Zelenski Rusiyanın taxıl ixracı ilə bağlı qərarına reaksiya verib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənvi videomüraciətində danışıb.
O, Rusiya Federasiyasının taxıl ixracı təşəbbüsünün uğursuzluğu ilə bağlı bəyanatını proqnozlaşdırıla bilən adlandırıb və dünyanı sərt reaksiya verməyə çağırıb.
Zelenski qeyd edib ki, əslində bu, rusların bugünkü qərarı deyil.
“Rusiya hələ sentyabr ayında ərzaq böhranını qəsdən ağırlaşdırmağa başlayıb. O, bizim məhsulla dolu gəmilərin hərəkətini əngəlləyib. Sentyabr ayından indiyədək taxıl dəhlizində 176 gəmi toplanıb ki, onlar öz marşrutu ilə keçə bilmirlər. Bəzi taxıl daşıyıcıları isə artıq üç həftədir ki, gözləyir. Bu, Rusiyanın tamamilə şüurlu blokadasıdır. Bu, Rusiyanın geniş miqyaslı aclıq təhlükəsini Afrika, Asiyaya qaytarmaq üçün tamamilə şəffaf təhdididir. Yeddi milyondan çox istehlakçının qidaya çıxışı real şəkildə pisləşir. Əlcəzair, Misir, Yəmən, Banqladeş, Vyetnam – bu və dünyanın müxtəlif yerlərindən olan digər ölkələr Rusiyanın ixracı əngəlləmək qərarı ilə sabitliyi poza bilər”, – deyə o bildirib.
Zelenski vurğulayıb ki, bu hərəkətlər dünyadan sərt reaksiya tələb edir.
“İndi bizə həm BMT səviyyəsində, həm də digər səviyyələrdə, o cümlədən G20 səviyyəsində sərt beynəlxalq reaksiya lazımdır. Rusiyaya G20-də yer yoxdur”, – deyə prezident vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
