“Zelenski hakimiyyətdən gedəcək” – Türkiyəli polkovniklə SENSASİON MÜSAHİBƏbackend

"Zelenski hakimiyyətdən gedəcək" - Türkiyəli polkovniklə SENSASİON MÜSAHİBƏ

“Zelenski hakimiyyətdə qalsa müharibə davam edəcək, amma getsə böyük ehtimalla sülh olacaq”.

Bu sözləri türkiyəli hərbi ekspert, ehtiyatda olan kəşfiyyat polkovniki Coşkun Başbuğ KONKRET.az-a müsahibəsində deyib.

Polkovniklə müsahibəni təqdim edirik:

– Coşkun bəy, son zamanlarda, Volodomir Zelenskinin iqtidardan gedəcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsinin bitə biləcəyi iddia olunur. Bəs siz necə düşünürsünüz? Zelenski hakimiyyətdən getsə, müharibə bitər?

– Bəli, Zelenskinin iqtidardan gedəcəyi ilə bağlı bəzi iddialar yayılıb. O gedəcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında sülh ola biləcəyi də deyilir. Mən də buna qatılıram. Çünki yəhudi əsilli Zelenski Qərbin istifadə etdiyi bir aktordur. Düşünürəm ki, onun bir anda prezident olmağı da təsadüf deyil. Əslində Ukraynanı müharibəyə aparacaq bir fiqur lazım idi. O da məhz Zelenski idi.

Qərb Zelenskidən çox istifadə etdi, amma planları başa çatdığı üçün onu “oyun”dan kənarlaşdıracaqlar. Hesab edirəm ki, yaxın perspektivdə Zelenskinin hakimiyyətdən getməsini normal qəbul etmək lazımdır. Onsuz da getməlidir. Ondan sonra isə Rusiya-Ukrayna müharibəsində yeni bir səhifə açılma ehtimalı da çox güclüdür.

– Ehtimallara əsasən, Zelenskidən sonra iqtidara gələcək prezident müharibəni mövcud status-kvo ilə dayandıracaq. Ümumiyyətlə, Zelenski hakimiyyətdən gedəcəyi təqdirdə, yerinə gələcək lider müharibəni mövcud vəziyyətdə bitirə bilər? Buna Ukrayna xalqının və dünyanın reaksiyası necə olacaq?

– Zelenski iqtidardan gedəcəyi təqdirdə, yerinə gələcək lider müharibəni dayandıra bilər. Əlbəttə ki, belə bir ehtimal var. Məncə, Ukrayna xalqı da bunu müsbət qarşılayar və sevinər. Çünki onlar, bu müharibəni qazana bilməyəcəklərini, ən başından “tələyə düşdüklərini” anlamağa başlayıblar. Həmçinin, Qərb də Zelenskini dəstəkləməkdən yorulub və onun nəticə əldə edə bilməyəcəyini görür. Amma yeni prezidentin müharibəni dayandırmaq qərarı dəstəklənəcək.

– Həmçinin, gələn il Ukraynada prezident seçkiləri keçiriləcək. Zelenskinin yenidən prezidentliyə namizəd olub-olmayacağı da xeyli müzakirə olunur. Sizcə, Zelenski yenidən namizəd olacaq və ya olmalıdırmı?

– Zelenski yenidən prezidentliyə namizəd ola bilər. Amma qazanıb-qazanmayacağı da müzakirə mövzusudur. Məncə, Qərb Zelenskinin istifadə edib, kənara çəkildiyi üçün o namizəd olsa belə lazımi dəstəyi almayacaq. Buna rəğmən, Zelenski bir növ “qumar oynaraq” namizədliyini irəli sürə bilər.

Amma onun seçilib-seçilməyəcəyi Ukrayna xalqı necə təsir edəcəyi ilə bağlı olacaq. Əgər xalq ona müharibə başlayanda olduğu kimi dəstək versə, seçilə bilər. Lakin yorğun Ukrayna xalqının gözündə Zelenskinin etibarı bitsə, qazanma şansı qətiyyən olmayacaq.

– Bu məqamda başqa bir versiyanı da diqqətinizə çatdırmaq istəyirəm. Qərbdəki bəzi analitiklər hesab edirlər ki, Zelenski hakimiyyəti davam edərsə, Ukraynadakı müharibə Suriyada olduğu kimi uzun illər ərzində davam edə bilər. Siz bununla bağlı nə düşünürsünüz?

– Zelenski hakimiyyətdə qaldığı təqdirdə Ukraynada müharibənin bitmə ehtimalı yoxdur. Bu, doğrudur. Həqiqətən də o getməyəcəyi təqdirdə Ukraynanı illər boyu davam edəcək problemli günlər gözləyəcək. Çünki Zelenski heç bir zaman sülhü müdafiə etməyib. Hətta sülhü ağlına gətirən kimi Qərbin təzyiqi ilə müharibəni dəstəkləyən açıqlamalar verir. Təəssüf ki, proses bu gündə belə davam edir. Yəni Zelenski hakimiyyətdə qalsa müharibə davam edəcək, amma getsə böyük ehtimalla sülh olacaq.

– Nə üçün başda ABŞ olmaqla Qərb dövlətləri Ukraynaya verdikləri dəstəyi azaltdılar? Onlar, müharibəni dayandırmağı, yoxsa Zelenskini göndərməyi hədələyirlər?

– Qərbin Ukrayna verdiyi dəstəyi azaltmasına səbəb müharibəni dayandırmaq və ya Zelenskini göndərmək deyil. Əsas səbəb yorğunluqdur. Hər kəs əlindən gələn yardımı edib, bundan sonra isə gözləmə mövqeyinə keçib. Məhz bu niyyətlə də yardımları dayandırırlar. Amma düşünürəm ki, yardımların dayanması Zelenski hakimiyyətinin sonunu gətirər, müharibəni də Rusiya lehinə çevirər. Onu da gözəl bilirlər”.

Elmir Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*