Rusiya hakimiyyəti 2023-cü ilin avqustunda yoxa çıxan ukraynalı jurnalist Viktoriya Roşinanın həbsdə saxlandığını təsdiqləyib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu, jurnalistin atası Vladimir Roşinin Rusiya Müdafiə Nazirliyinə ünvanladığı müraciətin cavabından sonra bəlli olub.
Məktubda deyilir ki, 6 oktyabr 1996-cı il təvəllüdlü Viktoriya Vladimirovna Roşina saxlanılıb və Rusiya Federasiyasının ərazisindədir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi də xanım jurnalistin əsirlikdə olduğunu təsdiqləyib, lakin hələlik onunla əlaqə saxlamağın mümkün olmadığını bildirib.
Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Viktoriya Roşina müxtəlif kütləvi informasiya vasitələri üçün reportajlar hazırlayıb. 2022-ci ilin martında Berdyanskdan Mariupol istiqamətinə gedərkən jurnalist Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb. O, on gün saxlandıqdan sonra sərbəst buraxılıb. 2022-ci ildə Beynəlxalq Qadın Media Fondu onu “Jurnalistikada Cəsarət Mükafatı” ilə təltif edib.
2023-cü ilin avqustunda Viktoriya Roşina Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində hesabat hazırlayarkən itkin düşüb. Atasının sözlərinə görə, iyulun 27-də qızı Ukraynanı tərk edərək Polşaya gedib, sonra isə Rusiya vasitəsilə Ukraynanın işğal olunmuş şərqinə getməyə hazırlaşırdı. O, sonuncu dəfə avqustun 3-də valideynləri ilə əlaqə saxlayıb. Onun qohumları Mariupolun separatçı prokurorluğuna sorğu təqdim ediblər. Prokurorluqdan jurnalistə qarşı cinayət işinin açılmadığını bildiriblər. Qohumların Rusiya Federasiyasının Baş Prokurorluğuna, İstintaq Komitəsinə və İnsan Hüquqları üzrə Ombudsman Aparatına müraciətləri cavabsız qalıb.
Xatirə SADİQ,
KONKRET.az
