“Cənab prezident müharibənin davam etdiyi 44 gündə döyüşləri dayandırmaq üçün bir şərt irəli sürdü, o da düşmənin torpaqlarımızdan rədd olub getməsi idi”.
Bunu KONKRET.az-a açıqlamasında deputat Cavanşir Paşazadə qeyd edib .
Deputat vurğulayıb ki, dünyanın 50 güclü ordusu sırasında olan Azərbaycan Silahlı Qüvvələri düşməni diz çökdürərək, sülhə məcbur etdirdi: “Ermənistan 44 gündə mülki əhaliyə qarşı törətdiyi müxtəlif təxribatlarla müharibənin ərazisini genişləndirməyə, yalanları ilə dünyanı aldatmağa çalışırdı. Düşünürdü ki, dünya yenə Ermənistanın yalanlarına inanacaq. Ermənistan xalqı bu cür biabırçı məğlubiyyəti gözləmirdi. Çünki Ermənistanın siyasi və hərbi rəhbərliyi bu 30 ildə güclü ordu mifini yaradaraq əhalini aldadırdı. Bu mifi Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə darmadağın etdi. Tək Ermənistanın güclü ordu mifini deyil, həm də qoruyub saxladığı status-kvo və təmas xəttini məhv etdik”.
Deputat vurğulayıb ki, 44 günlük vətən müharibəsi tək Ermənistana deyil, həm də onun havadarlarına Azərbaycanla düşmənçiliyin nə ilə nəticələnə biləcəyini göstərdi: “Ermənilər azərbaycanlıların işğalla barışacağını və zaman keçdikcə Qarabağı unudacağımızı düşünürdü. Heç vaxt ağıllarına gəlməzdi ki, vaxtı ilə öz valideynlərinin qucağında doğma dədə-baba yurdlarından xüsusi amansızlıqla çıxarılan körpələr bu gün əlində silah, tank belində o torpaqlarımızı işğaldan azad etmək üçün geri qayıdacaqlar. 30 ildə beynəlxalq təşkilatların bərpa etmədiyi ədaləti Ali Baş Komandanın rəhbərliyi ilə mərd oğullarımız bərpa etdi. Biz bu oğullarımızın sayəsində qalib ölkənin vətəndaşlarıq”.
Deputat işğaldan azad edilən rayon və şəhərlərdə qısa müddətdə vandal ermənilər tərəfindən dağıdılan infrastrukturu bərpa ediləcəyini də qeyd edib: “Şuşada, Kəlbəcərdə, Laçında və digər rayonlarımızda dağıdılan məscidlər, tarixi abidələrimiz, məktəblər yenidən bərpa olunacaq. Şuşa işğaldan öncə olduğu kimi Azərbaycanın yenidən əsas turizm mərkəzinə çevriləcək. İşğaldan azad etdiyimiz torpaqlar kənd təsərrüfatı yenidən inkişaf etdiriləcək”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
