Alimlərin hesablamalarına görə, zəngin ölkələr 2050-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə iqlimə dəyən ziyana görə 170 trilyon dollar ödəməlidirlər.
KONKRET.az “The Guardian”a istinadən xəbər verir ki, Dubayda keçrilən BMT-nin beynəlxalq iqlim konfransında bu məsələ müzakirə olunub.
Qərara alınıb ki, dünyanın ən yoxsul ölkələrinə iqlim dəyişikliyinin vurduğu ziyana görə kompensasiya ödənsin. Bunun üçün BMT-də iqtisadi fond yaratmaq nəzərdə tutulub. İlkin maliyyələşdirmə üçün 429 milyon dollar nəzərdə tutulub. BƏƏ və Almaniya kimi ölkələrin hər biri fonda 100 milyon dollar ödəməyi vəd edib. Daha 145 milyonu Aİ, 75 milyonu Böyük Britaniya, 24,5 milyonu ABŞ və 10 milyon dollar isə Yaponiya verəcək.
Hesablamalara görə, iqlim problemləri hər il 400 milyard dollar ziyan vurur. Alimlər hesab edir ki, zəngin ölkələr 2050-ci ilə qədər inkişaf etməkdə olan dövlətlərə 170 trilyon dollar ödəniş etməlidirlər.
Konfransın Mərkəzi Asiya üçün əhəmiyyəti nədir?
Qlobal iqlim sammitində Mərkəzi Asiya dövlətləri vahid region kimi təqdim olunur.
Tacikistanın elektrik enerjisinin 98%-dən çoxu bərpa olunan enerji mənbələrindən istehsal olunduğundan ölkə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 60-70% azaltmaq niyyətindədir.
Bundan əlavə, Mərkəzi Asiya ölkələri 2030-cu ilə qədər İqlim Dəyişikliyinə Uyğunlaşma üzrə Regional Strategiya təqdim edəcəklər. Sammit üçün regional bəyanatlar layihəsində ilk növbədə Mərkəzi Asiya regionunun ekosistemlərin vəziyyəti, milli iqtisadiyyatlar və əhalinin sağlamlığı üçün ciddi nəticələrə səbəb olan iqlim dəyişikliyinə qarşı həddindən artıq həssaslığı qeyd olunur.
Vəli Həsənov,
KONKRET.az
