərlə müsəlmanlar arasında qarşıdurma dərinləşirsə, bundan qazananlar yeni bir layihənin icrasına başlayır.

Məhz təhlükəsizlik analitikləri bu nöqtədə “təxribat əməliyyatı” ehtimalını araşdırmağa başlayırlar.

Avropa niyə həssasdır?

Son on ildə Avropada miqrasiya, Ukrayna müharibəsi, enerji böhranı, inflyasiya və siyasi qütbləşmə onsuz da cəmiyyətləri gərgin vəziyyətə salıb.

Belə şəraitdə dini zəmində kiçik bir təxribat belə sosial şəbəkələr vasitəsilə milyonlarla insana çatdırılır, emosiyalar sürətlə yayılır və ictimai sabitlik sarsılır.

Məhz buna görə ekspertlər hesab edirlər ki, gələcəyin müharibələri tanklarla deyil, insanların şüurunda aparılacaq.

Birinci hissədə qeyd etdiyimiz kimi, Fransada dini məbədlərə qarşı törədilən vandalizm aktları artıq adi kriminal hadisə kimi deyil, milli təhlükəsizlik baxımından da qiymətləndirilir. Bunun əsas səbəbi bəzi hadisələrin arxasında təşkilatlanmış şəbəkələrin və mümkün xarici təsir əməliyyatlarının izlərinin araşdırılmasıdır. Lakin burada mühüm bir prinsip unudulmamalıdır: hüquqi dövlətlərdə istintaq materialları, jurnalist araşdırmaları və məhkəmənin qəti hökmü eyni anlayış deyil. Bu səbəbdən istintaqın irəli sürdüyü ehtimallar sübuta yetirilmiş fakt kimi təqdim edilə bilməz.

Hibrid müharibənin məqsədi nədir?

Müasir dövrdə dövlətlər arasında rəqabət təkcə hərbi güclə ölçülmür. Kəşfiyyat və təhlükəsizlik mütəxəssisləri hesab edirlər ki, cəmiyyətdə qorxu, etimadsızlıq və parçalanma yaratmaq bəzən raket zərbəsindən daha böyük strateji nəticələr verir.

Əgər bir ölkədə yəhudilər müsəlmanlardan, müsəlmanlar xristianlardan, yerli əhali isə miqrantlardan şübhələnməyə başlayırsa, həmin cəmiyyət daxilən zəifləyir. Xarici təsir əməliyyatlarının əsas hədəfi də məhz budur: düşmənə hərbi zərbə endirmək yox, onun daxilində sosial parçalanmanı dərinləşdirmək.

Bu strategiya son illərdə Avropa İttifaqı və NATO-nun təhlükəsizlik sənədlərində də geniş şəkildə müzakirə olunur. Hər iki qurum xarici dezinformasiya və təsir əməliyyatlarını müasir təhlükəsizlik mühitinin əsas çağırışlarından biri kimi qiymətləndirir.

Serbiya bağlantısı nələri göstərir?

Açıq məhkəmə materiallarından görünür ki, ayrı-ayrı şəxslərin törətdikləri terror xaricdən koordinasiya olunur. Bu predmet Azərbaycan xüsusi xidmət orqanlarının da daim diqqət mərkəzindədir.

İndiki halda ölkəmizdə Rusiya xüsusi xidmət strukturlarının törədə biləcəyi təxribatlar müzakirə edilir, eləcə də müxtəlif dini və siyasi dairələrlə bağlı iddialar səsləndirilir.

“Saxta bayraq” əməliyyatları yeni deyil

Tarix göstərir ki, təxribat xarakterli əməliyyatlar yalnız müasir dövrə aid deyil. Beynəlxalq münasibətlər tarixində müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının rəqib dövlətlərdə çaşqınlıq yaratmaq, ictimai rəyi manipulyasiya etmək və siyasi qərarlara təsir göstərmək məqsədilə gizli əməliyyatlar həyata keçirdiyi barədə çoxsaylı faktlar sonradan arxivlərdən məlum olub.

Bu əməliyyatlar bəzən “false flag” – yəni “saxta bayraq” adlandırılır. Məqsəd cinayəti başqa bir qrupun və ya dövlətin üzərinə yönəltmək, cəmiyyətdə yanlış təsəvvür yaratmaqdır. Lakin hər bir konkret hadisəni belə əməliyyat kimi qiymətləndirmək üçün ciddi sübut bazası tələb olunur. Əks halda, ehtimalların fakt kimi təqdim edilməsi yeni dezinformasiyaya yol aça bilər.

İnformasiya müharibəsinin əsas silahı emosiyadır

Ənənəvi müharibədə əsas silah mərmidirsə, informasiya müharibəsində əsas silah emosiyadır.

Bu baxımdan ölkəmizdə vicdan azadlığına edilən hücumlar sosial şəbəkələr vasitəsilə saniyələr ərzində milyonlarla insana çata bilər. Çox vaxt insanlar hadisənin arxa planını öyrənmədən emosional reaksiya verir və məhz bu məqam təsir əməliyyatlarını həyata keçirənlər üçün əlverişli şərait yaradır.

Təhlükəsizlik mütəxəssisləri hesab edirlər ki, məqsəd yalnız fiziki ziyan vurmaq deyil, cəmiyyətin psixoloji dayanıqlığını sarsıtmaqdır.

Niyə həmişə dini qarşıdurma niyə seçilir?

Din insanların ən həssas kimlik elementlərindən biridir. İrq, milliyyət və siyasi baxışlar dəyişə bilər, lakin dini hisslərə toxunan hadisələr çox vaxt daha güclü emosional reaksiya doğurur.

Məhz buna görə məbədlərə qarşı vandalizm aktları adi əmlak cinayətindən daha böyük ictimai təsir yaradır. Bir boya qabı və ya təhqiredici simvol bəzən yüzlərlə polis əməkdaşının səfərbər edilməsinə, geniş ictimai müzakirələrə və siyasi bəyanatlara səbəb olur.

Bu isə göstərir ki, belə təxribatların təsiri onların maddi zərərindən qat-qat böyükdür.

Avropa hansı nəticəni çıxarır?

Son illərdə Avropa ölkələri təkcə fiziki təhlükəsizliyi deyil, informasiya təhlükəsizliyini də milli müdafiənin tərkib hissəsi hesab etməyə başlayıblar.

Artıq əsas sual belədir: “Hadisəni kim törədib?” deyil, həm də “Bu hadisədən ən çox kim faydalanır?”

Bu yanaşma hüquq-mühafizə orqanlarının işini daha mürəkkəb etsə də, müasir təhlükəsizlik mühitini anlamaq baxımından vacibdir. Çünki bəzən təxribatın sifarişçisi hadisə yerindən min kilometrlərlə uzaqda ola bilər.

Müasir dünyanın təhlükəsizlik mənzərəsi köklü şəkildə dəyişib. Bir vaxtlar dövlətlər arasındakı qarşıdurmalar əsasən tankların, təyyarələrin və raketlərin gücü ilə ölçülürdüsə, bu gün informasiya, psixoloji təsir və cəmiyyət daxilində parçalanma yaratmaq qabiliyyəti ən azı hərbi üstünlük qədər əhəmiyyət daşıyır.

Dünyada vandalizm aktlarının araşdırılması da bu yeni reallığın bir nümunəsi kimi qiymətləndirilə bilər. İstintaqın müxtəlif istiqamətlərdə apardığı araşdırmalar göstərir ki, belə hadisələrə artıq yalnız xuliqanlıq və ya nifrət cinayəti kimi yanaşmaq kifayət etmir. Təhlükəsizlik orqanları hadisələrin arxasında mümkün təşkilatlanmış şəbəkələri, xarici təsir cəhdlərini və koordinasiya olunmuş fəaliyyətləri də araşdırırlar. Bununla belə, hüquqi baxımdan istintaq versiyası ilə məhkəmə tərəfindən sübuta yetirilmiş fakt arasında aydın sərhəd qorunmalıdır.

Cəmiyyəti bölmək ən ucuz silahdır

Hibrid müharibənin ən təhlükəli xüsusiyyəti ondan ibarətdir ki, onun əsas silahı tank deyil, insanın şüurudur.

Bir neçə boya qabı, bir neçə təhqiredici simvol və ya dini məkana qarşı vandalizm aktı milyonlarla avroluq hərbi əməliyyatdan daha böyük siyasi nəticə yarada bilər. İnsanlar bir-birinə şübhə ilə yanaşmağa başlayır, dini icmalar arasında etimad azalır, populist qüvvələr güclənir və cəmiyyət daxilində parçalanma dərinləşir.

Belə vəziyyətdə təxribatı təşkil edənlərə əlavə resurs sərf etməyə ehtiyac qalmır. Cəmiyyət artıq özü-özünü qarşıdurmaya sürükləyir.

Sosial şəbəkələr yeni döyüş meydanıdır

Əgər XX əsrin müharibələri cəbhə xəttində aparılırdısa, XXI əsrin mübarizəsi telefon ekranlarında gedir.

Bir vandalizm hadisəsinin görüntüsü saniyələr ərzində milyonlarla istifadəçiyə çatır. Hadisənin təfərrüatları araşdırılmadan müxtəlif versiyalar yayılır, emosional paylaşımlar edilir və dezinformasiya sürətlə həqiqətin önünə keçir.

Məhz buna görə Avropa ölkələri son illərdə media savadlılığının artırılmasına, dezinformasiyaya qarşı mübarizəyə və rəqəmsal təhlükəsizlik siyasətinə daha çox diqqət ayırırlar. Məqsəd yalnız cinayətkarları tapmaq deyil, cəmiyyətin manipulyasiyaya qarşı dayanıqlığını artırmaqdır.

Təhlükəsizlik təkcə polisin işi deyil

Bu hadisələr göstərir ki, dini məbədlərin mühafizəsi təkcə polis patrullarının sayını artırmaqla həll edilə bilməz.

Ən güclü müdafiə vasitəsi müxtəlif dini və etnik icmalar arasında qarşılıqlı etimadın qorunmasıdır. Əgər cəmiyyət təxribatın mahiyyətini anlayır və emosional manipulyasiyaya uymursa, belə əməliyyatların effektivliyi xeyli azalır.

Bu baxımdan media da xüsusi məsuliyyət daşıyır. Jurnalist hadisəni işıqlandırarkən sensasiya yaratmaq yox, faktları dəqiqliklə təqdim etmək, təsdiqlənməmiş iddiaları sübut olunmuş fakt kimi verməmək və nifrət ritorikasından uzaq durmaq prinsipinə əməl etməlidir.

Dediyimiz kimi, artıq milli təhlükəsizlik anlayışı da dəyişib. Artıq söhbət yalnız ordudan deyil, informasiya təhlükəsizliyindən, hüquq sistemindən, media mühitindən və vətəndaş cəmiyyətinin dayanıqlığından gedir.

Bəli, ancaq bir xalq öz daxilində etimadını itirərsə, həmin boşluğu doldurmaq çox daha çətin olur. Buna görə də Avropanın qarşısında duran əsas vəzifə təkcə məbədləri deyil, müxtəlif dinlərə və millətlərə mənsub insanların birgəyaşayış mədəniyyətini qorumaqdır. Çünki XXI əsrdə təhlükəsizliyin ən möhkəm qalası beton divarlar deyil, cəmiyyətin qarşılıqlı etimadı və sağlam düşüncəsidir.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*