“Böyük məsələlər qanla həll olunur” – Bismarkın hakimiyyətə gəlişindən 160 il sonra dəyişməyən dərsbackend

“Böyük məsələlər qanla həll olunur” – Bismarkın hakimiyyətə gəlişindən 160 il sonra dəyişməyən dərs

“Zəmanənin böyük məsələləri nitqlər və parlament çoxluğunun qərarları ilə deyil, dəmir və qanla həll olunur!”

Otto fon Bismark bu məşhur ifadəni 30 sentyabr 1862-ci ildə Prussiya parlamentinin Büdcə Komitəsindəki çıxışı zamanı səsləndirmişdi.

23 sentyabr 1862-ci ildə, knyaz Hohenlohenin istefasından sonra qraf Otto Eduard Leopold fon Bismark-Şönhauzen Prussiyanın baş naziri və xarici işlər naziri təyin edildi. Bu təyinat Avropa tarixində dönüş nöqtələrindən birinə çevrildi.

Hər şey, demək olar ki, həmişə olduğu kimi, qarşıdurma ilə başladı. Kral I Vilhelm genişmiqyaslı hərbi islahat və ordunun sayının artırılmasını tələb edirdi. Parlamentin əksəriyyəti isə hətta bunun maliyyələşdirilməsini belə blokladı. Nəticədə hökumət istefa verməli oldu.

Məhz həmin vaxt hərbi nazir Albrext fon Roon kralı inandırdı ki, monarxiyanı xilas edə biləcək yeganə şəxs Bismarkdır.

Deyilənə görə, təyinat ərəfəsində I Vilhelm kədərli şəkildə Bismarka belə deyib:

“Bunun necə bitəcəyini dəqiq bilirəm. Pəncərələrimin qarşısındakı meydanda əvvəlcə sizin, bir qədər sonra isə mənim başımı kəsəcəklər”.

Bismark isə soyuqqanlı şəkildə cavab verib:

“Belədirsə, əlahəzrət, deməli, layiqli şəkildə öləcəyik”.

Təyinatından cəmi bir həftə sonra Bismark Büdcə Komitəsinin qarşısında ən məşhur çıxışını etdi:

“Zəmanənin böyük məsələləri nitqlər və səs çoxluğu ilə deyil, dəmir və qanla həll olunur”.

Və maraqlıdır ki, o, parlamentdən heç nə istəmədi. Parlament büdcəni təsdiqləməyibsə, hökumət əvvəlki büdcə əsasında vergi toplamaq və vəsait xərcləmək hüququna malikdir – Bismarkın məntiqi belə idi.

Bu vəziyyət bir neçə il davam etdi. Parlamentdən yan keçərək maliyyə əldə edən Bismark və Roon Avropanın ən müasir və güclü ordularından birini yaratdılar.

Sonrakı yeddi il ərzində Bismark diplomatik hazırlıq gördü və ardıcıl üç müharibədən – Danimarka, Avstriya və Fransa ilə müharibələrdən qalib çıxdı.

Eyni zamanda Avropada mürəkkəb ittifaqlar sistemi qurdu. Bu sistem qüvvələr balansını qorudu və təxminən iki onillik ərzində qitədə nisbi sabitliyin təmin edilməsinə xidmət etdi.

Tədricən parlamentdəki müxalifət də zəiflədildi. Bismark ictimai rəyə təsir göstərmək üçün “sürünənlər fondu” adlandırılan gizli maliyyə fondundan da istifadə edirdi. İddialara görə, devrilmiş sülalələrdən müsadirə olunan vəsait hesabına yaradılan bu fond vasitəsilə hökumətə loyal jurnalistlər və qəzetlər gizli şəkildə maliyyələşdirilirdi. Amma Bismark xalqı da unutmurdu.

Sosialistlərin təsirini azaltmaq məqsədilə dövlət pensiyaları, xəstəlik və istehsalatda bədbəxt hadisələrdən sığorta sistemi tətbiq edildi.

İmperiyada kişilər üçün ümumi seçki hüququ təsis olundu. Daxili gömrük maneələrinin aradan qaldırılması, vahid valyutanın tətbiqi və Fransadan alınan 5 milyard frank təzminat Almaniyada böyük sənaye yüksəlişinə təkan verdi. Lakin Bismarkın həyatının əsas işi bundan da böyük idi.

O, parçalanmış alman torpaqlarını Prussiya ətrafında birləşdirdi və Alman imperiyasının – İkinci Reyxin yaradılmasına nail oldu.

Tarixçilər bu dövrü “yuxarıdan inqilab” adlandırırlar.

Ənənəvi olaraq inqilab aşağıdan gələn xalq üsyanı, mövcud quruluşu dağıdan kütləvi hərəkat kimi qəbul edilir. Almaniyada isə unikal tarixi paradoks baş verdi: mühafizəkar Prussiya hökuməti bütün Avropanın siyasi xəritəsini dəyişmək üçün radikal, hətta inqilabi metodlardan istifadə etdi, lakin eyni zamanda kral hakimiyyətini qoruyub saxladı.

Bismark konstitusiyanı pozurdu, parlamentlə toqquşurdu, amma əsas məqsədə – güclü, vahid dövlət və nəhəng ümumi bazarın yaradılmasına nail olduğu müddətdə cəmiyyətin böyük hissəsi ona güzəştə getməyə hazır idi.

İnqilabların əsas şüarı isə adətən “azadlıq və bərabərlik” olur. Burada da hər şey o qədər sadə deyildi.

Yeni imperiya bərabərlər ittifaqına çevrilmədi. Prussiya kralı kayzer oldu. Prussiya ruhu, militarizm və bürokratiya bütün ölkəyə hakim kəsildi.

Reyxstaq xalq tərəfindən seçilirdi, lakin kanslerin rəhbərlik etdiyi hökumət parlamentə deyil, yalnız kayzerə tabe idi. Bismarka münasibət də illər ərzində köklü şəkildə dəyişdi.

Karyerasının ilk illərində xalqın bir hissəsi onu “qəssab”, azadlıqları boğan, konstitusiyanı tapdalayan və parlamentin səlahiyyətlərini məhdudlaşdıran inadkar aristokrat kimi görürdü. Onun əleyhinə sui-qəsd cəhdləri oldu, mətbuat onu mürtəce siyasətçi kimi təqdim edirdi. Sonra müharibələrdə qələbələr gəldi.

Bismark Avstriyanı, daha sonra Fransanı məğlub edib vahid Alman imperiyasının yaradılmasına nail olduqda, cəmiyyət ona qarşı əvvəlki münasibətini dəyişdi.

“Qəssab” milli qəhrəmana, ardınca isə “vətənin atası”na çevrildi.

Gənc kayzer II Vilhelm qoca kansleri istefaya göndərdikdən sonra isə xalq Bismarkı müdrik qoca və sabitliyin simvolu kimi görməyə başladı. O, canlı əfsanəyə çevrildi.

Həmin dövrün böyük alman mütəfəkkirləri – Fridrix Nitsşe və tarixçi Teodor Mommzen kimi şəxslər Bismarkın böyüklüyünü qəbul etsələr də, onun alman xalqını müstəqil düşünmək vərdişindən uzaqlaşdırdığını, gücə, dövlətə və orduya kor-koranə itaət hissini gücləndirdiyini düşünürdülər.

Bismark 1898-ci ildə vəfat etdikdən sonra Almaniyanın müxtəlif yerlərində xalq ianələri hesabına onun şərəfinə 240-dan çox “Bismark qülləsi” ucaldıldı. Bu nəhəng qranit abidələr mayak formasında idi. Milli bayram günlərində qüllələrin zirvəsində böyük tonqallar yandırılırdı.

Bu, qeyri-adi hadisə idi: abidələr adətən krallara və müqəddəslərə ucaldılırdı, Almaniyada isə belə bir ehtiram dövlət məmuruna – özü də böyük dövlət xadiminə göstərilirdi.

Bismarkın bəzi məşhur fikirləri bu gün də aktual səslənir:

“İnqilabları dahilər hazırlayır, romantiklər həyata keçirir, onların bəhrələrindən isə avantüristlər istifadə edir”.

“Dünyanı aldatmaq istəyirsənsə, həqiqəti söylə”.

“Heç vaxt müharibə zamanı, ovdan sonra və seçkidən əvvəl olduğu qədər yalan danışılmır”.

“Əbədi yaşayacaqmışsan kimi öyrən, sabah öləcəkmişsən kimi yaşa”.

“Döyüş meydanında ölən əsgərin şüşə kimi donmuş gözlərinə bir dəfə baxan insan müharibəyə başlamaq barədə yaxşıca düşünər”.

“Centlmenlə qarşılaşanda mən həmişə ondan yarım dəfə daha böyük centlmen, fırıldaqçı ilə qarşılaşanda isə ondan yarım dəfə daha böyük fırıldaqçı olacağam”.

“Hətta qalibiyyətlə başa çatan müharibə belə, xalqların müdrikliyi ilə qarşısı alınmalı olan bir bəladır”.

Yeri gəlmişkən, Bismark heç vaxt məmurları “parazit” adlandırmayıb.

Məmurlarla bağlı məşhur “parazitlər” ifadəsinin müəllifi Valentin Savviç Pikul hesab olunur. Bu fikir onun “Dəmir kanslerlərin savaşı” əsərində işlədilib.

Ehtimal olunur ki, Pikul Bismarkın başqa bir fikrini parafraz edib:

“Pis qanunlarla yaxşı məmurlar ölkəni idarə edə bilərlər. Amma məmurlar da pisdirsə, ən yaxşı qanunlar belə kömək etməz”.

Doğrudan da, bu sözlər bu gün də çoxlarına tanış gələ bilər.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*