Avqustun 26-da Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyayeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.
KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Ziroatxon Mirziyayeva Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, səmimi arzularını çatdırıb.
O, bir neçə gün əvvəl Azərbaycanın Birinci vitse-prezidenti ilə Özbəkistanda görüşlərini ən xoş təəssüratlarla xatırlayıb.
Ziroatxon Mirziyayeva Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin, nəcib təşəbbüslərinin yalnız Azərbaycanda deyil, bütün dünyada böyük rəğbət qazandığını vurğulayıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən diqqətə və təbriklərə görə Ziroatxon Mirziyayevaya təşəkkür edib.
Birinci vitse-prezident Mehriban Əliyeva da öz növbəsində Özbəkistana səfərini məmnunluqla xatırlayaraq, göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib.
