AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev İctimai Televiziyanın “Xəbərimiz var” proqramının qonağı olub.
Akademik Rasim Əliquliyev verilişdə uşaqların sosial mediadan istifadəsi, yaş məhdudiyyətləri və virtual məkanda onların hüquq və mənafelərinin qorunması məsələlərinə münasibət bildirib. Müasir texnologiyalardan, İnternetdən nəzarətsiz istifadənin yuxu və sağlamlıq problemlərinə, sosial və ailə münasibətlərindən uzaqlaşma, təhsildən yayınma və müxtəlif asılılıqların yaranmasına səbəb olduğunu qeyd edib.
Alim uşaqların virtual məkanda təhlükəsizliyinin təmin olunmasının artıq bütün dünyada qlobal problemə çevrildiyini, bəzi bədniyyətli təşkilatların, kompüter oyunlarının uşaqlar və yeniyetmələr üçün müəyyən risklər yaratdığını söyləyib. Bu kimi proseslərin tənzimlənməsi üçün qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi ilə yanaşı, valideynlər, təhsil müəssisələri, cəmiyyət, eləcə də aidiyyəti qurumların birgə fəaliyyətinin zəruriliyini vurğulayıb.
