“Zəngilandan atamın “Kamaz”ı ilə çıxmışdıq, əlimizə keçəni götürdük” – ATV-nin aparıcısıbackend

“Zəngilandan atamın "Kamaz"ı ilə çıxmışdıq, əlimizə keçəni götürdük” - ATV-nin aparıcısı

Müsahibimiz uzun illərdir Azad Azərbaycan televiziyasında İdman xəbərlərinin aparıcılığını edən Vüsal Qurbanovdur.

KONKRET.az xəbər verir ki, Vüsal doğma şəhəri Zəngilanın alınması sevincini Moderator.az-la bölüşüb.

– Vüsal, öncə Zəngilanın düşməndən azad edilməsi münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Dünən Atv telekanalına canlı yayımla bağlanarkən sevinc hisslərinizi bölüşəndə kövrəldiniz. İstərdim təəsüratlarınızı bizimlə də bölüşəsiz..

– Cənab prezidentin açıqlamasından bir neçə dəqiqə sonra mən canlı yayıma bağlandım. Bildiyiniz kimi cəbhə bölgəsində çəkilişlərdəyik, ordumuzun qürurverici zəfər xəbərlərini işıqlandırırıq. Mən Atv kanalının rəhbərliyinə təşəkkür edirəm ki, bu sevinc hissini canlı yayımda yaşamağıma və xalqa çatdırmağıma mənə imkan yaratdılar. Əlbəttə kövrəldim.. Bundan əvvəl kövrəldiyim anlar da olmuşdu. Gəncədəki dağıntıların içərisində körpə uşağın yarım su dolu əmziyini tapanda çox pis olmuşdum. Daha əvvəl də efirdə kövrək dolu məqamlar yaşamışam. Amma bu kövrəklik sevinc kövrəkliyi, göz yaşları isə sevinc gözyaşları idi. Mən arzu edirəm ki, işğal altında olan digər rayonlarımızdan, şəhərlərimizdən olan sakinlər də eyni sevinci yaşasınlar və Azərbaycanın üçrəngli bayrağı o torpaqlara sancılsın.

– Nə vaxtsa “Zəngilan alınanda görəsən mən necə sevinəcəm?” deyə düşünürdünüz?

– Əlbəttə ki, mən bilirdim böyük sevinc yaşayacam, amma inanın bu sevincin həddi-hüdudu yoxdur. Qədərsiz sevinci əvvəlcədən təsəvvür etmək mümkün deyil. Göz lazım idi ki, mənim sevincimi görsün. Hər bir torpağımız işğaldan azad ediləndə mən bu sevinci yaşayıram, amma mən Zəngilanda doğulduğum üçün bu sevinc mənə daha doğma idi. Ailə üzvlərim bilir ki, bu hadisələr başlayandan mən hər gün Zəngilanın adını çəkirəm. Doğulduğum məhəlləni, kəndimizi, uşaqların adlarını xatırlayıram. Uşaqlıq illəri mənim yadıma düşür. Nənəmgilin evi gözümün önündə canlanır.

– Zəngilanın özündə doğulmusuz yoxsa kəndində?

– Mən Zəngilanın özündə doğulmuşam, orada yaşamışıq. Amma atam Yuxarı Yəməcli, anam isə Ağalı kəndlərindəndir.

– Neçə yaşınıza qədər Zəngilanda yaşamısız?

– 6 yaşıma kimi orada yaşamışam.

– Zəngilanı tərk etdiyiniz günü necə xatırlayırsız?

– Yaşımın az olmasına görə o qədər də çox xatırlamıram. Təxmini yadıma gəlir ki, atamın kamazı ilə gəlmişik, əlimizə nə keçibsə onu götürmüşük.

– Hər hansısa əşyanızı götürmüşdüz?

– Xeyr, götürməmişəm. Bilirsiz ki, Zəngilan blokada şəraitində olub, bir aya yaxın mühasirədə qalıb.

– Zəngilanın işğalı sizin həyatınızda nə kimi mənfi iz buraxmışdı?

– Baxmayaraq ki, Bakıda evimiz, şəraitimiz var idi, amma vətənsiz insan özünü nə dərəcədə əskik hiss edərsə, o qədər hiss etmişəm. Bir sözlə insan yarımcan olur. Məktəbə gedəndə bilmişəm ki, mən məcburi köçkünəm.. Buna görə bir az utanırdım, çəkinirdim…

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*