ABŞ-nin Massaçusets ştatında 10 dollarlıq lotereya bileti ilə 1 milyon dollar qazanan Salvador əsilli mühacir Ariel Antonio Velaskes-Morales mükafatını aldıqdan cəmi 6 gün sonra İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılıb.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2013-cü ildə ABŞ-yə qanunsuz daxil olan və barəsində 2014-cü ildən deportasiya qərarı çıxarılan Velaskes-Morales noyabrın 18-də Massaçusets Dövlət Lotereyasının qərargahında mükafatını rəsmiləşdirib.
Üç gün sonra agentliyin sosial media hesabında onun nəhəng 1 milyon dollarlıq çeklə gülümsəyən fotosu paylaşılıb.
Noyabrın 24-də Şərqi Bostonda keçirilən əməliyyat zamanı zabitləri görən mühacir qaçmağa cəhd etsə də, qısa təqibdən sonra yaxalanıb.
ICE-nin İctimaiyyətlə Əlaqələr üzrə direktor müavini Mika Bok məsələyə münasibət bildirərkən “Görünür, onun şansı tükənib” ifadəsini işlədib. Qurumun yaydığı bəyanatda isə hüquq və imtiyazların qanunsuz mühacirlərə deyil, ABŞ vətəndaşlarına məxsus olduğu vurğulanıb. Lotereya qalibinin məhz sosial şəbəkədə yayılan fotosundan sonra müəyyən edilib-edilmədiyi hələlik açıqlanmır.
Qeyd edək ki, Velaskes-Morales mükafatı birdəfəlik nağd ödəniş şəklində almağı seçdiyi üçün vergilər çıxılmadan əvvəl 650 min dollar əldə etməli idi. Hazırda deportasiya prosesini gözləyən mühacirin qazandığı pulun aqibəti və harada olduğu naməlum olaraq qalır.

