1945-ci il noyabrın 20-də Nürnberqdə dünya tarixində misli görünməmiş məhkəmə prosesi başladı. Təxminən bir il davam edən proses 1946-cı il oktyabrın 1-də başa çatdı.
Qalib dövlətlər tərəfindən yaradılmış Beynəlxalq Hərbi Tribunal nasist Almaniyasının 22 siyasi, hərbi və iqtisadi rəhbərini mühakimə edirdi. Məhkəmə qarşısına Herman Gering, Rudolf Hess, Yoahim fon Ribbentrop, Vilhelm Keytel, Alfred Rozenberq və digər yüksək vəzifəli şəxslər çıxarılmışdı. Martin Bormana isə qiyabi hökm oxunmuşdu.
Dünya tarixində belə bir məhkəmə hələ keçirilməmişdi. İlk dəfə idi ki, beynəlxalq tribunal bütöv bir dövlətin törətdiyi cinayətləri araşdırır və məsuliyyəti adı, soyadı, vəzifəsi və imzası olan konkret şəxslərin üzərinə qoyurdu. Artıq heç kim cinayətləri sadəcə dövlət sisteminin və ya siyasi rejimin adına yazaraq məsuliyyətdən yayına bilməzdi.
Nasist rəhbərlərinə qarşı ittihamlar dörd əsas bənddən ibarət idi:
* Sülhə qarşı sui-qəsd və cinayətkar planın hazırlanması;
* Sülhə qarşı cinayətlər;
* Müharibə cinayətləri;
* Bəşəriyyətə qarşı cinayətlər.
Bu rəsmi və hüquqi ifadələrin arxasında isə dəhşətli cinayətlər dayanırdı: əsir götürülmüş hərbçilərin və dinc sakinlərin öldürülməsi, əmlakın talan edilməsi, milyonlarla insanın zorla əmək düşərgələrinə aparılması və insanlığa qarşı törədilmiş saysız-hesabsız vəhşiliklər.
Lakin tribunalın ən mühüm hüquqi qənaəti başqa bir məsələ ilə bağlı idi. Məhkəmənin hökmündə vurğulanırdı ki, təcavüzkar müharibəyə başlamaq sadəcə beynəlxalq hüquq pozuntusu deyil, “ən ağır beynəlxalq cinayət” hesab edilməlidir. Çünki belə bir müharibə digər müharibə cinayətlərindən fərqli olaraq, onların hamısında mövcud olan şəri özündə birləşdirir.
Nürnberq prosesi təkcə nasist Almaniyasının rəhbərlərinin mühakiməsi deyildi. Bu məhkəmə beynəlxalq hüquq tarixində yeni mərhələnin əsasını qoydu: dövlət adından verilən əmrlər və siyasi qərarlar insanlığa qarşı cinayət törətmiş şəxsləri məsuliyyətdən azad edə bilməz.
Ağagül Mürsəlov,
KONKRET.az
