Putinin müttəfiqləri də üz döndərir: Kim Çen In Moskvanı təzyiq altında saxlamağa çalışırbackend

Putinin müttəfiqləri də üz döndərir: Kim Çen In Moskvanı təzyiq altında saxlamağa çalışır

Dünyadan təcrid olunanda hamı səninlə ünsiyyətdən və əməkdaşlıqdan yayınanda vəziyyət məhz belə olur. Bu mənada son vaxtlar sanki hamı Putini nədəsə günahlandırmağa, onu incitməyə, hətta aldatmağa çalışır. Özü də başqa ölkələrlə sakitcə, diplomatik yollarla həll edilə biləcək məsələlərə görə. Ən təhqiramizi isə odur ki, indi Putini hətta dünyanın böyük əksəriyyətinin nifrət etdiyi, onun özündən başqa, demək olar ki, heç kimin sevmədiyi diktator Kim Çen In da aldatmağa çalışır. Görünür, Şimali Koreya lideri Putinə təsir göstərməyin mümkün hədlərini və onu nə dərəcədə güzəştə getməyə məcbur edə biləcəyini yoxlamaq qərarına gəlib.

Kim Çen In gözlənilmədən Rusiyadan incidi və Kreml ilə hərbi əməkdaşlığı şəxsən dayandırmaq qərarı verdi. Səbəb isə… Tfu, adamın inanmağı gəlmir! Rusiya xarici işlər nazirinin müavini sadəcə olaraq bildirib ki, Moskva gələcəkdə KXDR ilə Cənubi Koreya arasında gərginliyin azaldılmasına kömək etməyə hazırdır. Pxenyanda isə məhz bu açıqlama hiddət doğurub. Belə təəssürat yaranır ki, Kim Çen In Putinlə münasibətləri korlamaq üçün sadəcə bəhanə axtarırmış.

Ah, zalımın məhəbbəti nə qədər qısaömürlü və şıltaq olurmuş! Kim Çen In Putinə ən ağrılı yerdən zərbə vurmağın yolunu yaxşı bilir. O, Rusiyaya hərbi dəstəyi müvəqqəti dayandırmaq qərarına gəlib. Xüsusilə, Pxenyan Rusiyanın hərbi və nəqliyyat təyyarələrinin Şimali Koreyanın hava məkanından istifadəsinə məhdudiyyət qoyub, ballistik raketlərin və döyüş sursatlarının tədarükünü dayandırıb. Bundan başqa, Moskvanın Rusiyada hərbi kontingentin sayının 50 min nəfərə çatdırılması ilə bağlı müraciəti də rədd edilib.

Rusiya ilə KXDR arasında 7 sentyabr 2026-cı ildə açılmış “Yakov Novişenko körpüsü”ndə də vəziyyət ürəkaçan deyil. Körpüdə hərəkət onsuz da zəifdir, indi isə Şimali Koreya hərbçiləri Rusiyadan gələn yükləri bir neçə dəfə yoxlayır, özü də bunu heç də dostyana münasibət nümayiş etdirmədən, açıq-aşkar şübhə ilə edirlər. Halbuki cəmi bir həftə əvvəl belə münasibət müşahidə olunmurdu.

KXDR diplomatları Moskvaya başqa bir narazılıqlarını da çatdırıblar. Onların fikrincə, Rusiya hərbi rəhbərliyinin Şimali Koreya hərbçilərinə münasibəti əməkdaşlığın daha da dərinləşməsinə imkan vermir. Pxenyana çatan məlumatlara görə, Rusiya ali komandanlığının bəzi nümayəndələri KXDR ordusunun hərbçilərinə açıq-aşkar hörmətsizlik göstərir, onları siyasi mülahizələr əsasında üzərinə əlavə yük düşmüş qüvvə kimi qəbul edirlər.

Bununla yanaşı, Şimali Koreya kontingenti ilə Rusiya ordusu arasında hərbi əməkdaşlığın qarşısında bir sıra ciddi maneələr qalmaqdadır. Qoşunların əməliyyat baxımından kifayət qədər uyğunlaşmaması, dil baryeri, peşəkar tərcüməçilərin çatışmazlığı və lazımi logistik təminatın olmaması bu problemlərin əsasını təşkil edir.

Digər mühüm amil isə Kursk vilayətində Şimali Koreya hərbçilərinin verdiyi itkilərdir. Bu itkilərin ümumilikdə 7 058 nəfər olduğu, onlardan 2 251-nin həlak olduğu bildirilir.

Bundan başqa, 2025-ci ildə KXDR Rusiyaya “Şahid” tipli dronların yığılması, eləcə də Wildberries və Ozon anbarlarında işləmək üçün öz vətəndaşlarını göndərib. Məlumatlara görə, həmin işçilərə saatda 2,5 dollar ödənilir, lakin qazancın 70-90 faizi Şimali Koreya hakimiyyətinin nəzarətinə keçir.

Moskva üçün bu vəziyyət ciddi narahatlıq doğurur. Rusiya Şimali Koreyadan silah, hərbi texnika komponentləri, müxtəlif təchizat vasitələri və canlı qüvvənin fasiləsiz daxil olmasında maraqlıdır. Müharibənin davam etdiyi bir vaxtda Pxenyanın dəstəyi Kreml üçün əhəmiyyətli resursdur.

Əslində, əməkdaşlıq Şimali Koreyaya da sərfəlidir. Pxenyan Rusiyadan hərbi və sənaye avadanlıqları, xammal, texnologiyalar və maliyyə dəstəyi almağa, eyni zamanda müasir müharibə təcrübəsi qazanmağa çalışır.

Ancaq görünür, Kim Çen In hesab edir ki, bütün bunları Rusiyaya sadəcə tərəfdaşlıq təklif etməklə deyil, Putinə təzyiq göstərməklə daha əlverişli şərtlərlə əldə etmək mümkündür. Bəs belə bir fürsət yaranıbsa, niyə bundan istifadə etməsin?

Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*