30 il sonra: Tupak Şakurun qətlində keçmiş banda lideri məhkəmə qarşısına çıxacaqbackend

30 il sonra: Tupak Şakurun qətlində keçmiş banda lideri məhkəmə qarşısına çıxacaq

Üç onillikdən sonra məşhur reper Tupak Şakurun qətli ilə bağlı məhkəmə prosesi başlayır. Las-Veqasda iş üzrə andlı iclasçıların seçiminə başlanılıb, tərəflərin açılış çıxışları isə avqustun 17-nə təyin edilib.

KONKRET.az xəbər verir ki, təqsirləndirilən şəxs 63 yaşlı keçmiş küçə bandasının lideri Duan “Keff D” Devisdir. O, ölümcül silahdan istifadə etməklə qətldə ittiham olunur. Devis özünü təqsirli bilmir. Məhkəmə onu günahkar hesab edərsə, şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzası ala bilər.

Hadisə 7 sentyabr 1996-cı ildə Las-Veqasda baş verib. Həmin axşam Tupak Şakur və Death Row Records leyblının rəhbəri Şuq Nayt Mayk Taysonla Brüs Seldon arasındakı boks görüşünü izləmək üçün MGM Grand otelinə gediblər. Döyüşdən sonra kameralar Şakur və onun yaxınlarının South Side Compton Crips bandasının üzvü olduğu iddia edilən Orlando Andersonu döydüyünü qeydə alıb.

Təxminən üç saat sonra Şakur Naytın idarə etdiyi BMW-nin ön sərnişin oturacağında gedərkən onların yanına ağ rəngli “Cadillac” yaxınlaşıb və avtomobildən atəş açılıb. Reper dörd güllə yarası alıb və altı gün sonra dünyasını dəyişib.

İstintaqın versiyasına görə, qətl Andersonun döyülməsinə görə qisas məqsədilə törədilib. Prokurorluq Devisi cinayətin təşkilatçısı hesab edir.

Əsas sübut Devisin öz kitabıdır

Onilliklər ərzində cinayət küçə qanunları və şahidlərin polisə ifadə verməkdən imtina etməsi səbəbindən açılmamış qalıb. Lakin Devis sonradan Tupakın qətli zamanı avtomobildə olduğunu etiraf edib.

Vəziyyət onun Compton Street Legend kitabının həmmüəllifi olması ilə dəyişib. Devis kitabda hadisə zamanı həmin avtomobildə olduğunu və qətli törədən şəxsə silahı şəxsən verdiyini yazıb.

2023-cü ildə onun evində axtarış aparılıb və bundan sonra Devis həbs edilib. Müdafiə tərəfi isə memuarların kommersiya məqsədilə qismən uydurulduğunu bildirir.

Prosesdə 200-dən çox potensial şahidin ifadə verə biləcəyi bildirilir. Onların arasında Şon “Diddi” Kombs da var. Devis daha əvvəl Kombsun Tupak və Şuq Naytın öldürülməsi üçün ona 1 milyon dollar təklif etdiyini iddia edib. Kombs isə bu ittihamları qəti şəkildə rədd edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*