Zelenski-Tramp görüşü: Müharibənin taleyi necə dəyişəcək?backend

Zelenski-Tramp görüşü: Müharibənin taleyi necə dəyişəcək?

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında yaxın günlərdə baş tutması gözlənilən görüş beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflərin müharibənin dayandırılması və sülh perspektivləri ilə bağlı fikir mübadiləsi aparacağı gözlənilir.

Bəs bu təmaslar Rusiya–Ukrayna müharibəsinin gedişinə və mümkün sülh danışıqlarına real təsir göstərə bilərmi?

İran və Azərbaycan arasında nələr gözlənilir? – Naxçıvana hücumdan sonra...  - Globalinfo.az

Aydın Tağıyev

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, Zelenski-Tramp görüşü müharibənin diplomatik mərhələyə keçidi baxımından mühüm əhəmiyyət daşıyır:

“Hazırkı mərhələdə ABŞ-nin mövqeyi həm Ukrayna, həm də Rusiya üçün həlledici faktorlardan biridir. Zelenski ilə Tramp arasında keçiriləcək görüşdə əsas diqqət atəşkəs imkanları, hərbi yardımın davam etdirilməsi və gələcək danışıqların çərçivəsinə yönələcək. Əgər tərəflər müəyyən ortaq məxrəcə gələ bilsələr, bu, sülh prosesinin sürətlənməsinə təsir göstərəcək”.

Politoloqun sözlərinə görə, Tramp son dövrlərdə həm Moskva, həm də Kiyevlə təmaslarını artıraraq münaqişənin diplomatik yollarla həllinə maraq göstərdiyini nümayiş etdirir:

“Zelenski özü də Trampla telefon danışığında sülh məsələsini müzakirə etdiklərini və bu istiqamətdə yeni ideyaların olduğunu bildirib. Yaxın vaxtlarda müharibənin tam dayanması real görünməsə də, belə təmaslar danışıqlar üçün yeni imkanlar yaradacaq. Bu görüşün nəticələri birbaşa sülh sazişi ilə yekunlaşmaya bilər. Lakin ABŞ-nin vasitəçilik səylərinin güclənməsi, Ukraynaya dəstək mexanizmlərinin və Rusiyaya təzyiq vasitələrinin müzakirəsi gələcək danışıqlar üçün zəmin formalaşdıra bilər. Ona görə də görüşün nəticələri diqqətlə izlənilməlidir”.

Politoloq vurğulayıb ki, müharibənin taleyi yalnız Kiyev və Vaşinqtonun mövqeyindən deyil, Moskvanın yanaşmasından da asılı olacaq:

“Əgər Rusiya da real danışıqlara maraq göstərərsə, qarşıdakı aylarda diplomatik prosesdə müəyyən irəliləyişlər müşahidə oluna bilər. Əks halda hərbi qarşıdurma davam edəcək və tərəflər paralel şəkildə həm döyüş meydanında, həm də danışıqlar masasında mövqelərini gücləndirməyə çalışacaqlar”.

Aynurə İsmayıl,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*