1711-ci il noyabrın 19-da Mixail Vasilyeviç Lomonosov anadan olub. O, Rusiya elminin ilk böyük təbiətşünas alimlərindən, ensiklopedik biliyə malik görkəmli şəxsiyyətlərdən və Avropa maarifçilik dövrünün ən parlaq nümayəndələrindən biri hesab olunur.
Lomonosov kimyaçı və fizik, astronom, coğrafiyaşünas, metallurq, geoloq, cihazqayırma mütəxəssisi, yazıçı, şair, rəssam və tarixçi kimi tanınıb. Onun elmi əsərləri dünya miqyasında şöhrət qazanıb.
Kimya professoru olan Lomonosov fiziki kimyanın mahiyyətini müasir anlayışlara yaxın şəkildə izah edən ilk alimlərdən biri idi. Astronomiya sahəsində isə Venera planetinin atmosferə malik olduğunu kəşf etməsi ilə tarixə düşüb.
Alimin istiliyin molekulyar-kinetik nəzəriyyəsi maddənin quruluşu haqqında müasir təsəvvürləri və termodinamikanın fundamental prinsiplərini qabaqlayırdı. O, şüşə haqqında elmin əsasını qoyanlardan biri olmaqla yanaşı, rus ədəbi dilinin müasir əsaslarının formalaşmasında da mühüm rol oynayıb. Rusiya tarixinə dair əsərləri, elm və təhsilin inkişafı uğrunda fəaliyyəti onu dövrünün ən nüfuzlu ziyalılarından birinə çevirib.
Lakin Lomonosov təkcə böyük alim deyildi. O, həm də iri cüssəli, güclü xarakterə və son dərəcə çılğın təbiətə malik insan idi. Hətta soyadına uyğun olaraq, elmi nəzəriyyələrini yumruqları ilə müdafiə etməyə hazır olduğu barədə fikirlər də mövcuddur. Rusiya maarifçilik dövrünün bu nəhəng şəxsiyyəti kəskin xasiyyətinə görə dəfələrlə qalmaqallı hadisələrin iştirakçısına çevrilib.
Alman akademiklərinə qarşı mübarizə
Lomonosovun həyatındakı ən ciddi qarşıdurmalardan biri Sankt-Peterburq Elmlər Akademiyası ilə münasibətləri olub. Akademiyanın ilk dövrlərində rəhbər vəzifələrdə və alimlər arasında əcnəbilər, xüsusilə almanlar üstünlük təşkil edirdilər.
Lomonosov alman alimləri ilə mübahisələrində onları təkcə elmi biliklərinin yetərsizliyində deyil, hətta latın dilini bilməməkdə də ittiham edirdi. Bununla yanaşı, Akademiyada geniş yayıldığını iddia etdiyi korrupsiyanı da sərt tənqid edirdi. Nəticədə əvvəlcə ona rəğbət bəsləyən dəftərxana rəhbəri Şumaxer sonradan alimin ən qatı düşmənlərindən birinə çevrildi.
Ciddi fikir ayrılıqlarından biri də Rusiya dövlətçiliyinin yaranması ilə bağlı məşhur “Norman nəzəriyyəsi” ətrafında idi. Professorlar F. İ. Miller və Q. Z. Bayer tərəfindən müdafiə olunan bu nəzəriyyəyə əsasən, knyaz Rürik Skandinaviya mənşəli, konkret olaraq İsveçdən gəlmiş şəxs hesab edilirdi.
Lomonosov bu yanaşmanı qətiyyətlə rədd edirdi. Onun yaşadığı dövrdə İsveç Rusiya imperiyasına heç də dost münasibət bəsləməyən dövlət idi. Buna görə də alim opponentlərinin fikirlərini yalnız elmi baxımdan deyil, siyasi və tarixi mövqedən də qəbul etmirdi.
O, qədim rus tarixini guya isveçlilərin gəlişinə qədər “böyük cəhalət qaranlığı” kimi təqdim edən Miller və Bayerin əsərlərini sərt tənqid edir, bəzən şəxsi təhqirlərə də yol verirdi.
Bayerin həvari Andrey Pervozvannının Dnepr və Volxov çayları sahillərində xristianlığı təbliğ etməsi barədə rəvayətin doğruluğuna şübhə ilə yanaşmasını ələ salan Lomonosov kinayə ilə yazırdı ki, kaş Bayerin yanında onun burnuna elə bir kimyəvi maddə yaxınlaşdıran adam olaydı ki, alim bu vasitə ilə özünə gəlsin.
Alman akademikləri də ona qarşı mübarizədə geri qalmır, Lomonosovu nüfuzdan salmağa və Akademiyadan uzaqlaşdırmağa çalışırdılar. Onun yerinə Rusiya tarixi üzrə akademik seçilən Şlöser Mixail Vasilyeviçi “salnamələrindən başqa heç nə bilməyən kobud cahil” adlandırırdı.
Bu qarşıdurmalar bəzən açıq fiziki toqquşmalara qədər gedib çıxırdı. Lomonosov barəsində bir neçə dəfə döymə və təhqir ittihamı ilə iş açılmış, hətta alim bir dəfə bir neçə ay həbsdə də qalmışdı.
1763-cü ildə Taubert, Miller, Ştelin, Epinus və başqalarının donosları əsasında imperatriça II Yekaterina Lomonosovun Akademiyadan uzaqlaşdırılması barədə qərar vermişdi. Lakin alimin dünya elmi ictimaiyyətindəki nüfuzu o qədər böyük idi ki, qısa müddət sonra istefa qərarı ləğv edildi.
Ruhanilərlə qarşıdurma
Lomonosovun xarakterinin başqa bir xüsusiyyəti onun antiklerikal baxışları idi. O, dinə inanan insan olsa da, kilsənin elmi biliklərə müdaxiləsinə qəti şəkildə qarşı çıxırdı.
1728-ci ilə aid kilsə qeydlərində göstərilir ki, Mixail Vasilyeviç hələ 17 yaşında olarkən etirafa getməkdən yayınmışdı. Bu, onun gənclik illərindən etibarən dini qaydalara kor-koranə tabe olmadığını göstərən faktlardan biri kimi təqdim edilir.
Lomonosov hesab edirdi ki, elm və din bir-birinin fəaliyyət sahəsinə müdaxilə etməməlidir. O, ruhanilərə müraciətində belə yazırdı:
“Ruhanilər fiziki həqiqətləri üzə çıxaran, insanların faydasına və maariflənməsinə xidmət edən elmi təlimlərə müdaxilə etməməli, xüsusilə də moizələrində elmləri təhqir etməməlidirlər”.
Onun təşəbbüsü ilə Moskva Universitetində tədris olunan fənlər sırasından ilahiyyat çıxarılmışdı.
Lomonosovun ruhani dairələrlə ciddi münaqişəsinə səbəb olan məsələlərdən biri də kilsə nümayəndələrinin heliosentrik sistemi – Yer də daxil olmaqla planetlərin Günəş ətrafında hərəkət etməsi nəzəriyyəsini qəbul etməməsi idi. Alim bu mövqeyə sərt etiraz edir, onları elmi astronomiyanı məhv etməyə çalışan “qəzəbli cahillər” adlandırırdı.
O, həmçinin kilsə mühitində gördüyü riyakarlıq, sərxoşluq, əxlaqsızlıq, tamahkarlıq və digər mənfi xüsusiyyətləri də açıq şəkildə tənqid edirdi. Lomonosov hesab edirdi ki, ruhani rütbəsi daşıyan şəxslərin davranışı bu cür əməllərlə bir araya sığmamalıdır.
Alimin ruhanilərlə düşmənçiliyi onun poetik yaradıcılığında da öz əksini tapmışdı. Xüsusilə antiklerikal ruhda yazdığı “Saqqala himn” adlı satirik əsər kilsə rəhbərlərinin ciddi narazılığına səbəb olmuşdu.
Müqəddəs Sinod bu əsərlə bağlı imperatriça Yelizaveta Petrovnaya ətraflı məruzə təqdim edərək Lomonosovun sərt şəkildə cəzalandırılmasını tələb etmişdi. Onu Akademiyaya, müxtəlif dövlət komissiyalarına və almanlara qarşı dəfələrlə hörmətsiz və təhqiramiz davranışlarda ittiham edirdilər.
Şikayətçilər alimin ölüm cəzasına məhkum edilməsini, bu mümkün olmadıqda isə şallaqlanmasını, hüquqlarından və əmlakından məhrum olunmasını istəyirdilər. Arximandrit Dmitri Seçenov isə hətta böyük rus aliminin tonqalda yandırılmasını tələb etmişdi. Onun əsərlərinin də oda atılması təklif olunurdu.
İmperatriça şikayətçilərin tələblərini qismən qəbul edərək Lomonosovu təqsirli hesab etsə də, alimin açıq şəkildə cəzalandırılmasına və əsərlərinin yayılmasının qadağan edilməsinə razılıq vermədi.
Nəticədə onun illik maaşının yarısı kəsildi və törətdiyi hesab olunan “ədəbsiz hərəkətlərə” görə üzr istəməsi tələb edildi.
Lomonosovun həyat yolu göstərir ki, o, yalnız elmi kəşfləri ilə deyil, həm də dövrünün köhnəlmiş düşüncə tərzinə qarşı mübarizəsi, müstəqil mövqeyi və güzəştə getməyən xarakteri ilə seçilən şəxsiyyət olub. Onun üçün elmi həqiqət, hətta ən nüfuzlu şəxslərlə və qurumlarla qarşıdurmaya səbəb olsa belə, müdafiə edilməli idi.
Natiq Səlim,
KONKRET.az
