ABŞ-dan dəhşətli etiraf, gizli silahla qorxunc təhdid: Yerə kosmosdan hücum etmək planı qurulurbackend

ABŞ-dan dəhşətli etiraf, gizli silahla qorxunc təhdid: Yerə kosmosdan hücum etmək planı qurulur

ABŞ və Türkiyənin təşəbbüsləri tamamilə fərqli məqsədlər daşısa da, ümumi şəkildə kosmik texnologiyaların strateji əhəmiyyətinin artmaqda olduğunu da əks etdirir… Belə ki, ABŞ öz qlobal hərbi üstünlüyünü qorumağa çalışır, Türkiyə isə elmi-texnoloji potensialını genişləndirərək, kosmik tədqiqatlarda da mövqeyini gücləndirmək istəyir…

KONKRET.az xəbər verir ki, dünya gücləri arasında qlobal hegemonluq uğrunda savaş artıq təhlükəli səviyyəyə gəlib. Belə ki, qlobal səviyyədə geopolitik qarşıdurma xarakteri daşıyan bu amansız rəqabət artıq tədricən kosmik məkana doğru genişlənməyə başlayıb. ABŞ-ın rəsmi dairələri bu ölkənin orbitdə yerləşdirilmiş dağıdıcı və məxfi hərbi silahlara malik olduğunu artıq etiraf ediblər. Eyni zamanda, Türkiyənin də ilk Ay missiyası üçün kosmik aparatın hazırlanmasını başa çatdırması, kosmosun həm strateji qarşıdurma, həm də elmi-texnoloji inkişaf baxımından, əhəmiyyətinin daha da artdığını göstərir. Bu proseslər isə kosmik texnologiyaların dövlətlərin təhlükəsizliyi, beynəlxalq nüfuzu və gələcək hərbi-strateji imkanları ilə bağlı önəmli faktora çevrilməkdə olduğunu növbəti dəfə təsdiqləyir.

ABŞ ordusu Yer orbitinə kosmik silah yerləşdirdiyini ilk dəfə təsdiqlədi

Məsələ ondadır ki, ABŞ Hərbi Hava Qüvvələrinin rəsmi təmsilçisi Troy Menk Merilend ştatında keçirilən Hərbi Hava və Kosmik Qüvvələr Assosiasiyasının konfransında ölkəsinin orbitdə yerləşdirilmiş və kosmik məkan üzərində nəzarətə təminat verən gizli silah sistemlərinə malik olduğunu bildirib. Onun sözlərinə görə, bu silah sistemləri ABŞ hərbi qüvvələrini potensial rəqiblərin hücumlarından qorumaq məqsədi daşıyır. Ancaq bununla belə, amerikalı hərbçi ABŞ-ın kosmik silahlarının texniki xüsusiyyətlərini, iş prinsipini və sınaqlardan keçirilib-keçirilmədiyini açıqlamağa qətiyyən həvəs göstərməyib.

Bəzı ehtimallara görə, amerikalı yüksəkrütbəli hərbçinin bu etirafında əsas məqsədlərindən biri məhz ABŞ-ın kosmik hərbi və qeyri-hərbi infrastrukturuna yönəlik mümkün hücumların qarşısını əvvəlcədən almaq və qarşıdurmaya cəhd göstərə biləcək qlobal rəqibləri bundan çəkindirməkdir. Üstəlik, ABŞ-ın bu addımı məhz Rusiyanın və Çinin kosmik hərbi imkanlarını genişləndirdiyi bir dövrə təsadüf edir. Belə ki, əksər dünya ölkələrinin müasir orduları peyk rabitəsindən, naviqasiya sistemlərindən, kəşfiyyat məlumatlarından və raket hücumları barədə erkən xəbərdarlıq imkanlarından geniş şəkildə istifadə edir. Ona görə də, kosmik peyklərin sıradan çıxarılması və yaxud onların fəaliyyətinə müdaxilə hərbi əməliyyatların nəticələrinə də ciddi təsir göstərə bilər.

Ancaq ABŞ-ın sahib olduğunu rəsmən etiraf etdiyi kosmik hərbi sistemlərin peykləri məhv edən silahlar, elektron müdaxilə vasitələri və yaxud da tamamilə başqa texnologiyalar olduğu hələlik məlum deyil. Halbuki, Ağ Evin məqsədyönlü şəkildə yaratdığı bu qeyri-müəyyənlik ABŞ-a öz kosmik hərbi imkanlarının təfərrüatlarını gizli saxlamağa şərait yaratsa da, digər dövlətlərin isə narahatlığını artıra bilər. Və bu baxımdan, ABŞ-ın açıqlaması kosmik məkanın hərbiləşdirilməsi ilə bağlı ziddiyyətli müzakirələri yenidən gündəmə gətirməyə başlayıb.

Rusiya və Çin kosmik silah hazırlayır” | Modern.az

Xüsusilə də, Çin kosmosun yalnız dinc məqsədlərlə istifadəsinin və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini israrla vurğulayır. Rəsmi Pekin qlobal silahlanma yarışına və kosmosun yeni savaş meydanına çevrilməsinə kəskin şəkildə qarşı çıxır. Eyni zamanda, Çin məhz Ağ Evi kosmosda ABŞ-ın hərbi gücünü artırmaqdan çəkinməyə və qlobal strateji sabitliyin qorunmasına töhfə verməyə çağırır.

Onu da qeyd etmək lazımdır ki, 1967-ci ildə qəbul edilmiş Kosmos Haqqında Müqavilə Yerin orbitində nüvə və digər kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edir. Ancaq adi silahların kosmosda istifadəsi və yeni hərbi texnologiyaların tətbiqi ilə bağlı bütün məsələlər beynəlxalq hüquqda tam tənzimlənməyib. Və bu hüquqi boşluqlar texnoloji inkişafa paralel olaraq, əlavə qlobal təhlükəsizlik problemləri də yaradır.

Məsələ ondadır ki, kosmik məkanda istənilən silahlı qarşıdurma yalnız rəqib dövlətlərə deyil, həm də bütün dünyaya böyük zərər vura bilər. Belə ki, kosmik peyklərin məhv edilməsi nəticəsində yarana biləcək kosmik tullantılar digər dinc məqsədlərlə istifadə olunan kosmik aparatları da təhlükə altında buraxar, rabitə, naviqasiya və meteoroloji xidmətlərin fəaliyyətini də pozar. Ona görə də, kosmik təhlükəsizlik problemi beynəlxalq əməkdaşlıq məcburiyyəti yaradan ən önəmli məsələlərdən biri olaraq qalmaqdadır.

Maraqlıdır ki, kosmos uğrunda rəqabətin digər istiqamətində Türkiyə də son illərdə önəmli elimi-texnoloji layihənin reallaşdırılmasına ciddi şəkildə hazırlaşır. Belə ki, Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) UZAY İnstitutu tərəfindən hazırlanan ilk Ay kosmik aparatının istehsalı və inteqrasiyası artıq başa çatdırılıb. Təxminən 3,5 ton çəkisi olan bu kosmik aparatın yerli istehsal payı 80 faizdən çoxdur və hazırda onun sınaqlara hazırlanması istiqamətində yekun işlər aparılır. Və rəsmi Ankaranın Ay missiyanı 2027-ci ildə həyata keçirilməyi planlaşdırdığı bildirilir.

Türkiyə özünün elmi kosmik proqramına start verdi – Şafaqna Azərbaycanca

Eyni zamanda, Türkiyənin Milli Kosmik Proqramının önəmli tərkib hissəsi olan bu layihə ölkənin kosmik texnologiyalarda xarici asılılığını azaltmaq və milli mühəndislik imkanlarını daha da genişləndirmək məqsədi daşıyır. Kosmik aparatın hazırlanması zamanı peyk layihələrində qazanılmış təcrübədən də istifadə edilməsi, Türkiyənin daha mürəkkəb kosmik missiyalara keçidini ciddi şəkildə sürətləndirə bilər. Mövcud planlaşdırmaya əsasən, bu kosmik aparat təxminən iki aylıq uçuşdan sonra Ay səthindən 100 kilometr yüksəklikdə dairəvi qütb orbitinə çıxmalıdır. Və onun burada ən azı üç ay fəaliyyət göstərməsi, zərurət yarandıqda isə Ay missiyasının müddətinin 18 aya qədər uzadılması da nəzərdə tutulur.

Göründüyü kimi, ABŞ və Türkiyənin təşəbbüsləri tamamilə fərqli məqsədlər daşısa da, ümumi şəkildə kosmik texnologiyaların strateji əhəmiyyətinin artmaqda olduğunu da əks etdirir. Belə ki, ABŞ qlobal məkanda öz hərbi üstünlüyünü qorumağa çalışır. Rəsmi Ankara isə elmi və texnoloji potensialını genişləndirərək, Türkiyənin kosmik tədqiqatlarda mövqeyini mümkün qədər gücləndirmək istəyir.

Belə anlaşılır ki, yaxın gələcəkdə kosmos həm hərbi rəqabətin, həm də elmi tərəqqinin əsas istiqamətlərindən biri olacaq. Ancaq bu prosesin nəticələri dövlətlərin yeni imkanlardan necə istifadə etməsindən də birbaşa asılıdır. Çünki qarşılıqlı etimadın zəifləməsi orbitdə silahlanma yarışını daha da sürətləndirə, beynəlxalq əməkdaşlıq isə kosmosun dinc məqsədlərlə istifadəsinə yeni imkanlar yarada bilər. Bu baxımdan, kosmos uğrunda amansız mübarizənin əsas problemlərındən biri də yalnız texnoloji üstünlük əldə etmək deyil, həm də təhlükəsizliklə elmi inkişaf arasında tarazlığı qorumaq olacaq.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*