Ən təhlükəli peşə xəstəlikləri açıqlandı – Həkimdən xəbərdarlıqbackend

Ən təhlükəli peşə xəstəlikləri açıqlandı – Həkimdən xəbərdarlıq

İş şəraiti insan sağlamlığına təsir edən əsas amillərdən biridir. Saatlarla ayaqüstə qalmaq, ağır fiziki əmək, gecə növbələri və ya uzun müddət kompüter qarşısında işləmək zamanla müxtəlif peşə xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Bəs müxtəlif peşə sahələrində çalışan insanlarda ən çox rast gəlinən peşə xəstəlikləri hansılardır və onların qarşısını almaq üçün nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, peşələrin sayı çox olduğu kimi, hər peşənin də orqanizmə özünəməxsus təsiri var.

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." –  Müsahibə

Onun sözlərinə görə, monoton iş rejimində çalışan insanlar gün ərzində eyni hərəkətləri dəfələrlə təkrarladıqları üçün zaman keçdikcə həmin hərəkətlərlə əlaqəli funksional pozğunluqlar yaranır:

“İnsan necə sağlam qalmaq üçün müxtəlif qidalar qəbul etməlidirsə, iş rejimində də fərqlilik olmalıdır. Eyni işi fasiləsiz və uzun müddət görmək orqanizmə mənfi təsir göstərir.

Daim gecə işləyən insan gündüz yatmağa məcbur olur. Bu isə insan orqanizminin təbii həyat ritmini dəyişdirir. Nəticədə əsəb sistemi zədələnir, müxtəlif sağlamlıq problemləri yaranır.”

R.Bağırovun sözlərinə görə, ağır fiziki əməklə məşğul olan şəxslərdə bel yırtığı, diz qığırdaqlarının vaxtından əvvəl aşınması kimi problemlər daha çox müşahidə edilir.

Həkim zehni əməklə məşğul olanların da risk altında olduğunu bildirib:

“Zehni əməyin də öz normativləri var. Uzun müddət fasiləsiz zehni iş görmək olmaz. Onu müəyyən vaxtlarda fiziki fəaliyyətlə əvəz etmək lazımdır ki, beyin dincəlsin və uzun müddət səmərəli fəaliyyət göstərə bilsin.

Səhərdən axşama qədər ayaqüstə işləyən gənclərin diz oynaqları vaxtından əvvəl sıradan çıxa bilər. Bundan əlavə, əsəb sistemi pozulur, arterial təzyiqdə dəyişikliklər baş verir. Qadınlarda isə ayaq damarlarına düşən yük səbəbindən varikoz genişlənmə riski artır.”

Rasif Bağırov vurğulayıb ki, peşə amili bu gün cəmiyyətdə geniş yayılmış sağlamlıq problemlərinin əsas səbəblərindən biridir:

“Demək olar ki, əksər insanlarda peşə fəaliyyəti ilə bağlı müəyyən sağlamlıq pozğunluğu mövcuddur. Bəzən iş şəraitini dəyişmək mümkün olmur. Belə hallarda mütləq qoruyucu tədbirlər görülməli, iş rejimi düzgün təşkil edilməli və orqanizmə düşən yük minimuma endirilməlidir. Çünki bir çox xəstəliklərin formalaşmasında peşə amilinin rolu kifayət qədər yüksəkdir.”

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*