2023-cü ilin sonuna qədər Zəngəzur dəhlizi birmənalı şəkildə İSTİFADƏYƏ VERİLMƏLİDİRbackend

2023-cü ilin sonuna qədər Zəngəzur dəhlizi birmənalı şəkildə İSTİFADƏYƏ VERİLMƏLİDİR

Bu günlərdə Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş baş tutdu. Görüşün nəticələrini Azərbaycan üçün kifayət qədər uğurlu hesab etmək olar.

Belə ki, prezident İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib. Həmçinin, Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb.

Maraqlıdır, belə olan təqdirdə yaxın günlərdə Zəngəzur dəhlizi açıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, Azərbaycan sülh sazişini imzalamaq üçün əlverişli siyasi müstəvi yaradıb:

“Brüsseldə keçirilən son görüşün nəticələri bizim üçün uğurlu hesab etmək olar: Bu görüşdə siyasi, hərbi və iqtisadi cəhətdən önəmli qərarlar qəbul olunub. Mühüm məqamlardan biri də odur ki, görüş zamanı “Dağlıq Qarabağ” termini işlədilmədi və bu termin gündəmdən çıxdı. Yəni Avropa erməniləri Azərbaycan ərazisində yaşayan etniklər statusunda görür. Azərbaycan vətəndaşlarına verilən hüquqlar onlara da şamil ediləcək. Sərhədlərin delimitasiya və demarkasiya işləri ilə bağlı Azərbaycan Şahin Mustafayevin başçılığı ilə Komissiya yaradıb. Ermənistan tərəfi də Baş nazirin müavini Mger Qriqoryanın başçılığı ilə digər komissiya yaradıb. Bu o deməkdir ki, Azərbaycan sülh sazişini imzalamaq üçün əlverişli siyasi müstəvi yaradıb”.

Politoloq bildirib ki, Brüssel görüşündə Azərbaycan Ermənistana qarşı bütün cəbhələrdə uğur qazandı:

“Zəngəzur dəhlizi ilə bağlı ermənilər yenə də savadsız yanaşma irəli sürür. Onlar bildirir ki, həmin layihəni dəhliz adlandırmaq olmaz, çünki burada vergi və gömrük rüsumları tutulacaq. Lakin Azərbaycan ərazisinə keçən maşınlar vergiyə cəlb olunmayacaq. Önəmli olan bu məsələdir. Lakin beynəlxalq qanunlara əsasən hər hansı bir ölkənin ərazisinə yük daşınırsa yol və tranzit xərcləri ödənilməlidir. Lakin ermənilər Zəngəzur dəhlizinin adını nə qoyursa qoysun, bu layihə artıq reallaşır. Layihə Azərbaycan Prezidenti ilham Əliyevin ən böyük qələbələrindən biridir. Dövlət başçısı dəfələrlə bildirib ki, bu layihənin baş tutmasını istəməyənlər olsa da biz fikrimizdən dönməyəcəyik. Fikrimcə, 2023-cü ilin sonuna qədər Zəngəzur dəhlizi birmənalı şəkildə istifadəyə verilməlidir. Burada bizim üçün çətin heç nə yoxdur. Çünki Brüssel görüşündə Azərbaycan Ermənistana qarşı bütün cəbhələrdə uğur qazandı”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*