7600 manatlıq təhsil haqqı: Varlılar üçün əyləncə, yoxsa…?backend

7600 manatlıq təhsil haqqı: Varlılar üçün əyləncə, yoxsa...?

Hüquq fakültələrində illik təhsil haqlarının 7600 manata qədər yüksəlməsi cəmiyyətdə müzakirələrə səbəb olub. Bu, sadəcə təhsil haqqının artırılması deyil, hüququn və ədalətin pula bağlanması ilə bağlı ciddi narahatlıq doğuran tendensiyadır. Hüquq fakültəsində təhsil almaq üçün illik 7600 manat ödəmək məcburiyyətində qalan gənclərin böyük hissəsi artıq yarışdan kənarda qalır. Nəticədə hüquq sahəsi tədricən istedad və biliyə deyil, maddi imkanlara əsaslanan qapalı çevrəyə çevrilmək riski ilə üzləşir. Ədaləti qoruyacaq gələcək hüquqşünasların yetişdiyi fakültələr yalnız imkanlı ailələrin övladları üçün əlçatan olarsa, bu sistemin sabah sosial ədalətə xidmət edəcəyinə necə inanmaq olar?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasətçi Sərdar Cəlaloğlu bildirib ki, hüquq, tibb və digər nüfuzlu ixtisaslar üzrə təhsil haqlarının yüksək olması aztəminatlı ailələrin övladlarının ali təhsil almaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Sərdar Cəlaloğlu Nobel mükafatı almaq istəyir: “Təkcə özümə görə deyil...”  - MÜSAHİBƏ | Modern.az

“Ən azı aztəminatlı ailələrin övladlarına təhsil haqları ilə bağlı güzəştlər müəyyən edilməlidir. Bunun üçün dövlət səviyyəsində qərarlar qəbul olunmalıdır. Təsəvvür edin ki, kasıb ailədən olan bir gənc yüksək nəticə göstərərək hüquq və ya tibb ixtisasına qəbul olur, lakin təhsil haqqını ödəyə bilmədiyi üçün bu imkandan yararlana bilmir. Bu, sosial ədalət prinsiplərinə uyğun deyil”.

Cəlaloğlu hesab edir ki, təhsil haqlarının artırılması təhsilin keyfiyyətinin yüksəlməsi demək deyil:

“Əslində, təhsil haqqının artırılması təhsilin keyfiyyətinə ciddi təsir göstərmir. Əksinə, bu vəziyyət rəqabəti daha da kəskinləşdirir, sosial təbəqələşməni gücləndirir və müəyyən sahələrdə qapalı peşə çevrələrinin formalaşmasına gətirib çıxarır. Nəticədə bəzi peşələr yalnız imkanlı ailələrin nümayəndələri üçün əlçatan olur.

Varlı ailələrin övladları həmin ixtisaslarda oxuyur, sonradan eyni peşələri davam etdirirlər. Beləliklə, müəyyən peşələr ailə ənənəsinə çevrilir. Halbuki Konstitusiyanın ruhuna uyğun olaraq hər bir vətəndaşın təhsil almaq və peşə seçmək imkanları bərabər olmalıdır”.

Sərdar Cəlaloğlu həmçinin bildirib ki, təhsil və səhiyyə sahələrində vətəndaşların üzləşdiyi maliyyə yükü ciddi narahatlıq doğurur:

“Bu gün həm təhsil, həm də səhiyyə sahəsində vətəndaşlar yüksək ödənişlərlə qarşılaşırlar. İnsanlar bir çox xidmətlərə görə əlavə vəsait ödəməli olur. Bu isə sosial narazılığın artmasına gətirib çıxarır”.
O, parlamenti və aidiyyəti qurumları məsələyə diqqət yetirməyə çağıraraq, aztəminatlı ailələrin övladlarının ali təhsilə çıxış imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

“İstedadlı və çalışqan gənclərin taleyi ailələrinin maddi vəziyyətindən asılı olmamalıdır. Təhsil hər kəs üçün əlçatan təmin edilməlidir”, – deyə siyasətçi fikrini yekunlaşdırıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*