“İsrail üçün dost ölkələr yoxdur, maraqları var. Bu məsələdə mənim mövqeyim birmənalıdır. İsrail harada maraqlar təmsil olunursa, orada varlar, harada maraqların əleyhinədirsə, o dövlətlə də özlərini düşmək elan edirlər”.
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərardan danışarkən deyib.
Onun sözlərinə görə, İsrailin aldığı qərarın əslində heç bir hüquqi əsası və təsiri yoxdur: “Bütün dünya “erməni soyqırımı”nı tanısa nə olacaq ki? Türkiyədən nə kompensasiya ala biləcək, nə də Türkiyə siyasi qarşılığını ödətdiriləcək ölkə deyil. Bu səbəbdən kim tanıyır, tanısın, Türkiyəyə təsiri də olmayacaq. Sadəcə, bu, İsrailin siyasi qərarıdır. Görünən odur ki, Türkiyənin Qəzzada baş verən hadisələr, İsrailin bu hadisələrdəki neqativ rolunu beynəlxaq arenada qabartmasına cavab olaraq, fikirlərincə, tarixi hadisələrə 100 -115 ildən sonra siyasi qiymət verməyə çalışırlar. Məncə, İsrailin yerinə olsaydım, Ermənistandan soruşardım ki, indiki məqamda sizə lazımdırmı mənim “erməni soyqırımı”nı tanımağım? Bu dəqiqə az qalıb Ermənistan hökuməti özü bu iddiadan imtina edə, İsrail isə yapışıb”.
T.Abbaslı vurğulayıb ki, Azərbaycan belə vəziyyətdə təbii olaraq qardaş ölkə Türkiyənin yanında olmalıdır: “Türkiyənin mövqeyi necə olacaqsa, Azərbaycanın da mövqeyi İsraillə münasibətlərinə baxmayaraq, eynən elə olmalıdır. Çünki İsrail bizi dost hesab edirdisə, bu qərarı verməmişdən qabaq gərək düşünərdi ki, dostlarını da yaxşı vəziyyətdə qoymur. Bu baxımdan Azərbaycan birmənalı olaraq Türkiyənin yanında olmalıdır, Türkiyənin atacağı addımlara həm regionda həm də beynəlxalq aləmdə tam dəstək verməlidir”.
