Yunanıstan Rusiyanın “Tor-M1” və “Osa-AKM” zenit-raket komplekslərinə texniki xidmət göstərilməsi ilə bağlı Moskva ilə müqaviləni ləğv etmək niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə “Pronews” portalı məlumat yayıb.
Qeyd olunub ki, “Tor-M1” və “Osa-AKM” hava hücumundan müdafiə sistemləri 20 ildən artıqdır ki, Yunanıstan ordusunda xidmətdədir.
Belə ki, portal Yunanıstanın silahlanma proqramlarına dair məlumatların yer aldığı sənədin skrinşotunu dərc edib.
Bildirilib ki, Yunanıstan hökuməti sistemlərin saxlanması üzrə müqavilələrdən imtina etmək qərarına gəlib və onlar tezliklə istismardan çıxarılacaq.
Nəşrin məlumatına görə, ümumilikdə Yunanıstan ordusu və Hərbi Hava Qüvvələri 21 “Tor-M1” özüyeriyən raket kompleksi və SHORADS sinifli (qısa mənzilli) 38 “Osa-AK/AKM” özüyeriyən idarə olunan raket kompleksləri ilə silahlanıb. Onların hamısı Egey dənizinin adalarında yerləşir.

İqbal Rzayev,
KONKRET.az
