Yörük mədəniyyətində qara ilanlara, xüsusilə xalq arasında “ev ilanı” adlandırılan zəhərsiz boz və qara ilan növlərinə xüsusi münasibət bəslənilir. Təbiətlə iç-içə yaşayan köçəri və yarımköçəri toplumlar bu ilanları zərərli canlı deyil, əksinə, evin və obanın qoruyucusu, keşikçisi hesab ediblər. Buna görə də onları öldürmək və incitmək olmaz.
Bu inancın həm ekoloji, yəni təbiətə verdiyi faydalarla, həm də mifoloji və mədəni ənənələrlə bağlı kökləri var.
Qara ilanın insanlara nə kimi faydası var?
Köçəri həyat tərzində çadırlar, alaçıqlar və ərzaq anbarları təbiətin qoynunda yerləşirdi. Belə şəraitdə qara ilanlar yaşayış məkanında təbii tarazlığın qorunmasında mühüm rol oynayırdı.
1. Gəmiricilərlə mübarizə
Qara ilanlar siçan, siçovul və köstəbək kimi gəmiriciləri ovlayaraq taxıl, un və digər ərzaq ehtiyatlarını qorumağa kömək edirlər. Bu heyvanlar ərzaq kisələrinə və məişət əşyalarına ciddi ziyan vura bildikləri üçün ilanların onları məhv etməsi insanlar üçün faydalı sayılırdı.
2\. Zəhərli ilanlardan qorunma
Zəhərsiz olmasına baxmayaraq, iri və güclü qara ilanlar öz ərazilərinə daxil olan gürzə kimi zəhərli ilanlarla mübarizə apara bilirlər. Bəzi növlər onları ovlayır, digərləri isə ərazilərindən uzaqlaşdırır. Beləliklə, insanların və mal-qaranın zəhərli ilanlarla qarşılaşma ehtimalı azalır.
3\. Zərərvericilərin sayının tənzimlənməsi
Qara ilanlar ətraf mühitdə digər kiçik heyvanların və bəzi zərərvericilərin sayının təbii yolla tənzimlənməsində də iştirak edirlər. Bu isə yaşayış məkanının ekoloji tarazlığının qorunmasına xidmət edir.
Qara ilana toxunmaq niyə uğursuzluq sayılır?
Yörük və türkmən ənənələrində təbiətdəki faydalı canlıları qorumaq zaman keçdikcə güclü inanca və bir növ tabuya çevrilib.
Evin bərəkəti və ruzisi
Xalq inanclarına görə, qara ilanın girdiyi çadıra və ya evə bolluq, bərəkət və rahatlıq gəlir. Onu öldürmək və ya qovmaq isə evin ruzisini kəsmək, bərəkətini qaçırmaq kimi qəbul edilir.
“Evin sahibi” və “obanın keşikçisi” inancı
Qədimdən gələn inanclara əsasən, bu ilanlar yaşadıqları torpağın və obanın mənəvi qoruyucuları hesab olunublar. Onlara zərər verməyin ailəyə və obaya xəstəlik, qıtlıq və ya böyük bədbəxtlik gətirəcəyinə inanılıb.
Qisas və cütlük inancı
Xalq arasında qara ilanların cüt gəzdiyinə dair də geniş yayılmış inanc var. Guya onlardan birinə zərər verilərsə, digər ilan mütləq gəlib həmin şəxsdən və ya onun ailəsindən qisas alacaq. Bu fikir elmi fakt deyil, nəsildən-nəslə ötürülən xalq inancıdır.
Təbiətə hörmət və mərhəmət
Yörük mədəniyyətində zərərsiz canlılara toxunmamaq mühüm əxlaqi prinsiplərdən biri sayılır. “Sənə zərər verməyənə sən də zərər vermə” düşüncəsi bu münasibətin əsasını təşkil edir.
Məhz buna görə Yörük çadırının dirəyinə dolanmış və ya əşyaların arasından sürünərək keçən qara ilanı görəndə təşvişə düşməz, onu öldürməyə çalışmazdılar. Əksinə, ona süd və ya su qoyar, öz yoluna davam etməsinə imkan verərdilər.
Beləcə, Yörük mədəniyyətində qara ilan adi bir sürünən deyil, evin bərəkətini qoruyan, obanın keşikçisi sayılan canlıya çevrilib.
Bu ənənə insanla təbiət arasındakı qədim münasibətin, canlılara hörmətin və ekoloji tarazlığın xalq düşüncəsində necə yer tutduğunun maraqlı nümunəsidir.
Mənbə: Gökçe Aykız. Xalq inancları və mədəni ənənələr əsasında tərcümə və redaktə olunub.
Qeyd edək ki, əara ilanların bütün növləri zəhərsiz deyil. İlanın növünü dəqiq müəyyənləşdirmək mümkün olmadıqda ona yaxınlaşmaq, toxunmaq və süd vermək tövsiyə edilmir. Ən təhlükəsiz davranış məsafə saxlamaq və onun özbaşına uzaqlaşmasına imkan verməkdir.
Hazırladı:Ağagül Mürsəlov,
KONKRET.az
