1816-cı ildə Böyük Britaniyada sənaye inqilabı sürətlə davam edirdi. Lakin fabriklərin sexləri barıt anbarlarını xatırladırdı. Ceyms Uattın buxar maşınları ölkənin hər yerində dəzgahları hərəkətə gətirir, bunun üçün getdikcə daha yüksək təzyiqli buxar tələb olunurdu. Metallurgiya sənayesi isə istehsalçıların artan tələbatına cavab verməkdə çətinlik çəkirdi. Pərçimlənmiş çuqun qazanlar qorxunc müntəzəmliklə partlayırdı. Qaynar su və çuqun qəlpələri hər həftə onlarla fəhləni yaralayır, fabrik sahibləri isə bu faciələri tərəqqinin qaçılmaz bədəli kimi təqdim edirdilər.
Yerli keşiş Robert Stirlinq şaxtalarda və fabriklərdə baş verən növbəti partlayışlardan sonra ölənlərin dəfn mərasimlərini keçirməkdən bezmişdi. Gəncliyindən dəqiq mexanikaya maraq göstərən bu din xadimi həm də qeyri-adi mühəndislik təfəkkürünə malik idi. O, sadə, lakin mühüm bir sual üzərində düşündü: əgər işi adi qızdırılmış hava görə bilirsə, nə üçün suyu partlayış təhlükəsi yaradan buxara çevirmək lazımdır?
1816-cı ilin payızında Robert Stirlinq öz konstruksiyasına əsaslanan istilik mühərriki üçün patent aldı. Onun ixtirasında qaz hermetik silindrin daxilində yerləşir və qapalı dövrə üzrə hərəkət edirdi. Alov silindrin xaricində yanır, istilik mübadiləsi sisteminin bir hissəsini qızdırır, digər hissə isə soyuq qalırdı. Xüsusi yerdəyişdirici porşen havanı isti və soyuq zonalar arasında hərəkət etdirirdi. Qızan qaz genişlənərək işçi porşeni hərəkətə gətirir, sonra soyuyub sıxılır və dövr yenidən başlayırdı.
Şotlandiyalı ixtiraçının ən mühüm nailiyyəti sonradan regenerator adlandırılan istilik bərpaedicisi oldu. Metal məftillərdən hazırlanmış tor isti qazın istiliyini özündə saxlayır, qaz əks istiqamətdə hərəkət edərkən həmin istiliyi ona qaytarırdı. Beləliklə, istilikdən istifadə səmərəliliyi artırdı. Ən vacibi isə sistemdə suyu yüksək təzyiqli buxara çevirmək tələb olunmurdu. İstilik mənbəyi mühərrikin xaricində yerləşdiyindən yanacaq birbaşa işçi qazla təmas etmirdi.
Daxiliyanma mühərrikləri yayıldıqca Stirlinqin ixtirası uzun müddət diqqətdən kənarda qaldı. Avtomobillər sürətlə sürətlənməli, mühərriklər isə yükün dəyişməsinə çevik reaksiya verməli idi. Xarici yanma ilə işləyən Stirlinq mühərrikinin qızması və soyuması üçün daha çox vaxt tələb olunurdu.

Lakin təxminən iki əsr əvvəl yaradılmış bu ideya sonradan hərbi mühəndislərin diqqətini yenidən cəlb etdi. Bu dəfə söhbət avtomobillərdən deyil, sualtı qayıqların mümkün qədər səssiz hərəkət etməsindən gedirdi.
1996-cı ildə İsveç Hərbi Dəniz Qüvvələrinin silahlanmasına Stirlinq mühərrikləri ilə təchiz olunmuş “Qotland” (Gotland) sinfinə aid sualtı qayıq daxil edildi. İsveçin Kockums şirkətinin hazırladığı bu sistem dizel yanacağından və maye oksigendən istifadə edərək qapalı dövrədə enerji istehsal etməyə imkan verirdi.
Ənənəvi dizel-elektrik sualtı qayıqları suyun altında hərəkət edərkən müəyyən müddətdən sonra batareyalarını doldurmaq üçün səthə qalxmalı və ya şnorkel vasitəsilə atmosfer havası qəbul etməlidirlər. Stirlinq mühərriki isə suyun altında, atmosferlə birbaşa hava mübadiləsi aparmadan işləyə bilir. Bu, sualtı qayığın su altında qalma müddətini artırır və onun aşkarlanma ehtimalını azaldır.
Stirling mühərrikinin əsas üstünlüklərindən biri də iş prosesinin nisbətən hamar olmasıdır. Düzgün layihələndirilmiş sistemdə vibrasiya və mexaniki səs-küy azaldıla bilər. Sualtı qayıq üçün bu xüsusiyyət son dərəcə vacibdir: hidroakustik sistemlərin fəaliyyət göstərdiyi mühitdə ən kiçik səs belə mövqenin aşkarlanmasına səbəb ola bilər.
2005-ci ildə İsveçin “Qotland” sualtı qayığı ABŞ Hərbi Dəniz Qüvvələri ilə keçirilən təlimlər zamanı diqqətçəkən nəticə göstərdi. ABŞ-ın “USS Ronald Reagan” aviadaşıyıcısının da iştirak etdiyi təlimlərdə İsveç sualtı qayığı müdafiə qüvvələrinin aşkarlama imkanlarını sınağa çəkdi. Təlim ssenarisində o, aviadaşıyıcıya yaxınlaşmağa və şərti torpedo hücumu həyata keçirməyə nail oldu.
Bu hadisə sualtı müharibə sahəsində mühüm bir həqiqəti bir daha nümayiş etdirdi: ən müasir radar və hidroakustik sistemlərə malik donanma belə, aşağı səs səviyyəsi ilə hərəkət edən sualtı qayığı aşkar etməkdə çətinlik çəkə bilər. Bununla belə, “Qotland”ın ABŞ aviadaşıyıcısına yaxınlaşması ilə bağlı yayılan hekayələrdəki bəzi təfərrüatlar şişirdilə bilər. Təlimin nəticələri sualtı qayığın tamamilə səssiz olduğunu deyil, onun aşkarlanmasının nə qədər çətinləşə bildiyini göstərirdi.
Hazırladı: Natiq Səlim,
KONKRET.az
