“Onlar İranı müharibəyə sürükləməyə çalışırlar. Tehran bunu sui-qəsd kimi qiymətləndirir və məsələləri diplomatik yolla həll etməyə çalışı. Lakin təkcə Sünik deyil, Ermənistanın digər sərhədlərində də mümkün dəyişikliklərlə bağlı əks tədbirlərə hazırıq”.
KONKRET.az xəbər verir ki, bunu “Ermənistan-İran İnkişaf Fondu”nun təsisçisi, politoloq Pouya Hüseyni deyib.
Onun sözlərinə görə, İran ilk növbədə İsrail – Azərbaycan münasibətlərindən narahatdır.
“Regionda gərginlik təkcə Ermənistanın təhlükəsizliyinə qarşı deyil, həm də İrana qarşı yönəlib. Regionda üçüncü qüvvələrin, o cümlədən Aİ müşahidəçilərinin Ermənistanda olması ziddiyyətləri dərinləşdirir və region ölkələrinin maraqlarının toqquşmasına səbəb olur. Tehran bu müşahidəçilərin İranla bağlı məlumat toplaya biləcəyindən narahatdır və bu barədə Ermənistan tərəfinə məlumat verilib. Ermənistan da öz növbəsində əmin edib ki, İran əleyhinə addımlar atmır. Amma İran Qərbə etibar etmir”, – ekspert qeyd edib.
Pouya Hüseyni bildirib ki, mövcud formatlardan yalnız “3+3” formatında İran Ermənistanın mövqeyini dəstəkləyə bilər.
“İran Ermənistan-Azərbaycan danışıqlarında vasitəçi olmağa hazırdır”, – deyə Hüseyni fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az
