Son illərdə kredit öhdəliklərini vaxtında yerinə yetirməkdə çətinlik çəkən vətəndaşların sayı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Gəlirlərin borc yükünü qarşılamağa kifayət etməməsi, faizlərin artması və ödənişlərin gecikməsi bəzi ailələr üçün kredit öhdəliklərini ciddi maliyyə probleminə çevirir.
Bəs belə vəziyyətdə olan vətəndaşlar üçün dövlət hansı güzəşt mexanizmlərini tətbiq edə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, kredit borclarının həlli üçün ilk növbədə vətəndaşların maliyyə imkanları nəzərə alınmaqla çevik mexanizmlər hazırlanmalıdır.

Ekspertin sözlərinə görə, borcunu ödəməkdə çətinlik çəkən şəxslər üçün mümkün güzəşt paketinə kreditlərin restrukturizasiyası, ödəniş müddətinin uzadılması və müəyyən müddətə güzəşt dövrünün tətbiqi daxil edilə bilər.
“Burada əsas məqsəd borcalanı borc yükünün altında saxlamaq deyil, onun real gəlir imkanlarına uyğun ödəniş mexanizmi yaratmaqdır. Məsələn, gəlirini müvəqqəti itirən vətəndaşa müəyyən müddət ərzində əsas borcun ödənişindən azadolma tətbiq oluna bilər. Daha sonra isə onun gəlirlərinə uyğun yeni ödəniş qrafiki müəyyənləşdirilə bilər”, – deyə mütəxəssis qeyd edib.
Asif İbrahimov hesab edir ki, sosial vəziyyəti ağır olan vətəndaşlar üçün faizlərin və hesablanmış cərimələrin müəyyən hissəsinin silinməsi də müzakirə oluna bilər. Bununla yanaşı, kredit müddətinin uzadılması aylıq ödənişlərin azalmasına imkan verə bilər.
Ekspertin fikrincə, gələcəkdə tətbiq oluna biləcək mümkün güzəşt paketlərində əsas meyar borcalanın real ödəmə qabiliyyəti olmalıdır. Belə yanaşma həm vətəndaşların üzərindəki borc yükünün azalmasına, həm də kreditlərin problemli aktivə çevrilməsinin qarşısının alınmasına xidmət edə bilər.
Aynurə İsmayıl
KONKRET.az
