backend

Separatçı rejim Kəlbəcərin kəndinə 100 erməni ailəsi yerləşdirmək niyyətindədir...

Artıq Hadrut, Suqovuşan, Maragadan və s.  köçmüş 12 ailəyə mənzil verilib…

Məlumatlara görə, kənddə  hazırda erməni ordusunun batalyonu saxlanılır…

Separatçı erməni rejimi Kəlbəcər rayonunun “Aterk” adlandırılmış Həsənriz kəndinə  son müharibə vaxtı  köçkün düşmüş 100 erməni ailəsini qəbul etməyə hazırdır.

KONKRET.az  xəbər verir ki, bu haqda Xankəndindəki erməni saytlarından birinə müsahibəsində  kəndin qanunsuz başçısı Vardan Qriqoryan  danışıb.

“Yerli  “Haterk Food” şirkəti sakinlərin məşğulluğunun qayğısına qalır. Kənddə uşaq bağçası və məktəb var. Sakinlər əsasən əkinçilik və arıçılıqla məşğuldurlar. Su kəmərinin əsaslı təmiri davam edir, yolun asfaltlanması, demək olar ki, başa çatmışdır.  Artıq Hadrut, Madagiz(Suqovuşan-S.L.), Maraga və s.  köçmüş 12 ailəyə kənddə mənzil verilib. Kəndə qaz verilmir, internetlə bağlı problemlər var. Mövcud problemlərə baxmayaraq kəndlilər gələcəklərini qurmağa davam edirlər”- deyə V.Qriqoryan bildirib.

Xatırlatma:

Həsənriz – Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Tərtər çayının sol tərəfində, Həsənriz çökəkliyindədir. Keçmış adı Aterk(Haterk qalası) olmuşdur. Tədqiqatçıların ehtimalına görə, “aterk” – türk dillərindəki “atrak” (çayın mənsəbə töküldüyü yer) sözünun fonetik variantıdır. XIII əsrdən sonra Xaçın knyazı Həsən Cəlalın adı ilə  kənd Həsənriz adlanmışdır. 1992-ci ildə kəndin adı Həsənriz kimi rəsmiləşdirilib.

Həsənriz kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Həsənriz kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.

Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçirdilər. Lakin 1992-ci ilin yayında Azərbaycan ordusunun hücumu nəticəsində həmin ilin 4 iyulunda kənd Azərbaycanın nəzarətinə keçib. Təəssüf ki, 1993-cü ilin əvvəlində erməni işğalçıları hücuma keçərək kəndi yenidən ələ keçiriblər. Hazırda Həsənriz kəndi cəbhə xəttindən bir neçə kilometr aralıda yerləşir. Məlumatlara görə, kənddə  hazırda erməni ordusunun batalyonu saxlanılır.

10 noyabr üçtərəfli razılaşmasından sonra  Rusiya sülhməramlıları ərazi bölgüsünü keçmiş Azərbaycan SSR-in  inzibati bölgüsü əsasında apardıqlarından  Həsənriz kəndi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin “Mardakert” rayonu tərkibindəki kimi saxlanılaraq Kəlbəcər rayonuna qaytarılmayıb.

Təbii ki, bu, qanunsuz bölgüdür… (moderator.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*