Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquq və vəzifələri izah edilib.
Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin müdafiə hüququnun və digər prosessual təminatlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilib.
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.
Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.
Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.
** 09-21
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin bu gün məhkəməsi başlayır.
KONKRET.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Murad Aslanovun sədrlik etdiyi kollegiyada baxılacaq.
Hakimlər heyətinin tərkibində isə Firdovsi Əliyev və Namiq Kərimov təmsil olunur.
Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılıb.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Bu cinayət işi çərçivəsində daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlinin də barəsində cinayət işi başlanılıb.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Əli Kərimli və Məmməd İbrahimlinin cinayət işi ayrıca icraata götürülüb.
