Avqustun 28-də ilin ikinci Ay tutulması baş verəcək. Azərbaycanda tutulmanın 32 dəqiqə ərzində müşahidə ediləcəyi bildirilir.
Ay tutulmasının Yer kürəsinə hansı təsirləri ola bilər? Avqust ayında meteor yağışı, Günəş tutulması, Ay tutulması, planetlərin sıra ilə düzülməsi kimi astronomik hadisələrin ard-arda baş verməsinin səbəbi nədir?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, Günəş və Ay tutulması, eləcə də planetlərin müəyyən düzülüşdə olması ilə müxtəlif təbii hadisələr arasında əlaqənin olduğu deyilir:
“Amma bunun demək olar ki, elmi sübutu yoxdur. Məsələn, Türkiyədə baş vermiş zəlzələdən əvvəl Günəş tutulması olmuşdu və bəzən belə hadisələri sonradan zəlzələ və digər təbii fəlakətlərlə əlaqələndirirlər. Bunlar, əksər hallarda, mifoloji yanaşmalardır və insanlarda müəyyən qorxu yaratmağa xidmət edir. Əslində isə bunlar qalaktikada baş verən tamamilə normal təbiət hadisələridir. Biz onların yalnız bir qismini müşahidə edir və öyrənirik. Halbuki bizim bilmədiyimiz, müşahidə edə bilmədiyimiz çoxlu proseslər də baş verir”.
Ekoloq bildirib ki, illərdir Ay tutulmalarını müşahidə edirik:
“Bu müddətdə zəlzələlər də olub, vulkanlar da püskürüb. Amma bu, onların bir-biri ilə əlaqəli olduğunu deməyə əsas vermir. Ay tutulması qorxulu hadisə deyil. Ayın Yer kürəsinin kölgəsinə düşməsi nəticəsində onun görünüşü dəyişir. Bunun hansısa böyük fəlakətə səbəb olacağını düşünmək üçün əsas yoxdur”.
Meteor yağışlarına gəldikdə isə, ekoloq qeyd edib ki, meteorlar daim Yer atmosferinə daxil olur:
“Onların əksəriyyəti atmosferə daxil olarkən yanır və kiçilir. Bəzən isə müəyyən ölçüdə meteorit parçaları Yer səthinə çatır. Böyük ölçülü asteroid və meteoritlər Yer kürəsinə yaxınlaşdıqda alimlər tərəfindən müşahidə olunur. Xüsusilə NASA və digər kosmik agentliklər belə obyektləri izləyirlər. Böyük bir asteroidin Yerə çarpması ciddi təhlükə yarada bilər. Hətta əvvəlki illərdə belə obyektlərin trayektoriyasını dəyişdirmək və ya zərərsizləşdirmək üçün müxtəlif elmi və texniki layihələr də müzakirə olunub. Hər meteorun Yerə düşməsini böyük təhlükə kimi qəbul etmək də düzgün deyil”.
Q.İbrahimli vurğulayıb ki, ayın 28-də gözlənilən Ay tutulması ilə bağlı da ciddi narahatlıq yaradacaq hər hansı əsas görmür:
“Bu, normal astronomik hadisədir və onun ardınca hansısa təbii fəlakətin baş verəcəyini düşünmək üçün elmi əsas yoxdur. Yəni təbii fəlakətlərin Ay tutulması ilə hər hansı əlaqəsi yoxdur, ona görə də narahat olmağa dəyməz. Ay tutulması ilə bağlı xalq arasında müxtəlif mifoloji inanclar və adətlər də mövcud olub. Məsələn, bəzi yerlərdə Ay tutulanda mis qabları bir-birinə vurarmışlar ki, guya bununla Ayın qarşısı açılsın, fəlakət aradan qalxsın və dünya bəladan xilas olsun. Bunların hamısı xalq arasında formalaşmış əfsanə və inanclardır, elmi əsası yoxdur”.
